AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şahlar Əsgərov cəmiyyəti məktəblərin müdafiəsinə səslədi

  • + A
  • - A
  • 27-01-2022, 08:00

    Şahlar Əsgərov cəmiyyəti məktəblərin müdafiəsinə səslədi

    Son zamanlar məktəb, müəllim-şagird münasibətlərində baş verən deqredasiya gündəm olaraq qalır. Təəssüflər olsun ki, şagirdlərlə pis rəftar edilmə hadisələri, müəllimlərə qarşı hücumlar gündəm olaraq qalır. Özləri vaxtında müəllimdən çəkinən, azı bir dəfə müəllim tərəfindən cəzalandırılan valideynlər, müasir dövrdə məktəblərdə müəllimlərin övladlarına qarşı sərt davranışına nəinki haqq qazandırmır, bunun qəbulolunmazlığını hesab edir, şagirdə söz deyən müəllimin məktəbdən uzaqlaşdırılmasını istəyir, ən yüngül halda müəllimin töhmət almasına nail olurlar. Problemi harda axtaraq? Əvvəlki müəllimləri müasir müəllimlərdən fərqləndirən cəhət nədir?
    Azadmedia.az bu sualla Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərova müraciət etdi.
    Şahlar müəllimin fikrincə, əvvəlki müəllimlər totalitar bir dövlət quruluşunun müəlllimləri idi, hazırkılar isə demokratik. Müasir dövrdə vəziyyətdən çıxmaq çətindir. Totalitar quruluşda idarə etmə budur; mən ağıllıyam, sən axmaq. Sən mənim müdirim olanda sən ağıllı olacaqsan, mən axmaq. Müdirə bax, yuxarıya bax, başqa yerə baxma. Amma indi deyirlər, hər tərəfə bax...
    Əməkdaşımızın dərsliklərdə gedən səhvlərdə Təhsil Nazirliyinin nə dərəcədə məsuliyyət daşıması ilə bağlı sualına mövqe bildirən təhsil eksperti, dərsliklərdə səhv gedəndə Nazirliyin baş verənləri mətbəələrin üzərinə atmasına haqq qazandırmadı, Təhsil Nazirliyinin cavabdeh olduğunu qeyd etdi:
    “Azərbaycanda təhsil siyasəti cənab Prezident tərəfindən Təhsil Nazirliyinə verilib. Ona görə də təhsilin məzmununa Təhsil Nazirliyi cavabdehdir. Əgər dərsliklərdə səhvlər varsa, deməli bu səhvin məsuliyyətinin bir hissəsi də Nazirliyin boynuna düşür”.
    Əməkdar elm xadimi cəmiyyətin hazırki ürəkaçan olmayan vəziyyətini kütlənin savadsızlığında görür. “2011-ci ilin statistikasına istinadən deyim ki, Azərbaycanda hər 100 uşağın cəmi 16 nəfəri ali təhsil alır. Bizdə əhali kütləvi surətdə oxumur. Kütlə Cənubi Koreyada oxuyur, kütlə Yaponiyada oxuyur. Kütlənin savadlanması lazım. Məktub aparanımızın da savadlı olması lazımdır” – deyən professor işəgötürənlərin də cəmiyyətin bu halında günahkar olmasını bildirdi, cəmiyyəti kitab təbliğinə səslədi: “Söhbət ondan gedir ki, ölkədə kitabın təbliğatı yoxdur. Misal üçün işçi götürürlər. Sosial, yaxud hər hansı sahədən gedir söhbət. Niyə ona sual vermirlər ki, sən sonuncu dəfə hansı əsəri oxumusan? Hansı yazıçını tanıyırsan? Siz təsəvvür edin, Məmməd Əmin Rəsulzadənin 300 nüsxə kitabını çap ediblər. Hansı ki, bu dövlətin təməlini o qoyubdur. Onun 100 ədədini rəhmətlik Şirməmməd Hüseynov alıb. 3 il ərzində cəmi 17 kitab satılıb...”.
    Şahlar müəllim problemin həlli yolunu düşüncələrin dəyişilməsində görür və çox vacib bir məqama toxunur, deyərdim ki, bu sözlərilə həyəcan təbili çalır:
    “Biz düşüncəmizi dəyişməliyik. Bir Dallas Doktorinası var, yaqin çoxunuz onu bilirsiz. Doktorinanın məqsədi bu idi ki, qalib gəlmiş SSRİ-ni içəridən necə dağıtmaq olar? Dallas o zaman Pentaqonda şef olub səhv etmirəmsə. Deyib biz o dövlətin mədəniyyətini, adət-ənənələrini dağıtmaqla o dövləti dağıdacağıq. İndi o dövlət yoxdur. Bilmirəm onu Dallas dağıtdı, yoxsa o dövlət hardan dağıldı...
    Hazırda bu sahədə bizə də hücumlar var. Bax, görürəm Dallas Doktorinası Amerikadan yox, bizə düşmən dövlətlərdən gəlir, kimlərsə bizə qarşı bu Doktorinanı həyata keçirmək istəyir....Adlarını çəkmirəm, ətrafımızı bilirsiz.
    Səməd Vurğunun məşhur sözü var, bilərsiz:
    Bir tərəfdən Türkiyə, bir tərəfdən İran,
    Bir tərəfdən Rusiya göndərir fərman.
    Baxın, Azərbaycan necə bir məkanda yerləşib. Ona görə o Doktorina bizə tətbiq olunur. Qüdrətli Azərbaycan dövlətini hardan yıxmaq olar? İçəridən!”.
    Sonda professor media əhlini, cəmiyyəti məktəblərin müdafiəsinə səslədi:
    “Təhsili yıxmaq, məktəbi yıxmaq, müəllimi yıxmaq dövləti içəridən dağıdan səbəblərdir. Sanki bütün gücü veriblər içəridən milli dəyərlərimizi yıxmağa. Fəhlə lazımi avadanlıqla təmin olunmur, hündür mərtəbədən yıxılır ölür, bunu cəmiyyət görmür. Bir məktəbdə bir müəllim nadinc uşağa bir sillə vuranda xəbər bütün Azərbaycanda partlayır. Nə olub? Niyə? Yaddan çıxarmayın; bizim müqəddəs sayılan yeganə məkanımız məktəbdir. Məscidlər də müqəddəsdir. Amma Peyğəmbər də təhsili, təhsil ocağını məsciddən öndə sayıb. Birinci müqəddəs yerimiz məktəbdir. Gəlin məktəbi qoruyaq. Gəlin universitetləri qoruyaq. Bu da cəmiyyətdən asılıdır. Gəlin cəmiyyəti işlədək. Hazırda cəmiyyət işləmir. Üzümü media nümayəndələrinə tuturam. Əl-ələ verib məktəbi qorumalıyıq. Bəli, müəllim adına yaraşmayan hadisələrlə üzləşirik. Pis müəllimləri məktəbdən uzaqlaşdıraq. Müəllim gəldi-gedərdi. Məktəb daimidir. Pis məktəb yoxdur. Məktəb doğulmayıb, ölməyəcək də. Amma müəllim doğulub, ölür. Pis müəllimi məktəblərdən çıxaraq. Bunun heç cür bəraəti yoxdur”.
    Söhbətləşdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR