AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəriflikdən zəifliyə aparan yol – Həbsxana

  • + A
  • - A
  • 23-04-2022, 02:39

    Zəriflikdən zəifliyə aparan yol – Həbsxana

    “Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır”. Yunus İmrəyə məxsus fikirlərdir. Bəli, səhvsiz inan yoxdur, lakin səhvi düzəltmək, normal həyata davam etmək də güclü iradə, məntiq məsələsidir. Təəssüf ki bu dəfə sizə səhvləri bağışlanmayan, düşünülməmiş hərəkətlər nəticəsində zəriflikdən zəifliyə yol almış məhkum xanımlardan söz açacağam...

    Üzərinə "Penitensiar xidmət" yazılan avtobus bizi biraz gözlətsə də, yola düşürük. Yolumuz yeni istifadəyə verilmiş 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinədir. Cənab Prezident İlham Əliyev açılışını etdikdən sonra ilk dəfə gedən ictimaiyyət nümayəndələri biz idik. Nə nəmişlik basmış divarlardan, nə yanmış qazanlardan, nə nə köhnə çarpayılardan yaza bilmirəm yazıya rəng qatmaq üçün. Yeni tikilib istifadəyə verilən binadır, təzə təmirli otaqlar, təzə inventarlar, pəncərədən də gölə mənzərə açılır. Sadəcə fərq ondadır ki, hər tərəfdə dəmir çərçivələr və xüsusi formalı işçilərin müşayiəti. İstəsələr də çərçivədən çıxa bilmirlər. Bax, azadlıq məhz bunun üçün qiymətsizdir. İnsan bəzən nəinki doğmalardan, hətta özündən uzaqlaşmaq istəyir...

    Məhkum xanımların idman zallarna, kitab çeşidləri bol kitabxanalarına baxandan sonra yolumuz uşaqlı anaların saxlandığı guşəyədir.

    3 ana gördük orda - biri Banqladeş vətəndaşı, ikisi azərbaycanlı. Onları birləşdirən cəhət eyni idi, hər üçü narkotik alveri ilə həbs edilmişdi.

    Onlar bütün müəssisədaxili işlərdən azaddırlar. Körpələri ilə vaxt keçirirlər. Hər cür şəraitli otaqlarla təmin olunublar, uşaqlar üçün də maraqlı attraksionlar var.

    Öyrənirik ki, 3 yaşa qədər uşaqlar məhkum analarının bir növ qalxanlarıdır. Məhkum analar üçün dünya o otaqdan ibarətdi və o dünyada bir övladlarıdır bir özləri... uşağın 3 yaşı olanda işgəncəli anlar başlayır, uşaqlar alınıb uşaq evlərinə verilir. O analaın halını təəvvür etməkdə qələm acizdir.

    Belə anaların biri Şəmkir rayonundan idi. Uşağın 3 yaşına aylar qalmışdı. Evdə də anasına əmanət etdiyi 17 yaşlı qızı qalıb, təəssüf ki, anası 2 aydır rəhmətə gedib. Gözünün yaşını sel kimi tökürdü qadın. Prezidentdən əfv, dövlətdən Aministiya istəyirdi. Nəinki yanındakı ciyərparasınndan ayrılmaq, o biri övladına da qovuşmaq istəyirdi. İndiki zamanda həddi buluğa çatan qızın tək qalması nə deməkdir, düşünməsi belə ağırdır. Rayonda hamı bir-birini tanıyır, qız tək qalıb, hamı da bilir ana türmədə...

    O biri uşaqlı qadın Qazaxdan idi, kefi kök görünürdü, çünki uşaq çox körpə idi, qarşıda şəraitli yerdə yaşamaq üşün illəri var, sonra Allah kərimdi...

    Banqladeşli xanım da narazı görünmürdü. Deyəsən övladını saxlamağa ən güvənli yer elə bura idi...

    Mətbəxə gedirik. Geniş mətbəx, təzə, par-par parlayan qazanlar. Biz gedən gün görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anım günü idi. Məhkum xanımlara ehsan verilirdi. Qazanlar hamısı növbənöv təamlarla dolu idi.

    Mətbəxdə çalışan xanımlar hamısı bir-birindən gözəl, təmiz geyimləri onları ağ göyərçinə bənzədirdi. Bəxti qara ağ göyərçinlər... Dələduzu da vardı, qatili də... Amma əksəriyyəti narkotiklə bağlı həbsdədir.

    Faciə ondadır ki, neşəsi əri ilə birgə məşğul olub narkotik satışı ilə. Əri həbsdə olanlar da vardı, tutulandan sonra onları bu yola sürükləyən ər tərəfindən unudulanlar da. Bərdəli cavan bir xanım ərinin qohumunu qətlə yetirib, namus üstə. Heç peşiman da deyildi, sadəcə 10 yaşlı balasından ayrı qalıb, hələ 11 il də qalmalıdır.... Prezidentdən bağışlanmağını istəyir. Xanımın birinin iyulda ilk nübarı əsgər gedəcək. Gözündən yaş sel kimi axır, oğlu onunla əlaqəni kəsib dediyinə görə. Biri həbsə düşəndə oğlu yetkinlik yaşına çatmadığı üçün nəzarətsiz qalıb, cinayət törədib, o biri məhkum xanımın gözlərinin gözəlliyindən bir kitab yazmaq olardı, 2 qız övladını maddi imkanı zəif bacısına əmanət edib Suraxanıda. Bəxtiqarə göyərçinılər ağlayır, dərdlərini danışır, böyük ümidlə aministiya, əvf gözləyirlər. Ürəyim ağrayır hallarına.

    Bəlkə də yanılırdım, timsah göz yaşları idi, çünki nəzarətçi xanım təəssüflə dedi ki, aralarında təkrar yolunu həbsxanadan salan xanımlar az deyil.

    Otaqlara gedirik. Yolboyu çərçivədən əl etsələr də, şəkillərinin çəkilməsinə razı olmurlar... 65 yaşlı qadına yaxınlaşıram. Qatildi, hələ 7 ili var qarşıda. Peşimana oxşamır, heç gözləyəni də yoxdu. Jurnalistlərin gəlişini eşidib qaçıb kənarda duran bir xanım çəkdi diqqətimizi, övladını öldürmüşdü. Heç ona tərəf baxmaq keçmədi ürəyimdən. Lənətlənmiş qadının bir ömür boyu vicdan cəzası var. Biri müəllimə idi. Deyir daha sinfə girib uşaqların üzünə baxa bilmərəm. Kosmetikası yerində bir xanım da diqqətimi cəlb edir, sevgilisi ilə birləşib ərini öldürüb... Talelər müxtəlif, xarakterlər müxtəlif. Orda baş çıxarmaq da asan iş deyil. Məhkum xanımların əksəri baxımlıdır, sadəcə dırnaqları yoxdu. Yaqin davadan sığortalanmaq üçün qərardır.

    Qonaq otaqlarına baxıram. Ailə üçün bir neçə gecə qalmağa hər şərait var. Amma ziyarətçilər məhkum xanımların anaları, bacıları, qardaşları olur. Ya vəfasızlıq, ya mentalitet, ya da biganəlik səbəbindən həyat yoldaşlarının gəlib məhkum xanımı ilə vaxt keçirməsi nadir haldır.

    Dərzilik sexində səliqəli, xüsusi geyimli xanımlardır. Nəzarətçi xanımlar olmasa, adi tikiş sexlərindən fəqrlənmir. Bir-birlərinə qarşı çox mehriban idilər. Onlara baxanda o dəqiqə bilinir peşimandılar, islah olunublar.
    Hər birinə səbr, dözüm, tezliklə azadlıq arzuladım, təkrar həbsxanaya yollarının düşməməsi diləyi ilə. İnanıram ki, tez-tez monitorinqlər aparılacaq, cəza müddətinin bitməsinə az qalmışlar, islah olunmuşlar, analar azadlığa çıxacaq dövlətimizin humanizmliyi sayəsində.

    Elnurə Abuşova















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR