"Azərbaycanın xarici siyasətinin əsasında dostluq münasibətlərinin qurulması, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi dayanır. Təəssüf ki, 4 ildir bu təşəbbüsü bəzi ölkələrdən görmürük. Xüsusilə bəzi qonşu dövlətlərdən".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycanın və dövlət başçımız haqqında səsləndirdiyi səsləndirdiyi sərsəm fikirlər və təhqiramiz ifadələr hər bir vətəndaşımızda bu ölkəyə qarşı olan güvəni yenidən sarsıtdı:
"İranın Ali rəhbərinin ölkəmizə qarşı və cənab prezident İlham Əliyevin ünvanına söylədiyi fikirlərə görə üzr istəməlidir. Görünən odur ki, İran daxilində hələ iki ölkə arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələr hələ də qalmaqdadır. Onlar müxtəlif sərsəm açıqlamalarla və təxribatlarla normallaşmaqda olan münasibətləri yenidən pozmağa çalışırlar. Azərbaycan İranla hər zaman dostluq əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Amma biz bu təşəbbüsü son 4 ildi ki, İran tərəfindən görə bilmirik. Düzdür, Seyid Həsən Amelinin səsləndirdiyi fikirləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təkzib etdi və səslənən ifadələrin onun şəxsi düşüncələri olduğunu bildirdi. Məncə bu yetərli deyil. Seyid Həsən Ameli iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirməyə səbəb olan sözlərinə İran hökuməti tərəfindən cəzalandırılmalı və Azərbaycan tərəfindən üzr istəməyə məcbur edilməlidir".
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi tək ərazi bütövlüyümüzü bərpa etmədi, son 4 ildə bizə dost kimi görünən düşmənlərimizi tanıtdı:
"Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bəzi dövlətlərin, təşkilatların Cənubi Qafqazla bağlı planlarını məhv etdi. Çünki onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu qoruyub saxlamaqla Azərbaycana təzyiq etməyə çalışırdılar. Cənab Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının səbrinin bitdiyini və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyimizi xəbərdarlığını vermişdi. Elə də oldu Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni öz gücünə icra etdi. Növbəti hədəfimiz sülh müqaviləsinin bağlanması və regionda daimi sülhün bərqərar olmasıdır. Əminəm ki Azərbaycan 2025-ci ildə buna nail olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.