Bakı, 14 sentyabr — Azadmedia.az
Bəzən bir həftə bir ömür qədər iz buraxa bilər insan yaddaşında… Sentyabrın 8-dən 13-dək “Təhsil” istirahət mərkəzində tələbələrin yay tətilini səmərəli və mənalı keçirmələri məqsədilə təşkil olunmuş düşərgə bizə unudulmaz anlar, yeni dostluqlar və dəyərli təcrübələr bəxş etdi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən bu layihə, əslində, sadəcə bir düşərgə deyildi – bu, gəncliyin bir araya gəldiyi, öyrəndiyi, düşündüyü və böyüdüyü bir məktəb idi. ETİHİ-nin təşəbbüsü ilə təşkil olunan bu möhtəşəm layihə gənclərin dünyasına işıq saldı, tətil günlərini sadəcə istirahətə deyil, həm də mənəvi zənginliyə, dostluğa və birliyə çevirdi.
Masallı Peşə Məktəbi olaraq bir qrup tələbə ilə biz də bu möhtəşəm təşəbbüsə qoşulduq. Düşərgədə 800-ə yaxın tələbə üçün yaradılan yüksək səviyyəli şərait, gündəlik qidalanma və istirahət imkanları təşkilatçıların bu layihəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Düşərgənin proqramı isə zənginliyi və dərin məzmunu ilə seçilirdi: milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzusunda çıxışlar, diskussiya panelləri, elmi müzakirələr, müxtəlif sahələr üzrə maarifləndirici təlimlər, seminarlar, idman və əyləncə fəaliyyətləri hər bir iştirakçının maraq dairəsini əhatə edirdi.
Təhsil istirahət mərkəzinin akt zalında baş tutan tədbirlər isə düşərgənin ən yaddaqalan məqamlarından oldu. Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynovla keçirilən görüş zamanı onun həyat yolu, qəhrəmanlıq dolu döyüş xatirələri hər birimizin qəlbində dərin iz buraxdı. Ardınca nümayiş olunan “Şuşa, sən azadsan” filmi bizi bu torpaqlar uğrunda verilən mübarizənin ruhuna bir daha yaxınlaşdırdı.
Düşərgənin daha bir dəyərli qonağı isə Azərbaycanın görkəmli yazıçısı, akademik, Xalq yazıçısı Kamal Abdulla oldu. Onunla keçirilən görüş ədəbiyyatın cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlər, elm və yaradıcılıq yolunun sınaqları haqqında dərin və səmimi bir söhbət şəklində keçdi. Onun fikirləri və təcrübəyə söykənən tövsiyələri biz tələbələr üçün ruhlandırıcı və düşündürücü idi.
Bir həftə ərzində müxtəlif ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri ilə tanış olduq, birgə fəaliyyət üçün ideyalar formalaşdırdıq, ortaq maraqlar və gələcək əməkdaşlıq istiqamətində planlar qurduq. Bu düşərgə bizə yalnız bilik deyil, həm də dostluq, əməkdaşlıq və ünsiyyət mədəniyyəti qazandırdı.
Düşünürük ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin bu təşəbbüsü bu günədək həyata keçirilmiş layihələr arasında həm miqyası, həm də məzmunu ilə seçilərək nümunə ola biləcək bir tədbirdir.
Bu dəyərli təşəbbüsə və unudulmaz anlara görə təşkilatçılara - Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və bu prosesdə əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.




Mirələm Həşimov
Masallı Peşə Məktəbi