Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Tacəddin Əzizlinin şəxsi əşyaları təhvil verilib.
Azadmedia.az xəbər verir ki, bu barədə şəhidin bacısı Gülnar xanım şəxsi facebook səhifəsində Milli Azərbaycan Tarixi Muzeyinə istinadən bildirib. Bildirilib ki, şəhidin şəxsi əşyaları muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən muzeyə təqdim olunub.
Tacəddin Əzizli 1994-cü il Salyan rayonunda anadan olub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılıb, Füzuli rayonu Ələsgərli kəndi istiqamətində şücaət göstərib. Oktyabrın 28-də 3 döyüş yoldaşıyla birgə düşmən postuna hücum edərək postu və düşmənin çox sayda canlı qüvvəsini məhv edib, düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçirib. Bundan sonra o, döyüş yolunu Cəbrayıl-Hadrut istiqamətində davam etdirib, Füzulidən Şuşayadək şanlı döyüş yolu keçib. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə ucalıb. Qəhrəman və cəsur şəhidimiz ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.