Bəyləqan Gənclər Mərkəzində baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin birinci müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, Nəzarət-Təftiş komissiyasının sədri Niyazi Quliyev, AVMVİB sədrinin müavini Akif Həsənov və AVMVİB-in Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov tədbirdə iştirak etdilər.
Çıxış edən natiqlər ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə vuruşan qəhrəmanların fədakarlığından danışaraq qeyd etdilər ki, müharibə veteranları və şəhid ailələrinin problemlərinin həlli dövlətimizin daim diqqət mərkəzindədir. Onlar vurğuladılar ki, bu cür tədbirlər bir tərəfdən maarifləndirici xarakter daşıyır, digər tərəfdən isə veteranların sosial müdafiəsinə və hüquqi biliklərinin artırılmasına dəstək göstərir.
Layihə rəhbəri Vahid Abdurəhmanov tədbir iştirakçılarına layihənin məqsədi barədə ətraflı məlumat verdi. O bildirdi ki, əsas məqsəd müharibə veteranlarının üzləşdikləri sosial və hüquqi problemlərin öyrənilməsi, onların həllinə dəstək göstərilməsi, ehtiyacı olanlara isə birbaşa hüquqi yardımın təşkil edilməsidir.
Sonda müharibə veteranlarını maraqlandıran suallar cavablandırıldı, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin həlli yolları müzakirə olundu. Qeyd edildi ki, AVMVİB bundan sonra da hər zaman müharibə veteranlarının yanında olacaqdır.
Tədbirin sonunda müharibə veteranları ilə birgə xatirə şəkli çəkildi.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.