Samir Baxşiyev.
Yeni Azərbaycan Partiyası ( YAP )
Siyəzən rayon təşkilatının sədri 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” 43 maddəli Bəyannamə imzalanıb. Dövlət başçıları tərəfindən imzalanan sənəddə hərbi, iqtisadi, siyasi sahələrlə yanaşı diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, turizm və idman, elm, təhsil və digər sahələrə aid maddələr də yer alır. Bəyannamənin bütün müddəaları Azərbaycan xalqının və dövlətimizin milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinin təmin edilməsinə növbəti dəstək kimi görmək olar. Əminliklə deyə bilərik ki, Azərbaycan və Rusiya arasında imzalanan bu Bəyannamə iki tərəfin də iqtisadi, siyasi və hərbi inkişafında vacib rol oynayacaq və dövlətlərarası əlaqəni xeyli gücləndirəcək.
Ən əsas onu qeyd etmək lazımdır ki, son 30 ildə Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm yer tutur. Bəyannamədə beynəlxalq terrorçuluq, separatçılıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi qeyd olunur. Əsas məqamlardan biri də iki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Qarşılıqlı görüşdə ölkə Başçıları qeyd etmişdir ki, 2020-2021 ci il ərzində Azərbaycan və Rusiya arasındaki iqtisadi əlaqələr pandemiyaya baxmayaraq 16 faiz artmışdır. Bu onu gösərir ki, iki dövlət arasındakı ticari- iqtisadi əlaqələr günü gündən artmaqdadır.
Bəyannamədə həmçinin hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.
Bu Bəyannamədə ən vacib və diqqət çəkən məsələlərdən biri Rusiyanın bir daha Azərbaycanın ərazi bütövlüüyünü rəsmi olaraq tanıması və bir mənalı olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsidir. Belə ki, 9-cu bəndə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Bu müqavilə Azərbaycanı daha da gücləndirir. Prezident İlham Əliyevin Rusiyaya səfəri isə həm regionda postmüharibə reallıqlarının, həm hər iki ölkə arasında əməkdaşlığın, həm də üçtərəfli Bəyanatın icrasının müzakirə edilməsi baxımından olduqca əhəmiyyətlidir.
Bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir.
Bütün bunlar bir daha sübut edir ki, Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Azərbaycanla Rusiyanı möhkəm dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir.