Layihə 3 ay müddətində 5 müxtəlif ali təhsil müəssisəsində maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır.
İlk təlim 20 nömrəli tam orta məktəbdə baş tutdu. Tədbiri məktəbin direktoru Esmira xanım açaraq qonaqları salamladı və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin və yeniyetmələrin gələcəyi üçün əhəmiyyətini vurğuladı.
Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsədini, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və gözlənilən nəticələr barədə məlumat verdi. O, bu layihənin gənclərin sağlam həyat tərzinin təşviq edilməsinə və narkotiklərdən uzaq durmalarına dəstək olduğunu qeyd etdi.
Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Əməliyyat Müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış edərək hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində gördüyü işləri və bu istiqamətdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.
Daha sonra söz: Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev layihənin cəmiyyətin maarifləndirilməsi və narkotiklərə qarşı mübarizə istiqamətində verdiyi töhfələrdən danışdı. O, dövlətin narkotik vasitələrin yayılmasına qarşı gördüyü qabaqlayıcı tədbirləri, qanunvericilikdə edilən dəyişiklikləri və bu sahədə həyata keçirilən müsbət addımları qeyd etdi.
Daha sonra söz: Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Günay Əliyeva çıxışında narkotik asılılığının fərdlər, ailələr və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışdı. O, narkotiklərdən asılı şəxslərin reabilitasiyası və onların yenidən cəmiyyətə qazandırılması istiqamətində Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.
Tədbirin növbəti çıxışı layihənin təlimçisi Büllur xanım oldu. O, layihənin maarifləndirmə işlərində və gənclərin məlumatlılığının artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, həmçinin narkotiklərdən uzaq durmağın yolları və gənclərin sağlam seçimlər etməsi üçün atılmalı olan addımlar haqqında fikirlərini bölüşdü.
Tədbirin sonunda iştirakçı gənclər tərəfindən verilən çoxsaylı suallar qonaqlar və təlimçi tərəfindən cavablandırıldı.
Tədbir, iştirakçıların birgə xatirə fotosu çəkdirməsi ilə yekunlaşdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.