Etibar Əliyev,
Millət vəkili1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) yaradılmasının 50 illiyi münasibətilə yubiley tədbirində Azərbaycan Kommunist Partiyasının 1-ci katibi HEYDƏR ƏLİYEV Ana dilində nitq söyləmişdir. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırmış, onları ruhlandırmışdır. Unudulmaz HEYDƏR ƏLİYEV həmin tədbirdə demişdir: "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi."
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ: “Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin.”
FİRİDUN bəy KÖÇƏRLİ: "Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir. Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, şairlərimizdən və ədiblərimizdən çox-çox təvəqqe edirəm ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın. ....İndi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrətmək üçün yazılan təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsi ilə ana dilini ancaq unutmaq olar.
MİRZƏ İBRAHİMOV: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın hər nəşə və sevincinə bais sənsən... Yol kənarında ağac əkdirən, səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul yetirmək həvəsini alovlandıran, qolumdan tutub yaz deyən sənsən."
TÜRKOLOQ AYDIN MƏMMƏDOV: "İndi ana dilimiz haqqında çox danışırıq. Biri tribunadan çıxış edir: "Azərbaycan dili unudululur, buna yol vermək olmaz". Alqışlayırlar. Tribunadan düşür, soruşursan, uşaqların hansı dildə oxuyur? Deyir: "Rus dilində". Məgər ruslar bizi məcbur edirlərmi ki, uşaqlarımızı rus məktəbinə qoyaq? Allaha şükür bunu seçməkdə hamı sərbəstdir. Əgər Azərbaycan məktəbləri azlıq eləsydi, narazılığa əsas olardı. Bu ki, belə deyil."
Kim qoruya bilməyirsə öz yurdunu- yuvasını,
Udmasın yurd havasını.
Kim qorumur öz dilini ,
İtsin mənim gözümdən qoy ilim-ilim!
O sahili bu sahillə birləşdirən
Polad körpüm, qılıncımdır,
Günəşimdir mənim dilim!!!
XƏLİL RZA ULUTÜRK