D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin sonuncu tədbirini keçirib.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir 2025-ci il avqustun 22-də Quba rayonunda, Qızıl Qaya restoranının zalında baş tutub. Görüşdə əsasən Quba rayon bələdiyyə nümayəndələri olmaqla 21 nəfər iştirak edib.
Təlim cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva tərəfindən aparılıb. Layihənin ikinci mərhələsi əvvəlcə birinci mərhələnin qısa xülasəsi və iştirakçıların ev tapşırıqlarının təqdimatı ilə başlayıb. Təqdim edilən 4 layihə iştirakçılar tərəfindən müsbət qarşılanıb.
Daha sonra təlimçi Əntiqə Qurbanova iştirakçılara bir sıra mövzular üzrə geniş məlumat verib. O, sosial problemlərin həllinə əhalinin cəlb edilməsi, insan hüquqlarının, xüsusilə də qadın hüquqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması mövzularında çıxış edib. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olunub, həmçinin məişət zorakılığı qurbanlarına yardım yolları barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu zorakılığın qarşısının alınması, zərərçəkmişlərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün mühüm hüquqi baza yaradır.
Tədbirdə həmçinin kiçik qruplarda “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” mövzusu müzakirə olunub. İştirakçılar bələdiyyə, fond və yerli sahibkar qruplarına bölünərək birgə işləyib, təqdimatlar təqdim ediblər.
Sonda tədbir iştirakçıları üçün çay və şirniyyat süfrəsi təşkil olunub.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.