AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir? - ARAŞDIRMA

  • + A
  • - A
  • Bu gün, 13:00

    Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir? - ARAŞDIRMA

    Milli Məclis konstitusiyaya uyğun olaraq sentyabrın 30-da payız sessiyasına başlayacaq.

    Müzakirəsi gözlənilən və ehtimal olunan qanun layihələrini araşdırıb.

    Sessiyanın iclasından əvvəl isə parlamentin Daxili Nizamnaməsinə əsasən, komitə iclaslarının keçirilməsi, payız sessiyasının iş planının formalaşdırılması üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

    Payız sessiyasında Milli Məclis və digər qanunvericilik təşəbbüsü hüququna malik qurumlar tərəfindən hazırlanmış, lakin parlamentin plenar iclaslarında müzakirə edilməyən qanun layihələrindən bəzilərinin artıq iş planına daxil olunması gözlənilir.

    Məsələn, ötən illərdə Milli Məclisin dəfələrlə iş planına daxil edilmiş "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi hələ də parlamentdə müzakirəyə çıxarılmayıb. Adıçəkilən layihə VII Çağırış parlamentin 2024-cü il üzrə payız, 2025-ci il üzrə isə yaz sessiyalarının iş planına da daxil edilmişdi. Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən hazırlanmış bu qanun layihəsinin 2025-ci il payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.

    Bir neçə il öncə hazırlanmış daha bir qanun layihəsi "Ali təhsil haqqında"dır. Sonuncu dəfə 2024-cü il yaz sessiyasının iş planına yenidən daxil edilən bu layihəni parlamentin Sosial qanunvericilik şöbəsi ərsəyə gətirib. Lakin qanun layihəsi plenar iclasa tövsiyə edilmədən müzakirəsi yarımçıq qalıb. Parlamentin ötən iki sessiyasında iş planına daxil edilməsə də, "Ali təhsil haqqında" qanun layihəsinin 2025-ci il payız sessiyasında yenidən gündəmə gələcəyi ehtimalı var.

    Növbəti, "Beynəlxalq müqavilələr haqqında" qanun layihəsinə gəlincə, 2024-cü ilin payız sessiyasının iş planına daxil olunmuş bu layihənin hazırlanması parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə həvalə edilmişdi. 2025-ci ilin yaz sessiyasında bu layihənin adı yenilənmiş formada - "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihəsi olaraq iş planına daxil edildi. Lakin bu qanun layihəsinin də müzakirəsi ötən sessiyada baş tutmadı. Parlamentin budəfəki payız sessiyasında qanun layihəsinin müzakirə ediləcəyi gözlənilir.

    2025-ci ilin yaz sessiyası dövründə Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması tapşırılmışdı. Əldə etdiyimiz məlumata görə, Məcəllənin layihəsinin hazırlanması artıq yekunlaşmaq üzrədir və 2025-ci ilin payız sessiyasının iş planına daxil edilməsi nəzərdə tutulur.

    Milli Məclisin İnsan hüquqları komitəsi isə 2025-ci ilin yaz sessiyasında yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsinin hazırlanacağını elan etmişdi. Layihənin komitənin həmin dövrdəki iş planına daxil olunduğu açıqlanmışdı. Ona görə, yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsinin də 2025-ci il payız sessiyasında müzakirəsi ehtimalı var.

    Qanunvericilik təşəbbüsü hüququna malik olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi də bu il gündəmdə olub. Layihənin payız sessiyasında Milli Məclisə təqdim olunması gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR