İbrahim Cəfərov,
ADAU-nun rektoru, professorBu gün 8 martdır. Bütün xanımların çöhrəsində təbəssüm var. 8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissələrindən birinə çevrilmişdir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq mühüm işlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il bayram ərəfəsində qadınlara təbrik ünvanlayır, dövlət başçısı Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Azərbaycan qadınının nüfuzunun həm ölkədə, həm də beynəlxalq aləmdə layiqli nümunələrindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər buna əsl örnəkdir.
Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri üçün hər cür imkan yaradır. Ölkəmizdə gender siyasəti uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qadının rolunun yüksəldilməsinə yönəlmiş dövlət siyasətini ardıcıl surətdə uğurla davam etdirir. Bunu ən ali idarəetmə strukturlarında qadınların yüksək vəzifələrdə təmsil olunmaları sübut edir. Respublikamızın inkişafına töhfələrini verən qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.
Rəhbərlik etdiyim ADAU-da çalışan və təhsil alan xanımların timsalında bütün Azərbaycan qadınlarını təbrik edir, onlara xoşbəxtlik arzulayıram. Qadın gülərsə, dünya gülər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.