NETANYAHU: MÜHARİBƏ QƏZZADA BİTƏCƏK
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada müharibənin başlanğıcı və sonunun eyni məkanda olacağını bəyan edib. Onun sözlərinə görə, məqsəd girovların azad olunması və Qəzzanın İsrail üçün daha təhlükə yaratmamasıdır.
Netanyahu deyib ki, İsrail ordusu yaxın günlərdə Qəzza şəhərinə qarşı genişmiqyaslı əməliyyata hazırlaşır.
Bu arada İsraildə etirazçılar girovların azad olunması tələbi ilə yolları bağlayıb, hökumətdən atəşkəs istəyiblər. Qəzzada isə mülki əhali məcburi köç, dağıntılar və aclıq fonunda əməliyyatların intensivləşməsini gözləyir.
ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff bildirib ki, razılaşma var və bu sənəd ən azı 10 girovun azad edilməsini nəzərdə tutur. Onun sözlərinə görə, HƏMAS əvvəlcə prosesi ləngidib, indi isə təklifi qəbul etməyə hazır olduğunu bildirir.
Xatırladaq ki, 2023-cü ilin 7 oktyabr hücumlarında HƏMAS 251 nəfəri girov götürmüş, onlardan çoxu daha sonra atəşkəs dövrlərində azad edilmişdi. Hazırda 50 girov hələ də Qəzzada saxlanılır, İsrail rəsmiləri onların təxminən 20-nin sağ olduğunu düşünür.