Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Bakı beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya yenidən nümayiş etdirəcək.Azadmedia.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov COP29 tədbirinə dair görülən işlər barədə brifinqdə çıxışı zamanı bildirib.
Belə miqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən icraçı direktor bildirib ki, TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, öz növbəsində COP29 tədbiri günlərində zəruri tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib. Onun sözlərinə görə bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışıblar:
"Belə miqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşür. TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, öz növbəsində COP29 tədbiri günlərində zəruri tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün üzərinə düşən öhdəlikləri lazımi səviyyədə təşkil edib. Qeyd etməliyəm ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışmışıq". COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və tibb müəssisələri zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub.
Yanıq xəsarətləri üzrə ehtimalları nəzərə alaraq keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb.
Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.
COP29 tədbirinin keçirildiyi müddət ərzində fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib.
Həmçinin COP29 tədbiri dönəmində hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.