AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Türkiyəni F-35-lə “vurdu”- təfərrüat

  • + A
  • - A
  • 19-07-2019, 10:34

    Tramp Türkiyəni F-35-lə “vurdu”- təfərrüat

    F-35 təyyarələrinin qiyməti 7-8 milyon dollar bahalaşacaq, Ankara isə alternativ variantlara baxa bilər

    ABŞ Müdafiə Nazirliyi Türkiyəyə F-35 döyüş təyyarələri proqramında iştirakını dayandırıb. Pentaqon bu qərarı Rusiyadan S-400 zenit-raket kompleksi alması ilə əsaslandırıb. Belə bir qərarın olması daha əvvəldən gözlənilsə də, məlum qərar Ankara və Brüsseldə narahatlıqla qarşılanıb.

    Ancaq eyni zamanda ABŞ Müdafiə Nazirliyinin Satınalma və Təmir İşləri üzrə rəsmisi Ellen Lord bildirib ki, bu qərar “geri döndürülməz” deyil, əgər Ankara S-400 mövzusunda mövqeyini dəyişdirərsə, yenidən proqrama qatılması müzakirə oluna bilər. Eyni zamanda o, hazırda ABŞ-da olan və F-35 təlimlərində iştirak edən Türkiyə hərbi pilotlarının geri göndərilmə mərhələsində olduğunu deyib.

    Qeyd edək ki, Türkiyə F-35 layihəsinin üzvüdür. Bu səbəbdən də Ankaranın layihədən çıxarılması 9 milyardlıq ziyana səbəb ola bilər. Lakin Qərb mənbələri Trampın Yaponiya səfəri zamanı bu ölkəyə Türkiyənin alacağı sayda, yəni 100-ə yaxın F-35 satılması ilə bağlı müqavilə imzalanıb. Mütəxəssislər hesab edirlər ki, Türkiyənin proqramdan çıxmasından yarana biləcək zərərləri Yaponiyaya satışla aradan qaldırmaq mümkün olacaq. Ümumilikdə isə Türkiyənin proqramdan çıxması Vaşinqtona 500-600 milyon dollar dəyərində zərər vuracaq.

    Tramp Türkiyəni F-35-lə “vurdu”- təfərrüat


    Türkiyə XİN isə yaydığı rəsmi açıqlamada qərarı “birtərəfli və müttəfiqlik ruhu ilə uyğun gəlməyən” və eləcə də “gerçəkliyə əsaslanmayan” sənəd adlandırıb. Eyni zamanda XİN bəyanatında qeyd olunur ki, Türkiyənin F-35 proqramından kənarda qoyulması ədalətsiz olmaqla yanaşı, S-400 sisteminin F-35-lərin fəaliyyətinə maneə yaradacağı, texniki göstəricilərini ələ keçirəcəyi iddiaları da əsassızdır. Türkiyə tərəfi qeyd edir ki, Ankaranın NATO-nun da iştirakı ilə bu mübahisələri həll etmək üçün birgə komissiya yaradılması təklifi də cavabsız qalıb.

    Sitat: “ABŞ Türkiyənin dostluğuna önəm verdiyini, sadəcə, sözdə deyil, fəaliyyətlər, xüsusən də İŞİD, PKK/PYD/YPG və FETÖ ilə mübarizədə göstərməlidir”.

    Türkiyə XİN ABŞ-ı strateji əlaqələrdə yaralara səbəb ola biləcək xətadan geri çəkilməyə çağırır.

    Tramp Türkiyəni F-35-lə “vurdu”- təfərrüat


    NATO baş katibi Yens Stoltenberq Türkiyənin F-35 proqramından çıxarılmasının narahatlıq doğurduğunu deyib. Baş katib deyib ki, S-400-lər NATO-nun birgə hava hücumundan və raketdən müdafiə sistemlərinin bir parçası olmayacağını, ancaq Türkiyədə olan mövcud təyyarə və radar sistemlərinin NATO ilə inteqrasiya halında fəaliyyət göstərməyə davam edə biləcəyini deyib. Sitat: “Türkiyənin NATO-ya dəstəyi və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən daha dərin və əhatəlidir. S-400 məsələsini kiçiltmək istəmirəm, amma bir NATO müttəfiqi olaraq Türkiyə S-400-lərdən daha vacibdir. Türkiyə İŞİD-lə mübarizədə həlledici müttəfiqdir. Bundan başqa, Türkiyə Balkan respublikalarında, Kosovada və Əfqanıstanda bir sıra NATO əməliyyatlarına dəstək verir. Türkiyə NATO hava hücumundan müdafiə sisteminin bir parçası olaraq davam edəcək, amma bu vəziyyətdən narahatam, çünki artıq F-35 proqramında olmayacaq”.

    Ağ Evin yaydığı rəsmi açıqlamada isə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasının onun F-35 proqramına daxil olmasını mümkünsüz etdiyi vurğulanıb.

    Sitat: “Rusiya kəşfiyyatının F-35-lərin inkişaf etmiş imkanlarını öyrənmək üçün istifadə edəcəyi bir platforma ilə birlikdə fəaliyyət göstərə bilməz”.

    Eyni zamanda Vaşinqton Türkiyəyə “Patriot” təklif etdiyini, eləcə də 65 ildir etibarlı NATO müttəfiqi olan bir ölkənin S-400 alması NATO üzvlərinin Rusiya sistemlərindən uzaq dayanması üçün verdiyi sözə əməl etmədiyini qeyd edib. Lakin eyni zamanda Vaşinqton digər məsələlərdə əməkdaşlığın davam edəcəyini vurğulayıb.
    Tramp Türkiyəni F-35-lə “vurdu”- təfərrüat

    Xatırladaq ki, bu həftənin əvvəlində prezident Tramp Türkiyənin Rusiyadan S-400-ləri almasına münasibət bildirib. ABŞ prezidenti deyib ki, S-400-lərə rəğmən Türkiyə ilə münasibətlər yaxşıdır. Eyni zamanda Tramp Türkiyəyə “Patriot” sistemlərinin satılmamasına görə əvvəlki kabineti ittiham edib, dolayısı ilə bu problemlərə görə Obama administrasiyasını günahlandırıb.

    Türkiyə dünyanın ən məşhur silah istehsalçısı olan “Lockheed Martin” şirkətinin həyata keçirdiyi “Müştərək Hücum Proqramı” çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35 “Lightning II” layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən F-35 qırıcılarının bəzi ehtiyat hissələri Türkiyədə istehsal olunacaq və Türkiyə ilə F-35 təyyarələrinin istehsalçısı “Lockheed Martin” şirkəti arasında imzalanmış 9 milyard dollarlıq anlaşmaya əsasən, Türkiyə 100 ədəd, bəzi məlumatlarda 116 ədəd F-35 təyyarəsi alacaq. Layihə şirkətinin saytında qeyd olunan məlumata əsasən, Türkiyə şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gəlir əldə edəcək. Bu layihədə Türkiyənin ASELSAN, HAVELSAN, ROKETSAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) kimi şirkətləri iştirak edir.

    Ən müasir, 5-ci nəsil döyüş təyyarələri olan F-35-lər dünyada böyük maraqla qarşılanıb. Uzunluğu 15, 4 metr, qanadlarının eni 10,7 metr olan döyüş təyyarələri 134 ton ağırlığındadır. Bu təyyarələr birdəfəyə 2200 kilometr uça bilir. F-35 qısa məsafəli qalxma-enmə, şaquli qalxma-enmə, radara görünməzlik texnologiyası və bağlı hissələrdən silah sistemlərinin tətbiqi kimi xüsusiyyətlərə malikdir.

    F-35 təyyarəsi 25 mm-lik GAU-22/A aviasiya topu, “havadan havaya”, “havadan quruya” tipli raketlər, həmçinin ayrıca GBU-31JDAM, GBU32JDAM idarə olunan bombalarıla təchiz edilib.

    F-35-in mühərriki “Rolls-Roys” (Rolls-Royce) şirkətinin iştirakı ilə hazırlanıb. Nüvə silahı ilə təchiz edilə bilər, 1,3 min kilometr məsafədən ballistik raketlərin atılmasını fiksə etmək qabiliyyəti var. ABŞ-ın, S-400 alacağı təqdirdə, Türkiyəyə F-35 satışını dayandırması gözlənilsə də, indi faktiki olaraq Türkiyəyə qarşı sərt addım atıb. Türkiyənin buna qarşı hansı cavab addımları atacağı maraq doğurur. Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir F-35 proqramından çıxarılmasının Türkiyənin bir sıra hərbi-sənaye şirkətlərini zərərə sala biləcəyini deyib. Dəmir deyib ki, hazırda onlar bununla bağlı Vaşinqtonun rəsmi qərarını gözləyirlər, hazırda isə Türkiyə şirkətləri öhdəlikləri yerinə yetirməyə davam edir. Eyni zamanda o deyib ki, Vaşinqtonun son qərarında Türkiyənin F-35 proqramında iştirakının məhdudlaşdırılması qeyd olunub, tamamilə uzaqlaşdırılması deyil. Onun sözlərinə görə, Türkiyə proqramdan çıxacağı təqdirdə F-35-lərin istehsal qiymətləri hər təyyarə üçün 7-8 milyon dollar bahalaşa bilər. Eyni zamanda o, hazırda bir sıra alternativ variantlar üzərində işlədiklərini deyib.

    Kənan RÖVŞƏNOĞLU,
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR