Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib.
“ZOOM” proqramı üzərindən təşkil olunan vebinarda Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində uzaqgörən addımlar atdığını bildirib. Ölkəmiz müstəqillik qazandığı ilk illərdən tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı, o cümlədən yeni dini ibadətgahların inşası, mövcud olanların əsaslı təmiri və yenidənbərpası istiqamətində çoxsaylı işlərin görüldüyünü vurğulayıb.
İnstitut rəhbəri daha sonra qeyd edib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində keçirdiyi mühüm islahatların davamı olaraq, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin layiqli siyasət yürütməsi nəticəsində 44 günlük Vətən Müharibəsində qalib gəldik. Müzəffər Ordumuz hazırda mədəniyyət paytaxtımız elan olunan Şuşanı işğalçılardan azad etdi.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək, Heydər Əliyevin Sovet dövrü və müstəqillik illərindəki xidmətləri barədə arxiv sənədlərinə istinadən məlumat verib. Ulu Öndərin hakimiyyəti illərində qarşılaşdığı çətinliklərə toxunaraq, əzmlə və səbirlə apardığı siyasətin hazırda cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Heydər Əliyevin hakimiyyəti dövründə xarici ölkələrlə qurulan diplomatik münasibətlərin bu gün də dövlətçilik siyasətində müsbət istiqamətdə təsirini diqqətə çatdıran C.Bəhramov Ümummilli Liderin siyasi və dövlətçilik irsi ilə bağlı daim araşdırmalar aparıldığını vurğulayıb.
Videokonfransdan sonra Aİİ-nin rəhbər heyəti və əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini böyük ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.