Şamaxıda şəhid ailəsinə qayğı: Göylər kəndində şəhid qapısına asfalt çəkildi
Şəhidlərimizin xatirəsinə və ailələrinə göstərilən dövlət qayğısı davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən “19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin əməkdaşları Şamaxı rayonunun Göylər kəndində şəhid Səfərov Sərdarın ailəsinin yaşadığı evin qarşısına asfalt örtüyü çəkiblər.
Şəhidin atası Ələddin Səfərov AzadMedia.az-a açıqlamasında görülən işlərə görə dərin minnətdarlığını bildirib: “Şəhid qapısına asfalt çəkilib. Buna görə çox təşəkkür edirəm. Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı göstəriblər, sevgilərini üzərimizdən əsirgəməyiblər. Allah onların köməyi olsun. Eyni zamanda, AAYDA-nın sədri Saleh Məmmədova da minnətdaram ki, şəhid qapısına yol çəkildi.”
Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələri əsasında ölkənin müxtəlif bölgələrində infrastruktur layihələri həyata keçirilir. Bu istiqamətdə AAYDA-nın regional idarələri də fəal şəkildə çalışır. Şamaxıda görülən işlər həm kənd yollarının yaxşılaşdırılmasına, həm də şəhid ailələrinə dövlətin diqqət və qayğısının bir daha nümayiş olunmasına xidmət edir.
“19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçi heyəti yol infrastrukturunun yenilənməsi üzrə fəaliyyətini bundan sonra da davam etdirəcək.