AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngilanın işğaldan azad edilməsi qürur hissi ilə xatırlanır

  • + A
  • - A
  • 21-10-2024, 08:19

    Zəngilanın işğaldan azad edilməsi qürur hissi ilə xatırlanır

    Nizami Səfərov,
    Azərbaycan respublikası Milli Məclisin deputatı


    44-günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbənin uğurlu nəticələri sırasında Zəngilanın işğaldan azad edilməsi xüsusi yeri tutur.
    Böyük önəm daşıyan bu hadisənin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir.
    1993-cü il oktyabr ayının 29-da 67 gün tam mühasirə şəraitində erməni silahlı qüvvələri ilə qəhrəmancasına döyüşən və 235 nəfər şəhid verən Zəngilan işğal edilsə də, xalqımız heç vaxt bu faktla barışa bilməzdi.
    İkinci Qarabağ müharibəsinin gedişində Cəbrayıl rayonunda düşmənə ağır zərbələrin endirilməsi və 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına imkan yaratdı. Silahlı qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilanın düşməndən azad olunması istiqamətində əməliyyatlara başlayaraq, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərini işğaldan azad etdi. Ümumiyyətlə isə Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kənd işğaldan azad olundu. De fakto və de jure Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 12 noyabr 1993-cü il tarixində qəbul edilən qətnaməni döyüş meydanında icra etdi. Eyni zamanda, böyük uğurla həyata keçirilən əməliyyat nəticəsində 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edildi. Hərbi əməliyyatlarda şəxsi igidlik və şücaət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilən “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
    Hazırda Zəngilanda böyük bərpa-quruculuq işləri həyata keçirilir, yeni-yeni layihələr üzərində gərgin işlər aparılır. Məlum olduğu kimi, Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə də Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilərək, 200 evdən ibarət gözəl kənd salınmışdır. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinlərinin öz doğma torpaqlarında məskunlaşması sübüt edir ki, buradakı ərazilərdə həyat qısa müddətdə öz əvvəlki məcrasına qayıdacaq .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR