Oktyabrın 18-də Qazax şəhəri, Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə "Loqos" Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə "10 oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günü"nə həsr olunan "Psixi sağlamlığımızı qoruyaq" mövzusunda psixoloji maariflədirmə tədbiri keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Cəfərova, "Loqos" Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva, Mərkəzin əməkdaşları, həmçinin, tələbələr, müəllimlər, həkimlər, valideynlər iştirak ediblər.
Çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova bildirib ki, bu kimi tədbirlərin rayon ərazisində keçirilməsi sakinlər arasında psixoloji maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir və bununla vətəndaşların bilik və bacarıqları daha da artmaqdadır. Kəmalə Cəfərova tədbirin keçirilməsinə görə "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbər və kollektivinə minnətdarlığını bildirib, tədbir iştirakçılarına uğurlar arzu edib.
"Loqos" Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxış edərək, tədbir iştirakçılarını salamlayıb, "Loqos" Psixoloji və Nitq Mərkəzinin çoxsahəli fəaliyyəti barədə geniş məlumat verib. Elmira Mirzəyeva bugün cəmiyyət arasında ən çox yayılan stres və onların həll yolları mövzusunda öz bilik və bacarıqlarını tədbir iştirakçıları ilə bölüşüb.
"Loqos" Psixoloji və Nitq Mərkəzinin baş uşaq psixoloqu Xəyal Bayramov çıxışı zamanı travma sonrası stres pozuntusu, onun əlamətləri, pozuntunun simptomları haqqında çıxış edib, tədbir iştirakçılarına öz tövsiyələrini bildirib.
"Loqos" Psixoloji və Nitq Mərkəzinin regional direktoru, psixoloq Günay Hüseynova çıxışında artıq 10 ildir fəaliyyət göstərən "Loqos" Psixoloji və Nitq Mərkəzin ölkəmizin ən böyük psixoloji mərkəzi paytaxt Bakıda və regionlarda 10 filialla fəaliyyətini davam etdirdiyini bildirib. Qazaxda da fəaliyyət göstərən Mərkəzin bütün psixoloji problemlərlə bağlı peşəkar fəaliyyətini layiqincə davam etdirdiyini bildirən Günay Hüseynova, bundan sonra da xalqımızın psixoloji sağlamlığının formalaşması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəyini bildirib.
"Loqos" Psixoloji və Nitq Mərkəzinin klinik psixoloqu Sona Davudova çıxışı zamanı müasir dövrdə psixi sağlamlıq mövzusundan öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Natiq günümüzdə baş verən dəyişikliklər fonunda cəmiyyətin psixi sağlamlıq dərəcəsi, əsas üzləşilən problemlər barədə çıxış edib, öz tövsiyələrini bölüşüb.
Mərkəzin psixo-pedaqoqu Səlmi Əsgərova, loqopedi Aytac Nəbiyeva xüsusilə son dönəmlərdə geniş yayılan psixi və nitq inkişaf ləngiməsi, kəkələmə, dislaliya haqqında çıxış edərək, bu problemlərin uşaqlar arasında get-gedə artdığını, zamanında tədbirlər görülməzsə psixoloji problemin daha da özünü qabarıq göstərəcəyini bildiriblər.
Sonda çıxış edən Mərkəzin inkluziv təhsil mütəxəssisi Aynurə Sarıyeva tədbir iştirakçıları üçün inkluziv təlim nədir, uşaqların inkluziv təhsilə yönlənməsinin əhəmiyyəti, inkluziv uşaqların sosial mühitə adaptasiyası mövzularında tədbir iştirakçıları üçün vacib məlumatlar verib.
Rəsmi hissədən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, görüş diskussiya şəklində davam etdirilib.