Səbail rayonu, Həsən Seyidbəyli küçəsi 31 ünvanında yerləşən beşmərtəbəli binanın qapalı olan həyətyanı sahəsinə hansısa məmurun gözü düşüb. Belə olmasaydı, həyətin hər tərəfini bağlayıb, qapısına qıfıl vurmazdılar. Qeyd edim ki, sakinlər bu barədə dəfələrlə şikayət edib, oxu.az saytı 3 aprel tarixində bu barədə yazıb.
https://oxu.az/society/856250Təəssüf ki, üstündən xeyli vaxt keçsə də, məsələ həllini tapmayıb, həyətin qapısı sakinlərin üzünə bağlıdır.
Azadmedia.az saytı da bu məsələni 4 mayda işıqlandırıb.
https://azadmedia.az/cemiyyet/96555-sbaild-bemrtbli-binann-qapal-olan-hytin-kimlrs-goz-dikib-ikayt.htmlQeyd edək ki, məqalə saytımızda dərc ediləndən sonra.Səbail rayon İH-nin rəsmi elektron poçtuna məlumatı göndərsək də, heç reaksiya olmayıb. Bina sakinlərinin qapalı həyətinə göz dikən məmurun əli ya çox uzundur, ya da, elə əraziyə gözü düşən Səbail rayonu İcra hakiminin özüdür.
Özbaşınalıq o dərəcədədir ki, beşmərtəbəli binanın qapalı olan həyətyanı sahəsindən sakinlər istifadə edə bilmir.
Sakinlər Azadmedia.az-a bildiriblər ki, şikayətləri Oxu.Az-da işıqlanandan sonra İcradan sayta bildiriblər ki, sözügedən ərazi sakinlərin istifadəsi üçün açıldı. Bakı şəhəri Yaşıllaşdırma İdərəsinin işçiləri tərəfindən həmin sahə təmizləndi, ağaclara aqrotexniki xidmət göstərildi.
Amma sakinlər bildirir ki, sayta yalan məlumat verildi, hələ də yaşadığımız binanın sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş həyətyanı sahə yenidən qapalı vəziyyətdədir.
Ərazidə qurumuş budaqlar kəsilməyib, yeni ağaclar əkilməyib. Tikinti tullantıları yerində qalıb. Heç bir abadlıq işləri görülməyib. Zədələnmiş əsas divar bərpa olunmayıb. Sonradan qoyulan taxta löhvələri də çıxarılmayıb. Qıfıllanan qapı icra tərəfindən bağlı saxlanır.
İnanmaq istəyirik ki, bu dəfə Səbail Rayon İcra Hakimiyəti daşı ətəyindən töküb, sakinlərin həyətini özlərinə qaytaracaq.
Yoxsa, sakinlərin etiraz üçün üz tutacaqları son ünvan - Prezident Aparatı ərazidən çox da uzaqda deyil...