İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olub. Səfər Türkiyə Respublikasının aidiyyəti qurumları ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Nümayəndə heyətinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov, Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov, Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov daxil olub.
Səfər müddətində nümayəndə heyəti Türkiyə Respublikasının səhiyyə nazirinin müavini Dr.Tolga Tolunay, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Serkan Kayalar və Ankara Universitetinin rektoru Prof.Dr. Necdet Ünüvar ilə görüşüb. Görüşlərdə icbari tibbi sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Səfər çərçivəsində həmçinin Agentlik və Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu (SGK) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasiminin Zəfər Gününə təsadüf etməsi onlar üçün böyük məna kəsb etdiyini deyən SGK rəhbəri Cevdet Ceylan bu münasibət ilə nümayəndə heyətini təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzulayıb.
Azərbaycanla digər sahələrdə olduğu kimi sosial təminat sahəsində də əməkdaşlığın uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Cevdet Ceylan rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətinə aid təcrübəni qardaş ölkə ilə bölüşməkdən məmnun olduğunu bildirib.
Yüksək qonaqpərvərliyə və təbrikə görə təşəkkürünü bildirən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib: “Türkiyə hər zaman Azərbaycanın yanında olub. Bu gün biz bu bayramı hər iki dövlətlə birgə qeyd edirik. İnanırıq ki, bu qardaşlıq daim yaşayacaq. Bu gün imzalanan Anlaşma Memorandumundan sonra qurumlar arasında əlaqələr daha da möhkəmlənəcək”.
Qeyd edək ki, üç illik fəaliyyət planını əhatə edən Anlaşma Memorandumu icbari tibbi sığorta sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi ilə bağlı əməkdaşlıq istiqamətlərini müəyyən edir. Sənədə əsasən icbari tibbi sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsi, icbari tibbi sığortaya dair qanunvericiliyin təkmilləşdirilməsi kimi sahələr əməkdaşlıq çərçivəsində üstünlük təşkil edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.