Xanlar Fətiyev,
Milli Məclisin deputatıBu gün Azərbaycanın ən böyük nailiyyətlərindən biri bütün dünyada böyük ehtiramla qarşılanan dövlət olmasıdır. Bunun da səbəbləri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müdrik rəhbərliyinin nəticəsi olaraq respublikamızın inkişafı və qarşısında dayanan strateji məqsədlərə çatmasıdır. Təsadüfi deyil ki, artıq bütün dünya Azərbaycanı Cənubi Qafqazın lideri, etibarlı tərəfdaş və torpaqlarını işğaldan azad etmiş qalib dövlət kimi tanıyır.
Əlbəttə, bütün bunlar barədə danışarkən xalqımızın Ulu Öndəri Heydər Əliyevin dövlətimiz qarşısındakı tarixi xidmətlərini də böyük minnətdarlıqla xatırlayırıq. Heydər Əliyev Azərbaycanın müstəqilliyini xilas etdi, respublikamızın parçalanmasının, dövlətçiliyimizin itirilməsinin qarşısını qarşısını aldı. Məhz Heydər Əliyevin sayəsində dövlətçiliyimizin etibarlı təməlləri yaradıldı, hüquqi dövlət quruculuğu həyata keçirildi, xalqımızın milli həmrəyliyi təmin olundu. Azərbaycanın azad bazar prinsipləri əsasında sosial-iqtisadi inkişafının əsaslarını da Heydər Əliyev müəyyən etdi, uğurlu neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ulu Öndərin müdrik siyasəti həm də respublikamızın beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirdi, Azərbaycan dünya birliyinin etimad göstərilən üzvünə çevrildi.
Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də özünün güclü siyasi varisini yetişdirməsidir. 2003-cü ildə keçirilən prezident seçkilərindən bir neçə gün əvvəl xalqa müraciət edən Heydər Əliyev demişdi: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm».
Həmin vaxt keçirilən seçkilərdə xalqımız cənab İlham Əliyevə ilk dəfə ümumilli etimad göstərməklə Heydər Əliyev siyasi kursunun, Ulu Öndərin ideyalarının davam etdirilməsinə səs verdi. Azərbaycanın 2003-cü ildən sonra keçdiyi yol isə Ulu Öndər Heydər Əliyevin olduqca müdrik və uzaqgörən dövlət xadimi olduğunu təsdiq edir. Çünki bu dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətlərin miqyası olduqca möhtəşəm və qürurvericidir.
Bu dövrün ən böyük strateji uğurlarından biri Azərbaycanın enerji siyasətinin öz məqsədlərinə çatmasıdır. Bu istiqamətdə Heydər Əliyevin müəyyən etdiyi strategiyanı qətiyyətlə reallaşdıran Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasını təmin etdi. Cənab Prezident bu kəmərlərin çəkilişinə qarşı çıxan erməni lobbisinin bütün maneələrini qətiyyətlə dəf etdi.
Bir neçə il əvvəl isə Azərbaycandan Avropaya qədər uzanan «Cənub Qaz Dəhlizi»nin çəkilişi başa çatdı. Bu enerji dəhlizinin inşa olunması birbaşa cənab İlham Əliyevin qətiyyətinin, Azərbaycan dövlətinin müstəqil siyasətinin nəticəsidir. Son illərdə Avropada baş verən iqtisadi problemlər, o cümlədən Ukraynada baş verənlər Prezident İlham Əliyevin nə qədər müdrik siyasi lider olduğunu göstərir. Çünki bu gün Avropanın bir sıra ölkələri məhz Azərbaycandan idxal etdiklə təbii qazla ehtiyaclarını təmin edirlər.
Cənab İlham Əliyevin prezidentliyinin uğurlu göstəricilərindən biri də Azərbaycanın qlobal nəqliyyat dəhlizlərinin aparıcı seqmentinə çevrilməsidir. Bu sahədə qlobal tendensiyaları düzgün qiymətləndirən Prezident İlham Əliyevin vaxtında həyata keçirdiyi tədbirlərlə Şimal-Cənub və Şərq-Qərb marşrutları üzrə ən operativ və etibarlı nəqliyyat yolları məhz Azərbaycandan keçir. Təsadüfi deyil ki, Çin dövləti ölkəmizdən keçən Orta Dəhlizə böyük maraq göstərir və bununla bağlı Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.
Bütün bunlar nəticə etibarilə iqtisadi və sosial inkişafı stimullaşdıran və sürətləndirən amillər kimi özünü göstərir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafı, qeyri-neft sektorunun yüksəlişi və əhalini sosial rifahının gücləndirilməsi respublikamızın mühüm nailiyyətləridir. 21 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfədən çox artıb. Artıq ötən ildən etibarən respubilkamızda istehsal edilən ümumi daxili məhsulun həcmi 100 milyard manatı ötüb. 2024-cü ilin nəticələrinə əsasən ÜDM istehsalının 121,3 milyard manata çatacağı proqnozlaşdırılır. Ən mühümü də odur ki, ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payı ildən ilə artır.
Ötən həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi təsdiq olundu. Büdcənin gəlirlərinin 38 milyard, xərclərinin isə 41 milyard manatı ötməsi ölkəmizin iqtisadi inkişafının nəticəsidir. Gələn ilin büdcəsi Azərbaycanın müstəqillik dövründə ən böyük büdcəsidir. Xatırladım ki, 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat həcmində idi. Bu gün büdcəmizin gəlirlərində 32 dəfəyə yaxın artımın baş verməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və düşünülmüş iqtisadi siyasətin, enerji strategiyanın nəticəsidir.
Cənab Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı ən möhtəşəm nailiyyət əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyev Qarabağ məsələsində, ərazilərimizin işğaldan azad olunması ilə bağlı danışıqlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi kursun davamı olaraq ilk gündən prinsipial və qətiyyətli siyasət yürütdü. Dövlətimizin başçısı hər zaman bəyan etdi ki, Qarabağda ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək və əgər sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad edəcək. Bunun üçün Prezident İlham Əliyev ordumuzun daha da gücləndirilməsini, döyüş qabiliyyətinin modernləşməsini xüsusi diqqət mərkəzində saxladı. Hər il dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayrıldı.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövlətimizin başçısının qətiyyətli və məqsədyönlü siyasətinin nəticəsi oldu. Güclənən Azərbaycan tarixi ədaləti döyüş yol ilə təmin etdi. İşğalçı Ermənistan döyüş meydanında məğlub edildi. Ötən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları ilə Qarabağda erməni separatizminə son qoyulması isə Vətən müharibəsindəki zəfərin məntiqi davamı oldu. Bununla da Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də bütün ərazilərimiz üzərində milli suverenliyimizi təmin etdi, lider qətiyyəti ilə böyük bir tarixi missiyanı layiqincə yerinə yetirdi. Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad etməklə, Heydər Əliyevin tarixi vəsiyyətini, ən böyük arzusunu yerinə yetirib.
Torpaqlarımızın azadlığına nail olan Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi növbəti tarixi missiya Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Ötən 4 ildə azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində böyük işlər görülüb, 9 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumiyyətlə isə azad edilmiş ərazilərin bərpası da Prezident İlham Əliyev qətiyyətli siyasətinin, quruculuq əzminin nəticəsi olaraq uğurla reallaşır.
Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasi kursunun nəticəsi olaraq bu gün Azərbaycan özünün müasir dövlətçilik tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır. Bu il ərzində Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar, sərhədlərin delimitasiyasının həyata keçirilməsi, Qazaxın 4 kəndinin işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı özünün müdrik siyasi diplomatiyası ilə hər bir məsələdə respublikamızın milli maraqlarını layiqincə qoruyur.
Azərbaycanın sürətli inkişafı və nailiyyətləri respublikamızı qlobal müstəvidə həm də nüfuzlu, əvvəldə qeyd etdiyim kimi ehtiram göstərilən dövlətə çevirib. Bu gün ölkəmizə etimad göstərir, etibarlı tərəfdaş kimi qəbul edirlər. Prezident İlham Əliyev isə dünyanın ən nüfuzlu siyasi liderlərindəndir. Noyabr ayında Bakıda keçirilən COP 29 və bir neçə gün əvvəl Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına qəbul edilməsi də ölkəmizə olan qlobal ehtiramın və Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun növbəti təsdiqi oldu.
Azərbaycanın yüksəlişi göstərir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun alternativi yoxdur. Ona görə 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində xalqımız cənab İlham Əliyevə səs verərək, onu yenidən Prezident seçib. Çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi inkişaf edən və qüdrətli Azərbaycan deməkdir.