Hazırda institutun 18 hektar ərazini əhatə edən sınaq və seleksiya sahələrində yerli iqlim şəraitinə uyğunlaşdırılmış, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilən tezyetişən pambıq sortları – “Gəncə 160” və “Gəncə 183” sortlarının yığımına başlanılıb.
Pambıq yığımı prosesi institutun elmi nəzarəti altında, müasir elmi metod və yanaşmalar əsasında həyata keçirilir. Bu mərhələdə tədqiqat məqsədilə yığım yalnız əl ilə aparılır. Bu yanaşma sortların məhsuldarlıq göstəricilərinin daha dəqiq qiymətləndirilməsinə, eləcə də hər bir nümunənin ayrı-ayrılıqda təhlilinə imkan yaradır.
Qeyd olunan yerli pambıq sortları institutun alimləri və seleksiyaçıları tərəfindən uzunmüddətli elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılmış və ölkənin agroekoloji şəraitinə tam uyğunlaşdırılmışdır. Bu sortların əsas üstünlükləri – yüksək məhsuldarlıq, xəstəlik və zərərvericilərə qarşı davamlılıq, həmçinin yüksəkkeyfiyyətli lif istehsalı qabiliyyətidir.
Sözügedən təşəbbüs Azərbaycan pambıqçılıq sektorunun inkişaf etdirilməsi, yerli pambıq sortlarının istehsal həcminin artırılması və idxaldan asılılığın azaldılması məqsədilə həyata keçirilir. İnstitutun mütəxəssisləri yaxın gələcəkdə bu sortların geniş miqyasda tətbiqini və fermer təsərrüfatlarında istifadəsini təşviq etməyi planlaşdırırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.