Bakı, 1 dekabr — Azadmedia.az
Məşhur “Əlişir Nəvayi” romanı Azərbaycan dilində
Bu yaxınlarda Azərbaycan dilindəki nəşrini çoxdan gözlədiyim “Əlişir Nəvayi” romanı, nəhayət ki, mütərcimin hədiyyəsi kimi gəlib bizə yetişdi. Əsərin bədii-estetik məziyyətləri və müəllifi İsacan Sultan haqqında mənə romanı dilimizə böyük bir sevgi və ustalıqla tərcümə etmiş filologiya elmləri doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, folklorşünas alim Qalib Sayılov çox danışmışdı. O, ara-sıra tərcümə zamanı romanın vəcdə gəldiyi məqamlarından heyrətlə söhbət açır və bu söhbətlərilə məndə də əsərə olan marağı daha da coşdururdu. Nəhayət, görkəmli özbək yazıçısı İsacan Sultanın “Əlişir Nəvayi” romanı Q.Sayılovun tərcüməsi və ön sözü ilə “Füyuzat” nəşriyyatında çapdan çıxdı.
Romanın ilk abzaslarından mütərcimə haqq verməli oldum: müasir özbək nəsrinin kamil ustadlarından olan İsacan Sultanın bu əsəri, sözün həqiqi mənasında, yeni bir nəsr hadisəsidir. Bu sətirləri yazarkən əsəri “şedevr” adlandırmaqdan özümü güclə saxlayıram. Bunun üçün geniş təhlil yazısı lazımdır. Mənim bu sətirlərimsə yalnız ilk təəssüratlarımı ifadə edir.
Əlişir Nəvayi kimliyi, demək olar ki, hamıya məlumdur. Necə ki, hər bir azərbaycanlının dilində “nizamilər, füzulilər” ifadəsi Azərbaycan xalqının milli kimliyinin ədəbi-mədəni kodla simvoluna çevrilib, özbək türklərində də Əlişir Nəvai belə bir kimliyin daşlaşmış simvoludur. Bu simvolik qəliblər sovet dövründən qalmadır. O vaxt bizim üçün Sovet İttifaqı adlanan bir dünya var idi və həmin dünyadan kənarda olanlardan dəmir çəpərlərlə təcrid olunmuş sovet insanı yalnız “öz xalqına” məxsus olan milli dəyərləri ilə tanınır və öyünürdü. Bu cəhətdən, Nizami, Füzuli, Nəvai... kimlikləri sovet insanlarının düşüncəsində dar milli respublika kimliyini ifadə edirdi. Bunlar mədəni-milli kimliyin bizim üçün sovet ideoloqları tərəfindən müəyyənləşdirilmiş qəlibləri idi. Halbuki Nəvai simvolu təkcə özbəklərin deyil, eyni zamanda Azərbaycan xalqının da bədii-stixial kimliyini ifadə edir. Əsərləri ilə Azərbaycan ədəbiyyatına ciddi şəkildə təsir etmiş, özü vaxtilə Nizami poeyik kimliyindən ilham alaraq bədii möcüzələr yaratmış Nəvai sovet epoxasında yalnız özbək kimliyi modelində, Nizami, Füzuli Azərbaycan kimlik modelində və s. təqdim olunurdu. Əslində isə hamımızın genini, qanını, ruhunu ifadə edən bir kimlik var idi – Türklük!
Mübaliğəsiz demək olar ki, İsacan Sultanın “Əlişir Nəvayi” romanının bütün bədii-estetik enerjisi məhz türklük ideyasından qaynaqlanır. Və ən başlıcası, romanın poetik strukturunun bütün qatlarını öz gücü qidalandıran türklük ideyası İsacan Sultanın əsərində heç bir halda və heç bir məqamda publisistik üsluba, bayağı şüarçılığa, gurultulu pafosa çevrilmir. Bunun səbəbi, qaynağı, heç şübhəsiz, müəllifin – müasir özbək ədəbi-bədii düşüncəsinin tanınmış siması İsacan Sultanın milli-intellektual, etnik-fəlsəfi kimliyi ilə bağlıdır. Türklük – İsacan Sultan üçün heç bir halda bioloji-etnik hadisə deyil. Bu, türk milli-mənəvi kimliyinin nüvəsi, türkü minillər boyunca ayaq üstə saxlayan, total milli təhlükələr zamanı məhv olmaqdan qoruyan milli yaradılış ruhudur. Bu cəhətdən, İsacan Sultanın romanında “Əlişir Nəvai” kimliyi özünü türk etnostixial potensiyasının bədii kodla təcəssümü kimi göstərir.
Roman başdan-başa milli yaddaşa köklənmiş çağırış, türklük ruhunun oyanışı, özünəqayıdış harayıdır. Bu mənada, əsərin poetik strukturunu təşkil edən bütün elementlər (obrazlar, süjetlər, epizodlar, dialoqlar, ideyalar...) bizə özbək insanının simasında türk ruhunun “dastanını” nəql edir. Müəllif bu ruhun türklük və İslamla yoğrulduğunu, türk kimliyinin bütün mənəvi-fəlsəfi potensiyasının türk-islam ruhunda passionarlaşdığını parlaq bədii lövhələrdə təcəssüm etdirir.
İsacan Sultanın romanının əsas məziyyətlərindən biri onun dilidir. Dil bu mətndə, sadəcə, bədii-narratoloji ünsiyyət vasitəsi olmayıb, kimliyi yaradan və kimliyin yaratdığı etnik-milli stixiyadır. Və bu da öz növbəsində əsəri dilimizə çevirmiş Qalib Sayılovdan böyük zəhmət və ustalıq tələb etmişdir. İxtisası etibarilə folklorşünas olan mütərcim folklor dilinə və folklor özünüifadə kodlarına dərindən bələddir. Folklor dili xalqın bütün varlığını və kimliyini ifadə edir. Əsəri oxuduqca özbək nəsrinin bu möhtəşəm hadisəsinin Azərbaycan dilində adekvat səslənməsi üçün tərcüməçinin çəkdiyi zəhmətə və ustalığa heyran qalmamaq mümkün deyildir.
Azərbaycan oxucusu bu nəşrdə tərcüməçinin “Ədəbin və adabın əsrarına vaqif olan dahi” adlı ön sözü ilə də tanış olacaqdır. Romanın bütün poetik ruhunu söz-söz, kəlmə-kəlmə öz ruhuna hopdurmuş Qalib Sayılov peşəkar ədəbiyyatşünas kimi romanın bədii-estetik məziyyətlərini açmışdır. Bu cəhətdən, belə hesab edirəm ki, roman haqqında “təəssürat” janrında yazdığım bu kiçik təqdimat yazısını mütərcimin ön sözündən bir abzasla birtirmək yerinə düşər:
“İsacan Sultan bu əsərində bir çox konseptləri alt-üst edir. O konseptlər ki,... onlar bizim əleyhimizə işləmişdir. Yəni ədəbiyyat insan , bəşər toplumunun ədəbi estetikasına xidmət etməlidir. Eros, literatur ədəbiyyat deyil. Ədəbiyyat İslam nurunun təbliğinə daha çox önəm verməlidir, hansı ki, İsacan Sultan bu romanda həmin problemi bədii müstəviyə gətirir və geniş oxucu kütləsinin sərəncamına buraxır. İsacan Sultan romanda çoxlarından fərqli olaraq, İslam etnoqrafiyasını, İslam ədəbini, İslam məişətini bədii boyalarla, geniş spektrdə ifadə edir. Zəngin peyzaj təsviri, etnosu ifadə edən toponimlər, hidronimlər və bir çox nüanslar bədii əsərin əsas leytmotvini təşkil edir”.
Professor Seyfəddin RZASOY