"Başınıza torba keçirərək, öldürülənə qədər işgəncə edəcəklər" - bunu bilərək etiraz edərsiniz?
Hələ Sovet dövründə Naxçıvanda bir deyim var idi: Naxçıvanda rəhbərsənsə iki kəndə diqqət yetirməlisən. Biri Muxtar Respublikanın ən böyük kəndi Nehrəm, digəri isə ən azad fikirli, mübariz ruhlu insanları olan Bənəniyar kəndi. Bu deyim sıradan bir deyim deyildi. Hələ qocaların dediyi erməni-müsəlman müharibəsində yəni 1905, 1917-18-ci illərdə belə ermənilər bu iki kəndin həndəvərindən belə dolaşa bilməmişdilər.
Bənəniyar kəndindən olan bəylər (Bənəniyarski soyadı daşıyırdılar) daim dövlət xidmətlərində fərqlənmiş, hətta Qəmbəralı Bənəniyarski 1918-ci ildə Araz-Türk Respublikasının Maliyyə naziri vəzifəsini daşımışdır. Sovet dövründə də Naxçıvanda və Azərbaycan rəhbərliyində təmsil olunan müxtəlif bənəniyarlılara rast gəlirik.
AZAD RUHLU ADAMLAR
"Əski köyə yeni adət gətiriləndə", bəzi kəndlərdə camaat yığışıb bunun xalqın yaxşılığına və ya ziyanına olduğuna qərar verərdi. Əgər ziyanına idisə yaxın buraxmazdılar. Sovet Hakimiyyətinin qurulması, bu hakimiyyət dövründə bəzi məsələlər kənd camaatının ürəyincə olmayıb. Elə buna görə də, Sovet hakimiyyətinin qılıncının dalının da, qabağının da kəsdiyi günlərdə bənəniyarlılar müxtəlif yollara öz etirazlarını bildiriblər. Dağlarda dəstə tutub şaxsey getmək əslində təkcə dinə bağlılığın göstəricisi deyil, həm də ateizm ideyalarına etiraz idi.
Xalq cəbhəsi qurulanda onun öncülləri sırasında yer tutanların bir çoxu bənəniyarlılar idi. Hətta ulu öndər Heydər Əliyev Moskvadan Naxçıvana enəndə onun pişvazına çıxan, Ulu öndərin xalqla kənddə görüşünü təşkil edən ilk kəndlərdən idi kəndimiz. Buna görə də ulu öndər Heydər Əliyev heç vaxt bənəniyarlıları özündən uzaq tutmamış onların sadiqliyini, vətənpərvərliyini və azadlıqsevər olduqlarını yaxşı bildiyi üçün hər zaman komandasında bənəniyarlılara yer ayırmışdır.
QARA GÜNLƏRİN GƏLMƏSİ
Ulu öndərin Bakıya ikinci qayıdışından sonra bənəniyarlıların qara günü də başlamışdı. Vasif Talıbov idarəetməsi kəndi yalnız şeytan yuvası və şər məskəni görmüşdü. Bunun sayəsində də kənddə Vasif Talıbov istibdadına qarşı çıxanlar davamlı təzyiqlərə məruz qalmış, dəfələrlə polis bölmələrində təhqir edilərək, işgəncələrə məruz qalmışdılar.
Bütün bunlar kənddə Vasif Talıbovun qurduğu haqsız düzənə qarşı bir etiraz formalaşdırmış, yerli əhali müxtəlif problemləri ictimailəşdirib etirazlarını bildirmişdlər.
Bunun sayəsində də bir rəhbər tərəfindən kənd əhalisinə qarşı düşmən münasibət bəslənilmiş, uzun müddət kənddən heç bir adam vəzifəyə təyin edilməmiş, heç bir layihənin reallaşdırılmasına imkan verilməmişdir. Bu proses 2010-cu ilə qədər davam etdirilmişdir.
2010-CU İL CİNAYƏTLƏRİ
Zaman 29 dekabr 2009-cu ili göstərdikdə kənddə qeyri-adi bir hadisə baş verdi. Məhərrəm ayı kənddə şaxsey gedənlər Əlincə polis bölməsinə aparıldı. Qışın oğlan çağında həmin şəxslər lüt soyundurulub Əbrəqunus kəndindəki polis bölməsinin həyətindəki ağaca bağlandılar. Kənd camaatı bu hadisədən axşam şaxsey zamanı xəbər tutdu. İçlərinə polis tərəfindən öyrədilmiş adamların olduğu gənclərdən ibarət dəstə polis bölməsinə hərəkət etdi. Yolda bunları görüb baş verə biləcək fəsadların qarşısını almağa çalışan mərhum müəllim Rza Nuriyev kənd uşaqlarını sakitləşdirməyə və təmkinli olmağa çağırsa da, şeytanların tırkasından cuşa gəlmiş dəstəni saxlamaq mümkün olmadı. Bənəniyar sakinləri və Əlincə polis bölməsi arasında böyük qarşıdurma baş verdi. Səhəri günü polis gecə kənddə şaxsey getməyi qadağan etdi. Nəticədə Yunis Əliyev polisin atasını təhqirinə və Vasif xanın kənd camaatına istibdadına qarşı etiraz əlaməti olaraq özünü yandırdı. Bundan sonra hadisələr o qədər şiddətli və sürətli davam etdi ki, insanlar hətta nə baş verdiyini belə anlamaqda aciz oldular. İlk addımı yenə polisdən gəldi və polis özbaşınalığına qarşı dirəniş göstərən kəndə hərbi texnika yeridildi. Kənddə daş üstə daş qalmadı. Daxili qoşunların spetsnazları aldıqları əmrlə girib evlərdə hamilə qadın, uşaq, yaşlı qoca demədən əhalini sürüyə-sürüyə kəndin mərkəzinə gətirib, ordan da maşınlarla Böyükdüz təcridxanasına aparırlar (Bunu mənə həmin spetsnazlardan biri danışıb). Kəndin iki ağsaqqalı Rza Nuriyev və Əli Rəhimov rəhbərlik tərəfindən hədəf seçilir. Böyükdüz təcridxanasında hər ikisinə ağlasığmaz və qeyri-adi işgəncələr verilir. Bu işgəncələrə tab gətirməyən Rza müəllim, təcridxanadan azad ediləndən iki gün sonra, 5 yanvar 2010-cu ildə vəfat edir. Əli Rəhimov isə xeyli müddət kəndi tərk etmək məcburiyyətində qalır. Sonradan kənddəki evini də sataraq, Bakıya yerləşmək məcburiyyətində qalmışdır. Özünü yandıran Yunis Əliyev Naxçıvan şəhərindəki Mərkəzi xəstəxanaya yerləşdirilsə də qəsdən həkimlərə ona tibbi yardım etməmək tapşırılır. Nəticədə qardaşının Tanrı umuduna qaldığını görən Kəmalə Bənəniyarlı Bakıda səs-küy salır və o səs-küyün dayandırılması ücün Vasif Xan Yunis Əliyevin İrana aparılıb orda əməliyyat olunmasına icazə verir. O dövrdə Bakıda yaşayan bənəniyarlılar Vasif Talıbov istibdadına qarşı Prezident Administrasiyasının qarşısında piket keçirsələr də bu etiraz nəticəsiz qalır. Nəinki nəticəsiz qalır, həmin piketdə iştirak edənlər kamera vasitəsilə tapılır və başlarına qara torba keçirdilərək, Naxçıvana gətizdirilir. Hər birinə işgəncə verilir və bir daha səslərini çıxarmayacaqları barədə yazılı iltizam alınır.
Növbəti hədəf isə susdurulan kənddə fəaliyyət göstərən 25 çayxana, 20-dən çox mağaza və əhalinin dolanışıq üçün qurduğu balaca istehsal müəssisələrinin məhv edilməsi olur. Kəndin mərkəzi boldezlər tərəfindən kürüdülərək, dümdüz edilir. Səsin çıxaran qadın, kişı, yaşlı, uşaq olmasından asılı olmayaraq həbs edilir. Rza Nuriyevə edilən haqsızlığa görə bəzi müəllimlər işdən çıxarılır.
KƏNDDƏN KÖÇ
Həmin ildən başlayaraq kənddən köç daha çoxalır. Əgər 2010-cu ilə qədər Culfa rayonununu tərk edən ən az ailə Bənəniyar kəndindən idisə, həmin ildən kənddən çox sürətli bir köç başlayır.
Əhalinin bir qismi İstanbula köçübsə, artıq böyük bir qismi Bakıda məskunlaşıb. Siz günün istənilən vaxtı Masazır və Binə qəsəbələrinə getsəniz orda bənənyarlılara rast gələ bilərsiniz. Vasif Talıbovun Naxçıvandakı uğurlu siyasəti nəticəsində indi 100-lərlə ailə evinə çörək aparmaq üçün Bakıda yaşamağa məhkumdur.
İSTİBDADIN SONU
Naxçıvanda elə kəndlər var ki, indi gecə vaxtı o kəndlərdəki bir ya iki evdən işıq gəlir. Vasif Talıbovun kəndlərin inkişaf strategiyası və əhaliyə qayğısı nəticəsində tezliklə o evlərin də işığının sönməsi nəzərdə tutulmuşdu. Beləliklə bütün kəndlər işıqsız qalacaq, Naxçıvana ayrılan bütün pullar isə qızıl tabaqda ona veriləcəkdi. Amma Tanrı gec-tez hər kəsin etdiyini özünə qaytarır. O filmdə deyildiyi kimi, "Yaxşı ki, Qatır Məmməd o günü görmədi"yi kimi, Vasif Talıbov da o günü görə bilmədi. İndi isə "Möhtərəm Sədrin" yediklərini qusmaq zamanıdır. İnanıram ki, tezliklə Naxçıvanda haqq ədalət bərpa olunacaq, Bənəniyar hadisələri də öz hüquqi qiymətini alacaq. Bu hadisələrdə əli olanlar həm dövlətimiz tərəfindən, həm Tanrı tərəfindən öz cəzasını alacaqlar.
P.S. Vasif Talıbov haqqında yazılan məqalələrin altında bəzən bu sözləri oxuyuram. Niyə vaxtında etiraz etmirdiniz? İndi mən həmin adamlara sual verirəm. 2010-cu ildə bənəniyarlılar etiraz edəndə Siz nə edirdiniz? Əgər etiraz etdiyinizə görə başınıza torba keçirilərək, öldürülmək həddinə qədər Sizə işgəncə ediləcəyini bilsəniz etiraz edə bilərsiniz?
Elmar Hüseynov