Məşhur Məmmədov,
Millət vəkili8 Mart Beynəlxalq Qadınlar Günü hər il ölkəmizdə rəsmi bayram kimi qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev qadınları təbrik edir, onların cəmiyyətdə rolundan danışır, xanımlara ən xoş arzularını bildirir.
Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu böyükdür və 8 Mart - Beynəlxalq Qadınlar Gününün ölkəmizdə hər il rəsmi bayram günü kimi qeyd edilməsi və həmin gün münasibətilə ənənəvi olaraq dövlət başçısının qadınları təbrik etməsi Azərbaycanda qadınlara verilən dəyərin bariz nümunəsidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dünyada qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir, müsəlman şərqində isə bu sırada birincidir.
Azərbaycan qadınları deyəndə həmişə göz önündə fədakar, zəhmətkeş xanımlar canlanır. 2-ci dünya müharibəsində Azərbaycanlı qadınlar, nəinki arxa cəbhədə fasiləsiz təsərrüfat işləri görüb, fabrik-zavodlarda növbəsiz işləyirblər, gecələr yatmayıb əsgərlərə yun corab, əlcək toxuyublar, hətta ön cəbhələrdə fədakarlıq göstəriblər.
Azərbaycanda qadın siyasətinin inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyevin dövründə onlara verilən dəyərin yüksəlməsi və qadınların dövlət idarəçiliyində irəli çəkilməsi ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla və ardıcıl surətdə davam etdirilir. Azərbaycan qadınlarının cəmiyyətdə və idarəetmədə rolundan söz düşəndə göz önünə Mehriban xanım Əliyeva gəlir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva nəinki ölkə ərazisində, dünyada müasir, vətənpərvər və inkişaf etmiş Azərbaycan qadınının etalonuna çevrilib. Demək olar ki, Azərbaycan qadını haqqında təsəvvür və fikirlər Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır. UNESCO-nun və müsəlman aləmini əhatə edən İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi təmsil etməsi ilə yanaşı Azərbaycanın mədəniyyətə, incəsənətə dəyər verən daxili və xarici siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın rolu danılmazdır.
Hazırda Azərbaycan qadınları cəmiyyətdə fəal və aparıcı qüvvə kimi çıxış edirlər. Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu böyükdür və danılmazdır. Azərbaycan qadınları milli-mənəvi dəyərlərimizi qoruyur, adət-ənənələrimizə sədaqət və yüksək vətənpərvərlik hissini qorunub saxlayır. Vətən müharibəsindəki möhtəşəm zəfər qələbəmiz və həmin qələbənın hərəkətverici qüvvəsi olan gənclərimizin qəhrəmanlıqları Azərbaycan qadınının onlara verdiyi yüksək tərbiyəyə və müqəddəs vətənpərvərlik duyğusuna dəlalət edir. Bu gün də şəhid və qazilərimizin analarının, bacılarının və həyat yoldaşlarının Vətən müharibəsində olduğu kimi, sonrakı dövrdə göstərdikləri dəyanət və mətanət hər birimiz üçün qürur mənbəyidir. Qadınlarımız uşaq və yeniyetmələrin əsl vətəndaş kimi yetişməsində müstəsna rol oynayırlar.
Azərbaycan qadınları vətəndaş cəmiyyəti quruculuğu sahəsində də fəal iştirak edirlər, gender bərabərliyinin möhkəmlənməsi istiqamətində töhfə verirlər. Dövlət qurumlarında, parlamentdə, siyasi həyatda, elm və mədəniyyət sahələrində, bir sözlə, bütün aparıcı sahələrdə qadınlar üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlir, xidməti vəzifələrini məsuliyyətlə icra edirlər.
Azərbaycanda qadınların həyat şəraitinin yaxşılaşdırılması, onların intellektual inkişafı məqsədilə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilmiş, qanunvericilik aktları qəbul edilmişdir. Qadınlara dəyər vermə, qadınların təhsilə cəlb edilmə siyasətinin tarixi Azərbaycanın mütəfəkkir və ictimai xadimlərinin qadına münasibətinə bağlıdır. Azərbaycan qadını intellektual təməllər əsasında tarixi inkişaf yolu keçərək cəmiyyətimizin tərəqqisinə mühüm xidmətlər göstərib.
Qadınlar o qədər zərif məxluq, eyni zamanda güclü şəxsiyyətlərdir ki, onlar barədə, təmsil olunduqları qurumlarda fəaliyyətləri, nailiyyətləri barədə kifayət qədər söz açmaq olar. Bütün dünyada qadınların bayramıdır. Bu günlər onlar hərzamankı kimi yalnız xoş sözlərə, xoş arzulara layiqdirlər. Bütün xanımların bayramını təbrik edir, can sağlığı, bol ruzi, xoş günlər arzulayıram.
Bayramınız mübarək, əziz qadınlar!