Qrantlar nazirliyə yaxın olan şəxs və təşkilatlara, ən dəhşətlisi isə, nazirliyin yanında təyin edilmiş İctimai Şura üzvlərinə verilib - İDDİA
Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin qrant verdiyi təşkilatlardan yazdı. Azadmedia.az K.Əsədovun sözügedən yazısını təqdim edir:"İctimai təşəbbüslərlə bağlı qrant müsabiqəsinin nəticələrini elan edib. Ümid edirəm ki, xəbəriniz var.
Xatırladım ki, verilən qrantların böyük əksəriyyəti nazirliyə yaxın olan şəxs və təşkilatlara, ən dəhşətlisi isə, nazirliyin yanında təyin edilmiş İctimai Şura üzvlərinə verilib.
200 min manat qrant verdiyiniz ictimai şura üzvü, sizin nazirliyin fəaliyyətinə necə şəffaf, obyektiv ictimai nəzarət, monitorinq edə bilər?
Gəlin sizin verdiyiniz qrant layihələrinin bir neçəsini təhlil edək görək ki, onun elm, təhsil üçün əhəmiyyəti nədir?
1.Elm və Təhsil nazirliyinin özünün dolayısı ilə təsis etdiyi "Azərbaycan Gənc Müəllimlər Assosiasiyası" İctimai Birliyinə 2 kateqoriya üçün 191 min 240 manat ayrılıb. Birincisi hazırda bu təşkilatın rəhbəri sizin nazirliyin yanında təyin edilmiş İctimai Şuranın katibidir.
Birmənalı şəkildə bu təstiq edir ki, İctimai Şura fəaliyyətində şəffaf olmayacaq. Misal üçün, Avropa Parlamentinin (AP) keçmiş vitse-prezidentlərindən olan yunan deputat Eva Kailini Qətər ilə bağlı qərarlara müdaxilə ətmək üçün məhz müxtəlif formalarda qrant almışdı ki, onu da bir neçə gün öncə vəzifədən azad etdilər.
"Azərbaycan Gənc Müəllimlər Assosiasiyası" İctimai Birliyinə 94 840,00 AZN dəyərində vəsait verilən layihənin adı "Regionlarda beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin açılması" adlanır.
Elm və Təhsil nazirliyi KOBİA-dır ki, mərkəz açılmasına pul ayırır? Nə vaxtdan QHT MMC yarada bilir və biznes fəaliyyəti ilə məşğul olur?
Deyəcəksiniz ki, bu mərkəzlər pulsuz olacaq. Elədirsə onda, niyə V qrant layihəsində Nizami rayonu 250 nömrəli tam orta məktəbə 18.080 manat, hazırlığı mərkəzi Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbə 17890 manat, Azərbaycan Britaniya Kollecinin müəlliminə 9640 manat, Nərimanov rayonu 178 nömrəli tam orta məktəbin müəlliminə 5582 manat, Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin müəlliminə 9369,2 manat və belə son 3 qrant layihəsində eyni məqsədə xidmətən, olimpiadaya hazırlkıq, mərkəz adı altında 300 min manatdan çox vəsait vermisiniz.
Bunlar bəs etmədi? Yoxsa hansı ciddi müsbət nəticəni gördük?
2. İctimai Şurada təmsil olunan digər üzvünüzə "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinə 20.000 min manat qrant vermisiniz. Bu siyahını davam etdirmək olar.
Düşünürəm ki, Elm və Təhsil nazirliyinin öz fəaliyyətinə nəzarət və mütəmadi olaraq şəffaf audit etməli olan İctimai Şura üzvlərinə böyük məbləğdə qrantlar verməsi birbaşa Korrupsiya ilə əlaqədar hüquqpozma hesab oluna bilər.
Belə ki, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə müşahidə olunan hərəkət birbaşa Korrupsiya ilə əlaqədar hüquqpozmadır.
"2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində qalib elan edilmiş layihələrin heç birinin elm, təhsil üçün əhəmiyyəti yoxdur.
Bu layihələr bir başa dövlət vəsaitini talamaqdan başqa bir şey deyil.
Burada göyə sovrulan milyonlarla manata nə qədər qəzalı məktəbi təmir etmək, nə qədər istilik sistemi olmayan məktəbləri istiliklə təmin etmək, nə qədər palçıqlı yollarla məktəbə gedən şagirdlər üçün məktəbli avtobusları təşkil etmək olardı.
Orada olan layihələri, o QHT-lərin indiyə qədərki bütün fəaliyyətini müzakirə etsək görərsiniz ki, Elm və Təhsil nazirliyi dövlət vəsaitini necə əhəmiyyətsiz yerə sərf edir".
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR