AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Autizmli uşaqlar xəstə deyil, sadəcə fərqlidir - REPORTAJ

  • + A
  • - A
  • 4-07-2021, 08:30


    Autizmli uşaqlarla görüşə tələsirdim. Elnur müəllimin telefonda dediyi kimi asan yerdə idi, tapmaq o qədər də çətin olmadı; "Tbilisi" prospekti 68-də. Qanun Nəşriyyatı, sonra Hədəf Liseyi, ən sonda Bakı Autizm İdman Klubu...
    Azərbaycanda uşaq və yeniyetmələrin sağlam ruhda tərbiyəsi, azyaşlıların əqli və fiziki tərbiyəsi həmişə dövlətimizin diqqətindədir. Bu barədə uzun-uzadı yazmaq olar, çünki görülən işlər çoxdur. Uşaq və gənclərin fiziki mənəvi inkişafı istiqamətində Heydər Əliyev Fondu da böyük layihələr həyata keçirir, gələcəyimiz sayılan uşaqların sağlam ruhda tərbiyə olunması üçün faydalı işlər görür. Səhhətində problem olan neçə-neçə azyaşlı məhz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin, eləcə də Avropanın bir çox aparıcı tibb müəssisələrində müayinə edilib, düzgün və zamanında edilən müalicə sayəsində xəstəlikdən qurtulub. Bu proses hazırda da davam etdirilir, körpələrimiz müasir tibbin imkan verdiyi səviyyədə müalicə alır, onların sağalması, vətənə və cəmiyyətə faydalı övlad kimi böyüməsi üçün zəruri addımlar atılır.

    Qayğıya daha çox ehtiyacı olanlar – Autizmli uşaqlar


    Bir qrup uşaqlar da var ki, onların sağlamlığına qovuşması 1-2 prosedurla, hansısa cərrahi əməliyyatla mümkün olmur. Bunun üçün illər, bəzən isə daha böyük müddət lazım gəlir. Söhbət autizmli uşaqlardan gedir. Autizm (Autustik Spekturum Pozğunluğu) xəstəliyindən əziyyət çəkən uşaqların cəmiyyətdən təcrid olunmaması, onların qayğı və problemləriylə yaxından maraqlanmaq, onların özlərini yalnız hiss etməməsi üçün tədbirlərin həyata keçirilməsi hər kəs üçün ümdə vəzifədir. Təəssüflər olsun ki, son illərdə autizmdən əziyyət çəkən uşaqların da sayı sürətlə artır. Bu problemdən Azərbaycan da kənarda deyil. Məhz bu səbəbdən məsələyə daha ciddi yanaşmaq, bu xəstəlikdən əziyyət çəkən uşaqların problemlərinin həlli üçün kompleks tədbirlər görmək də vacibdi. Mövzuyla bağlı “Bakı Autizm İdman Klubu”nun təsisçisi və direktoru Elnur Məmmədliylə söhbətləşdik.

    Qeyd edim ki, Bakı Autizm İdman Klubunun təsisçisi Elnur müəllim həm də Azərbaycan Autizm Assosiasiyasının İdarə heyətinin sədridir. Uzun müddətdir ki, bu sahənin problemlərini öyrənən, onların həlli üçün çalışan həmsöhbətimiz xeyli vacib və maraqlı məqamlara toxundu. Əvvəlcə autizmin uşaqlarda necə hiss olunmasından, bu xəstəliyin spesifikasından danışdı:
    “Autizmli uşaqların əsas problemi digərlərindən fərqli olmalarıdır. Belə uşaqlarda əqli inkişaf geri qalır, bunun da nəticəsində davranış pozuntuları yaranır. Həmin uşaqlar danışmaqda, fikirlərini normal nitq vasitəsiylə çatdırmaqda çətinlik çəkirlər. Bəzən buna görə də ağlayır, yaxud da gülürlər. Bu da ətrafdakılara yersiz davranış kimi görünür. Biz 2010-cu ildə “Bakı Autizm İdman Klubu”nu yaratmışıq. Məqsədimiz autizmdən əziyyət çəkən uşaqların reablitasiyasına kömək etməkdir. Mənim öz övladım da autizmdən əziyyət çəkir. Avropanın bir çox ölkələrində reabilitasiya üçün kurslara getmişik. Qonşu Rusiya və Türkiyədə bu cür reabilitasiya kursları xeyli bahadır. Türkiyədə bir aylıq kurs 7-8 min ABŞ dollarına başa gəlir. Əhalinin böyük əksəriyyətinin ora yollanmağa maddi imkanı çatmır. Biz Türkiyədən gətirdiyimiz eyni proqramları burda keçirik. Bununla da insanları həm böyük xərclərdən, həm də əziyyətdən xilas etməyə, autizmli uşaqlara kömək etməyə çalışırıq. Belə uşaqları cəmiyyətdən təcrid etmək olmaz. Bir çox təlim vasitələri var ki, vaxtında onları uşaqlara aşılamaqla əqli inkişafa yardım göstərmək olar. Bu təlim vasitələrinin arasında idman hərəkətləri xüsusi yer tutur. İdmanla məşğul olmaq autizmli uşağın həm fiziki, həm də əqli inkişafı üçün əvəzsiz vasitədir.
    Artıq 9 ildir ki, bizim təşkilat təkcə Bakı şəhərində deyil, bölgələrdə yaşayan autizmli uşaqların problemlərini öyrənməklə, həm bu problemlərin həlli, həm də həmin uşaqların əqli və fiziki inkişafına yardımçı olacaq tədbirlərin keçirilməsiylə məşğuldur. Bunun üçün dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatlarıyla sıx əlaqədəyik. İndiyə qədər yüzlərlə uşağın reablitasiyası üçün əlimizdən gələni etmişik”.
    Elnur Məmmədli bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasən iki istiqamət üzrə olduğunu vurğuladı. Belə ki, autizmli uşaqların reablitasiyası üçün valideynlərin maarifləndirilməsi, onların öz uşaqlarına həssas yanaşmağı bacarması vacibdir. Digər yandan isə valideynlərlə yanaşı, belə uşaqların psixologiyasını yaxşı bilən, onlara həssas yanaşmağı bacaran peşəkar kadrlar olmalıdır. E.Məmmədlinin dediyinə görə 2015-ci ildə “Autizmlilərin İdman Klubu” İctimai Birliyi yaradılıb: “Burda da autizmdən əziyyət çəkən uşaq və gənclərin reablitasiyası üçün idman məşğələləri təşkil edir, müxtəlif yarışlar keçiririk. Stolüstü tennis, velosiped sürmə, atletika kimi növləri xüsusiylə inkişaf etdirməyə, uşaqları bu idman növlərinə cəlb etməyə çalışırıq. Artıq ilkin nəticələrimiz də var. Azərbaycanı ölkəmizdən kənarda keçirilən yarışlarda da uğurla təmsil etmişik. Türkiyədə keçirilən yarışlardan vətənə medalla dönmüşük. Qalibiyyət, mükafat almaq hissləri bizim uşaqlara əvəzsiz sevinc bəxş edir. Bunun özü də həmin uşaqların reablitasiyası üçün vacib məqamdır”.
    “Bakı Autizm İdman Klubu”nun rəhbəri işlərinin heç də asan olmamasından, qarşılaşdıqları bir çox problemlərin həllinə çalışdıqlarından da danışdı:
    “Bu gün ümumilikdə dünyada hər 68 uşaqdan biri autizmli doğulur. Təəssüflər olsun ki, tendensiya artmaqdadı. Azərbaycan da sürətli artım olan ölkələr sırasına daxildi. Yetərincə ciddi rəqəmdir...

    Qanunvericilikdə autizmlə bağlı müvafiq bəndlərin olmaması ciddi problemdir

    Belədə autizmli uşaqlar barədə müvafiq qanunların qəbul olunması, onların reablitasiyasının və müdafiəsinin qanunvericiliklə tənzimlənməsinin də vaxtı çoxdan çatıb. Autizmlilər haqqında dövlət proqramının hazırlanmasına, onların reablitasiyası üçün dövlət müəssisələrinin açılmasına ehtiyac var. Müəyyən sayda özəl reablitasiya mərkəzləri və idman klubları var. Amma mütləq dövlət səviyyəsində belə mərkəzlərin açılmalıdır. Bir sıra idman federasiyaları, dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Millət vəkillərini tədbirlərimizə dəvət edirik, onlar da həmin tədbirlərimizə qatılırlar. Onlarla görüşlərimizdə daim bu məsələləri gündəmə gətirir, autizmli uşaqlarla bağlı müzakirələr aparırıq. Millət vəkilləri də öz fikirlərini söyləyir, bizim təkliflərimizi dinləyirlər. Milli Məclisin dörd komitəsiylə əməkdaşlıq edirik. Dəfələrlə görüşlər keçirmişik. Qanunvericilikdə autizmlə bağlı müvafiq bəndlərin olmaması ciddi problemdir. Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq etməyə çalışırıq. Bizim fəaliyyətimizin koordinasiyası, bizə dəstək verilməsi konkret qanunlarla tənzimlənsə, biz də öz problemlərimizi daha çevik həll edər, işimizi effektiv qura bilərik. Çünki bəzən əməkdaşlıq etdiyimiz nazirliklər də hansısa problemin həllinin onların səlahiyyəti çərçivəsində olmadığını, nizamnamədə yazılmadığını önə sürürlər.
    Çalışırıq ki, qardaş Türkiyənin təcrübəsindən yararlanaq. Tez-tez onların mütəxəssislərini Azərbaycana dəvət edirik. Bununla həm kadr hazırlığı və ailələrin maarifləndirilməsi sahəsində, həm də idman yarışlarının təşkili ilə bağlı onlardan öyrənirik. Türkiyənin autizmli uşaqların idman federasiyaları ilə əməkdaşlıq edirik. Amma Azərbaycanda belə uşaqların bir dənə də olsun idman federasiyası yoxdur. Cəhd edirik ki, özümüz yaradaq. Bizə bildirirlər ki, Bədən Tərbiyəsi və İdman haqqında Qanuna görə Azərbaycanda bir idman sahəsi üzrə yalnız bir dəfə federasiya yaradıla bilər. Autizmli uşaqların üzməsi üçün hovuzlar yaradılmalıdır. Amma bu gün dövlət müəssisələri belə autizmli uşaqları hovuzlara qəbul etmək istəmirlər. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı var, xüsusi qayğıya ehtiyacı olan insanlar bu xidmətlərdən pulsuz istifadə etməlidilər. Autizmli uşaqlar bu qayğıdan da məhrumdular. Belə problemlərin həlli üçün xüsusi təkliflərimiz var, çalışırıq ki, gələcəkdə onların həllinə nail olaq. Bütün bu problemlərə baxmayaraq, fəaliyyətimiz davam edir, çalışırıq ki, autizmli uşaqlara kömək göstərək.
    İnanırıq ki, dövlətimizin rəhbəri cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva autizmli uşaqların, onların ailələrinin problemlərinə daha diqqətlə yanaşacaq, Autizm haqqında Dövlət Proqramı qəbul olunacaq. O zaman bütün autizmli uşaqlar bu proqramın faydalarından yararlana biləcəklər. Dövlətimizə inamımız sonsuzdur. Bilirik ki, cənab Prezident ümumilikdə bütün uşaqların problemlərinə həssas yanaşır, hər bir uşaq Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub. Əminik ki, autizmli uşaqlar da bu qayğıdan kənarda qalmayacaqlar. Əvvəllər səhhətindəki problemlərə görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar 82 manat müavinət alırdı. Hazırda bu müavinətlər 150 manata qaldırıldı, uşaqlara qulluq edən valideynlərə də 50 manat xüsusi təqaüd verilir. Bu addımın özü cənab Prezidentin uşaqlara necə həssas yanaşmasının göstəricisidir. Gələcəkdə bu təqaüdlərin daha da artırılacağına, xəstə övladı olan aillələrə daha böyük maddi dəstəyin veriləcəyinə də inanırıq. Biz də öz növbəmizdə çalışırıq ki, Azərbaycanda autizmli uşaqların reabilitasiyası, onların əqli və fiziki inkişafı üçün vacib olan tədbirləri həyata keçirək, ildən-ilə əldə olunan nəticələri yaxşılaşdıraq.
    Autizmlilərin İdman Klubuna baş çəkib, istər direktor Elnur Məmmədliylə, istər təlimçilərlə, istərsə də təlimdə olan övladlarını gözləyən valideynlərlə söhbətimizdən sonra autizmdən əziyyət çəkən uşaqların, onların ailələrinin problemlərini daha yaxından öyrənmiş olduq.
    Klubda 8 təlimçi, 1 xadimə xidmət göstərir. Hər dərs 45 dəqiqə təşkil edir. Təlimçilər hər uşaqla səhər 9-dan 18-dək fərdi məşğul olur. Uşaqlar 4-16 yaş arasındadır. Hamısı da imkansız ailələrin uşaqlarıdır. Tə qaüdləri kəsilən, bərpasında çətinlik çəkən valideynlər də vardı. Autizm tez sağalan xəstəlik deyil. Valideynlər xahiş etdi əlaqədar orqanlara onların səsini çatdıraq, xəstə uşaqlarla valideynlərin xəstəxana qapılarında süründürməçiliyinə son qoyulsun. Əsasən idman məşğələləri keçirilsə də, psixoloq və pedaqoqlar tərəfindən akademik dərslər də keçirilir. Əksəri həftədə 3 gün gəlsə də, nisbətən ağır uşaqlar 5 gün gəlir, təlimlərdə iştirak edir. Valideynlər təlimdən kənarda saxlanır. Çünki təlim zamanı müdaxilələr edir, bu da istənilən nəticənin alınmasına mane olur.Tenis otağında 15 yaşlı Sabirlə məşğul olan təlimçi-psixoloq Elmin İsayevlə söhbətim zamanı uşaqların əsas fərqliliyini öyrənməyə çalışıram. Öyrənirəm ki, bu uşaqlarda göz kontaktı olmur, ünsiyyəti sevmirlər, özlərinə qapanırlar. Təlimçi Günel xanım 7 yaşlı Gülsümlə məşğul idi. Gülsümün nitqi olsa da, fikir dağınıqlığından əziyyət çəkir. 15 yaşlı Elnar o qədər mehriban, istiqanlı uşaq idi ki.... Elnar velosipedi çox dəqiqliklə idarə edirdi. Klubun 1 avtobusu da var, yarışlar zamanı uşaqları aparıb gətirir. Həyət biraz səliqəsizdir. İnanıram ki, ETSN həyəti yaşıllıqlara bürüyəcək, artıq kol-kosdan təmizləyəcək ki, uşaqlar zövq alsınlar. Ümid edirik ki, dövlətimizin yaxından dəstəyi ilə bu problemlər həllini tapacaq, autizmli uşaqların reabilitasiyası, cəmiyyətə yararlı vətəndaşa çevrilməsi mümkün olacaq. Gəlin, unutmayaq; Onların bizim qayğımıza ehtiyacı var.
    Elnurə ABUŞOVA















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR