Mayın 24-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb.
Qonağı səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulamışdır.
Kamran Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirmişlər. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsi iki ölkə arasında sıx bağların olmasının təzahürüdür.
Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə öz təşəkkürünü bildirən Cahit Bağçı ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik etmiş, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləmişdir.
Səfir ölkələrimiz arasında tarixən mövcud olan qardaşlıq münasibətlərinin iki ölkə rəhbərinin apardıqları uğurlu siyasət nəticəsində bu gün ən yüksək pilləyə qalxdığını, bu əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.
Sonda Kamran Əliyev qonağa yeni fəaliyyətə başlaması ilə əlaqədar uğurlar arzu edərək, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyi ifadə etmişdir.
Görüşdə həmçinin, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın zamanda ölkəmizə edəcəyi səfərlə əlaqədar müzakirələr aparılmışdır.