Alumni Mentor/Məsləhətçi Mübadiləsi (Alumni MAX) Proqramı sentyabrda üç əhəmiyyətli tədbir təçkil edir. Bu tədbirlər Azərbaycan məzunlarını, tələbələri və müəllim heyətini təsir investisiyaları, dayanıqlı su idarəçiliyi və akademik innovasiya sahəsində ABŞ mütəxəssisləri ilə bir araya gətirir.
Tədbirin əsas məqamları
• Təsir İnvestisiyaları və onların ölçülməsi üzrə Təlimlər Seriyası
Vaşinqtondan dəvət olunmuş ekspert Alicia Sornson tərəfindən aparılan bu dörd günlük interaktiv proqram iştirakçılara təsir investisiyaları və onların ölçülməsi üzrə ABŞ təcrübələrini təqdim edir. İştirakçılar qlobal meyllər və çərçivələri öyrənməyə, maliyyə gəlirləri ilə sosial təsiri balanslaşdırmaq strategiyalarını araşdırmağa və öz ideyalarını təqdim etməyi sınaqdan keçirməyə başlayıblar. Açılış sessiyasında ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr üzrə Məsulu Michael Hackett bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ABŞ akademik təcrübəsinin Azərbaycana gətirilməsini yüksək qiymətləndirib və Azərbaycan məzunları ilə birgə çalışmaqdan məmnunluğunu bildirib.
• Ağıllı Su Həlləri üzrə Seminarlar Seriyası
Azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş bu iki hissəli seminar ABŞ-ın Miçiqan Dövlət Universitetinin professoru Volodymyr Tarabara tərəfindən aparılır. Sessiyalarda su və tullantı sularının təmizlənməsi, dayanıqlılıq və membran texnologiyaları üzrə qabaqcıl tədqiqatlar və təcrübələr təqdim olunacaq, iştirakçılar su problemlərinin həllinə dair praktik alətlərlə təmin ediləcəklər.
• Fakültə üzvləri və ekspertlərin iştirakı ilə Virtual Dəyirmi Masa: ABŞ–Azərbaycan Su İnnovasiyaları üzrə Akademik Mübadilə
Professor Volodymyr Tarabaranın rəhbərliyi ilə keçiriləcək bu virtual dəyirmi masa Azərbaycanın ali təhsil müəssisələrinin müəllim və ekspertlərini bir araya gətirəcək. Müzakirə mövzularına akademik-sənaye tərəfdaşlıqları, magistr proqramlarının hazırlanması, beynəlxalqlaşma və rəqabətli tədqiqat maliyyələşməsi daxildir.
“Bu tədbirlər Alumni MAX proqramının ABŞ təhsil proqramlarının Azərbaycan məzunları arasında bilik mübadiləsini və peşəkar inkişafı təşviq etmək öhdəliyini bir daha nümayiş etdirir,” – deyə təşkilatçılar bildiriblər. “Məzunları, tələbələri və müəllim heyətini ABŞ-ın aparıcı mütəxəssisləri ilə birləşdirərək, biz peşəkar şəbəkələri gücləndirməyi və Azərbaycanın dayanıqlı inkişafına töhfə verməyi hədəfləyirik.”
Bu proqram Impact Azerbaijan və American Azerbaijan Alumni Association (AAA) təşkilatlarının texniki dəstəyi ilə həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.