BDU-nun "Jurnalistika” fakultəsinin fəaliyyətə başlamasından ötən bu illərdə yüzlərlə insan jurnalist ixtisasına yiyələnib və peşəkar qələm sahibi kimi ölkə mətbuatının müxtəlif redaksiyalarında çalışıb. Aralarında məşhurları çoxdur, öz qələmi, kəsərli sözü ilə möhürlərini vuranlar da yetərincədir. Bu gün sizə onlardan biri - hazırda "Yeni təfəkkür” qəzetinin həmtəsisçisi və baş redaktoru, “Əməkdar jurnalist” Şəmsiyyə Kərimova haqqında söhbət açmaq istəyirəm...
...Mərd, işgüzar, zəhmətkeş, qəlbi insan sevgisi ilə dolu xanımdır. Dürüstlük həmişə həyatının meyarı olub. Ağlı, məntiqi ona hər zaman geniş əhatə dairəsi yaradıb. Dostluğa, yoldaşlığa çox əhəmiyyət verir. Xəyanəti bağışlamır. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. Ehtiyacı olsa belə, dilə gətirməyi xoşlamır, qürurludur. Milli-mənəvi dəyərlərə sədaqətli, adət-ənənəyə riayət etməyi xoşlayan insandır...
Haqqında biblioqrafik məlumat verməyəcəyəm. Bu gün bu gözəl qəlbli xanımın doğum günüdür. Ona görə istərdim ki, Ş.Kərimovanı olduğu kimi dostlara, yaxınlara bir daha tanıdım.
İllərdir onu tanıyıram, eyni sahənin yol yoldaşıyıq, əlimizdə qələm sabaha doğru gedirik. Mənim aləmimdə əsl jurnalistin geniş dünyagörüşü, zəngin mütaliəsi, mühakimə yürütmək və nəticə çıxarmaq qabiliyyəti olmalıdır. Hadısələrə önəm verməyi, dəyərləndirməyi bacarmalıdır. İnsanlarla dil tapmalıdır. Onların nə istədiyini başa düşməlidir və onlara istədiklərindən də artıq nəsə verməlidir... Bu cəhətlərin hamısı Şəmsiyyə xanımda cəmlənib.
Əslən Tovuzdandır. Necə deyərlər, imanlı, təqvalı bir nəslin nümayəndəsidir. Bəlkə də içindəki Allah sevgisi mənsub olduğu nəsildən qaynaqlanıb. Xeyirxah əməlləri az deyil. Doğrudur, təvazökarlıq edir, gizlətməyə çalışır, amma bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm.
Adını çəkmək istəmədiyim bir müəllifin kitabının redaktəsini tapşırmışdı. Demişdi ki, elə işləmək lazımdır ki, adımıza layiq olsun. Elə də etdik, birgə əməyimizlə əsər ortaya gəldi. Əgər müəllifin ümidinə qalsaydı, kitab hələ də işıq üzü görməyəcəkdi. Şəmsiyyə xanımın tələbkarlığı, şəxsi məsuliyyəti və gündəlik nəzarəti altında kitab oxucuların istifadəsinə verildi.
Mənə Prezident tərəfindən ev verilərkən dostlar sırasında ən çox sevinən məhz Şəmsiyyə xanım oldu. Çünki o, dostu ürəyinin içi hesab edir. Bu məsələdə də şəxsi təşəbbüsü ilə ev almağıma xeyli köməklik etdi.
Daha bir misal. Yenə də müəllifinin adını çəkmirəm. Bir kitabın redaktəsini mənə tapşıranda dedi ki, bu kitab o birilərinfdən deyil. Son dərəcə diqqətli, məsuliyyətli olmaq lazımdır. Çünki kitab yüksək səviyyədə təqdimat olunacaq. Elə oldu ki, verilən vaxtdan da tez kitab hazırlandı. Bu məsələdə də hamımızdan çox Şəmsiyyə xanım sevinirdi, üzü gülürdü.
Mənim doğmalarımın itkisinə də özününkü kimi yanaşıb. İstər anamın, istərsə də atamın dünyadan köçməsindən sonra əsas dayaq duranlardan biri məhz Şəmsiyyə xanım olub.
O, yalana, iftiraya nifrət edir. Sözün düzünə dəyər verməyi bacarır. Asudə vaxtlarında komputerdən yenilikləri, dostlarının sosial şəbəkələrdəki yazılarını izləməyi xoşlayır. Mütaliə etməkdən, gözəl musiqi əsərlərini dinləməkdən zövq alır. Təbiət vurğunudur. Səyahət etməkdən yorulmur. Dünyanın bir çox ölkəsində olub. Azərbaycanın isə elə bir bölgəsi yoxdur ki, oraya ayağı dəyməsin...
O insanlar xoşbəxtdilər ki, qocalanda xatırlamağa nələrisə var. Və bu, onları yaşadır. Axı xatirələrlə yaşamaq insanın ömrünü uzadır. Əgər xatırlanası heç nəyin yoxdursa, deməli boş bir həyat yaşamısan...
Həyatını heç də mənasız keçirməyən, ömrünün böyük hissəsini mətbuata, nəşriyyat işlərinə həsr edən bu xanım barəsində söhbətimi hələlik burada başa çatırmaq istəyirəm.
Bəli, BDU-nun "Jurnalistika” fakultəsinin məzunu, istedadlı qələm sahibi Şəmsiyyə Kərimovanı “Azərbaycan” nəşriyyatında, doğulduğu Tovuz rayonunda belə tanıyırlar...
Və sonda. Bu yaxınlarda ailəsində 3 doğmasının itkisi onu da, bizi də çox kədərləndirdi, içimizi göynətdi. Necə deyərlər, qəm-kədərlə sevinc qoşadır, yanaşıdır. Nə etmək olar? Bu da həyatdır, yaşamalıyılq. Şəmsiyyə xanımı ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona sağlıqlı, sağlam ömür arzulayıram. Qoy kədərin, qəmin daha arxada qalsın. Bundan sonar üzünü gülər görək, biz də fərəhlənək!
Daşdəmir Əjdəroğlu