Eko Səfir qızları proqramı ABŞ təhsilli məzunlar tərəfindən dizayn olunub Resource HUB-ın təşkilatı dəstəyi və ASAN Könüllüləri Təşkilatının əməkdaşlığı ilə həyata keçirilib. Proqramın məqsədi Azərbaycanın Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevirdən olan 55 nəfər gənc qız icmalarını ətraf mühit səfirləri kimi formalaşdırmaq və ekoloji maarifləndirməni təşviq etməkdi. Quba və Bərdə regional ASAN xidmət mərkəzlərində baş tutan ekoloji və sosial sahələrin idarəolunması ilə bağlı intensiv təlimlərin sonunda iştirakçılar komandalar şəklində birləşərək öz icmalarında ekoloji problemlərin həllinə yönəlmiş 11 ekoloji-sosial təşəbbüs icra ediblər. Paralel olaraq, komandalara təşəbbüsləri həyata keçirmək üçün müxtəlif regionlardan seçilmiş 10 nəfər gənclər sahəsi üzrə əməkdaş və müəllimlərdən ibarət qrup iştirakçılara mentor dəstəyi göstərib.
İctimai Təqdimat zamanı millət vəkilləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər nazirliyi yanında İctimai Şuranın nümayəndələri, özəl sektor və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Eko səfir qızlar proqramının koordinatorları Fidan Dərgahlı və Rezida Rzayeva öz çıxışlarında qeyd ediblər ki, “İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eko səfir qızların regionlarda həyata keçirdikləri təşəbbüslər bu prosesə öz töhfəsini verəcək.” Onlar ictimaiyyət nümayəndələrini bu prosessdə daha fəal olmağa səsləyiblər.
Resource HUB-ın direktoru Gülnara İsmailova çıxışı zamanı qeyd edib: “Eko Səfir Qızlar proqramının ölkəmizdə COP29 kimi tədbirin keçirildiyi ilə təsadüf etməsi böyük əhəmiyyət kəsb edir. Bundan əlavə bildiyiniz kimi bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Resource HUB olaraq ekoloji mövzuda bu cür əhəmiyyətli layihənin təşkilatçısı olmaq bizim üçün vacib və önəmlidir. Proqram iştirakçılarına uğurlar arzu edirəm.”
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova çıxışı zamanı “Ekoloji sahədə bilik və savadlılığın artırılması çox önəmlidir. Bu mövzuda məktəblilərin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən layihədə qızların iştirakı xüsusi özəllik daşıyır.” deyə qeyd edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, f.e.d. Rövşən Abbasov çıxışı zamanı qeyd edib: “Ətraf mühitin qorunmasında xanımların rolu daha vacibdir. Təcrübə göstərir ki, ətraf mühitlə daha çox ünsiyyətdə onların olduqları üçün bu mövzuda onların iştirakçılığının təmin edilməsi önəmlidir.”
Millət vəkili Müşfiq Cəfərov “Layihədə iştirak edən qızlarımız artıq eko səfir adını daşıyırlar. Bu o deməkdir ki, onlar ətraf mühitin qorunmasında cavabdeh şəxslərdir və digərlərini də buna təşviq etməlidirlər. İnanıram ki, layihə davamlı olacaq.” deyə qeyd edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun əməkdaşı, Yaşıl ASAN proqramının rəhbəri Rza Mirzəzadə çıxışı zamanı qeyd edib: “ASAN Könüllüləri keçirilən digər sosial layihələr kimi ekoloji-sosial layihələri də dəstəkləyir. Bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsi, təbiətimizi qorumaq və xüsusilə, qızların cəlb edilməsi möhtəşəm addımdır.”
Tədbirdə iştirak edən ABŞ səfirliyinin məzunlar üzrə koordinatoru Lamiyə Korçiyeva “Qızlarımızın həyata keçirdiyi təşəbbüslər təqdirə layiqdir. Səfirlik olaraq bu cür təşəbbüslərin icrası, xüsusilə də, bölgələrdən olan iştirakçıların cəlb edilməsi bizim üçün çox vacibdir. Gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.” çıxışı zamanı qeyd edib.
Tədbirin sonunda millət vəkili, keçmiş prezidentliyə namizəd Razi Nurullayev çıxış edərək iştirakçılara sertifikatları təqdim edib: “Mən sizi eko səfir adını qazanmağınız münasibətilə təbrik edirəm. Çox şanslısınız ki, bu cür möhtəşəm proqramın bir hissəsisiniz. Həyata keçirdiyiniz təşəbbüslər icmalar üçün böyük əhəmiyyət kəsb edir.”
Mərasim zamanı A.Zeynallı adına musiqi məktəbinin məzunlarının ifaları səsləndirilib.