AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT sədri Humanitar Forumda ölkəmizi təmsil edib - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 17:02

    QHT sədri Humanitar Forumda ölkəmizi təmsil edib - FOTOLAR


    MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən 17-20 sentyabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Başkortostan Respublikasının Ufa şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin yaradıcı və elmi ziyalılarının 17-ci Forumu keçirilib. Forumun əsas mövzusu “Müstəqil Dövlətlər Birliyi: ümumi dəyərlər və çoxmədəniyyətlilik” olub.

    QHT.az xəbər verir ki, Forumda MDB ölkələrindən gələn ziyalılar, elmi araşdırmaçılar, yaradıcı sənətkarlar, həmçinin müxtəlif dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbir çərçivəsində Birlik ölkələrinin mədəni müxtəlifliyini qorumaq, ümumi dəyərləri inkişaf etdirmək, xalqlar arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirmək kimi mövzular ətrafında müzakirələr aparılıb.

    Azərbaycanı bu nüfuzlu forumda AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Teatrlar, Mədəniyyət sahəsində çalışan QHT-lər, Mədəniyyət sahəsində çalışan yaradıcı və elm adamları təmsil ediblər. İnklüzivlik baxımından Azərbaycanı bu nüfuzlu forumda Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov təmsil etmişdir. Aydın Xəlilov forumun “MDB ölkələrində inklüziv mədəniyyət” adlı dəyirmi masasının həmmoderatoru olmuşdur. Bu dəyirmi masada MDB ölkələrində inklüziv mədəniyyətin inkişaf etdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların mədəniyyət sahəsində bərabərhüquqlu iştirakının təmin edilməsi kimi aktual məsələlər müzakirə olunub.

    Aydın Xəlilov çıxışında qeyd edib ki, inklüziv mədəniyyət yalnız əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası demək deyil, bu, həm də onların potensiallarının tam şəkildə reallaşdırılmasına şərait yaradılmasını nəzərdə tutur. O, inklüzivliyin hər bir ölkənin mədəni və sosial inkişafına böyük töhfə verdiyini vurğulamış, bu istiqamətdə MDB ölkələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyini qeyd edib.

    Dəyirmi masa çərçivəsində iştirakçılar MDB ölkələrində inklüziv mədəniyyətin vəziyyəti, mövcud problemlər və həll yolları, bu sahədə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar. MDB ölkələrində əlilliyi olan şəxslərin mədəniyyət sahəsində daha fəal iştirakı üçün yaradılan şərait, onların yaradıcılıq potensialının üzə çıxarılması və inklüziv mədəniyyətin gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub.

    Forumun yekununda iştirakçılar inklüziv mədəniyyətin inkişafına yönəlmiş tövsiyələr irəli sürmüş və bu sahədə gələcək əməkdaşlığın gücləndirilməsi üçün birgə fəaliyyət planının hazırlanması təklifi ilə çıxış ediblər.

    Bu Forum MDB ölkələrində ümumi dəyərlərin və çoxmədəniyyətliliyin təşviq edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilmiş və inklüzivliyin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bir platforma olub.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR