AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“General Muradovun Azərbaycana girişi qadağan edilməlidir” - ÇAĞIRIŞ

  • + A
  • - A
  • 13-12-2021, 18:00


    “Rusiya sülhməramlıları erməni hərbi əsirlərin qaytarılması məsələsini birdəfəlik həll edəcəklər”. Bu fikirlər Rusiyanın Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov TASS-a verdiyi özünəinamlı bəyanatdandır.

    “Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, yaxşı müsbət, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işə son qoyacaqlar”, - deyə o, iddia edib.

    Muradov deyib ki, əsirlərin (terrorçuların – red.) geri qaytarılması ilə bağlı işi sülhməramlıların vətəndaşlıq borcu hesab edir: “Mən bir hərbçi kimi hərbi əsirlərin kim olduğunu, əsirlikdə necə hisslər keçirdiklərini başa düşürəm, Bakıya uçarkən ilk uçuşu xatırlayıram və İrəvanın Erebuni aerodromuna qayıdanda həmin hərbçilərin sifətlərini gördüm. Bunlar sevinc göz yaşları idi, onlar evlərinə qayıtdıqlarına inanmırdılar”.

    Görünür, bu rus generalı rəsmi İrəvanın ardınca döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun əlinə keçən əsl hərbi əsirlərlə müharibənin başa çatmasından və Üçtərəfli Bəyanatın imzalanmasından xeyli sonra Ermənistandan əllərində silah Azərbaycana gələnlər arasında fərqi görməməyə üstünlük verir. Azərbaycan birinciləri dərhal Ermənistana qaytardı və bunu general Muradov yaxşı bilir. İkincilərə - müharibədən sonra saxlanılan silahlı diversantlara gəlincə, onlar silahla gəldikləri ölkənin qanunlarına uyğun olaraq məhkum ediliblər və Azərbaycan rəhbərliyi onlardan bəzilərini mərhələli şəkildə, minalanmış ərazilərin xəritələri ilə dəyişməyi uyğun bilib. Bunu Muradov da yaxşı bilir.

    Bəs bu vəziyyətdə nəyinsə Rusiya sülhməramlılarının səylərindən asılı olması barədə bu qəribə bəyanat haradan qaynaqlanır?

    Əsla belə deyil! Bakı və İrəvan bir daha “qiymət”də razılaşana qədər heç bir “sülhməramlı Muradov” heç nəyi “sonuna çatdıra bilməz”. Bunu sadəcə bacarmaz.

    Baş verənləri AYNA-ya Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu şərh edib:

    “Rusiya tərəfinin belə davranışı təəccüblü və yeni deyil. Bütün bunlar gözlənilən idi və biz bu barədə xəbərdarlıq etmişdik. Hesab edirəm ki, indiki şəraitdə Rusiya hərbçiləri və ümumilikdə Rusiya isteblişmenti qələbədə Azərbaycanın rolunu aşağılamağa, onu qalibdən az qala uduzmuş tərəfə çevirməyə çalışır. Bu, onların ritorikası, hər cür abidələr açılışı kimi manipulyasiya edilən əməliyyatlarıdır, bütün bunlar azərbaycanlıların, xüsusən də Xocalıya münasibətdə hisslərini qıcıqlandırmağa hesablanıb.

    Bu isə Rusiya tərəfinin təsir zonasını genişləndirmək cəhdidir. Bu, artıq Azərbaycana qarşı sürünən təcavüzdən xəbər verir - ölkənin suverenliyinə, milli təhlükəsizliyinə, müstəqilliyinə qarşı. Üstəlik, Rusiya tərəfi bu cür hərəkətləri ilə iki xalq arasında gərginliyi saxlamağa çalışır, 200 ildir ki, etnik münaqişələri qızışdırır.

    Amma təəssüf ki, bütün bunlar Azərbaycan rəhbərliyinin açıq reaksiyası olmadığı bir şəraitdə baş verir. Rusiyanın təxribatçı, bəzən də açıq-aşkar mürtəce davranışlarına baxmayaraq, faktiki olaraq Azərbaycan tərəfindən bir dənə də olsun etiraz bəyanatı yoxdur. Və bunu Muradova, yaxud hərbi komandanlığa yox, birbaşa Putinə ünvanlamaq lazımdır. Çünki Üçtərəfli Bəyanat məhz onun tərəfindən imzalanıb və imzasına görə məsuliyyət daşımalıdır.

    Bu imzanın arxasında bəyanatın bütün tərəflərinin aydın öhdəlikləri var. Bəyanat imzalanandan sonra saxlanılanlarla bağlı “sülhməramlıların” qəbuledilməz hərəkətləri artıq Azərbaycanı itaətkar nökərə çevirmək cəhdləri kimi görünür. Və bu məsələni bitirməyin vaxtı gəlib.

    Azərbaycanın belə davranışı ərazimizdə qeyri-qanuni olan rus hərbçilərinə özlərini sülhməramlı yox, barbar, ölkənin bir hissəsini zəbt etmiş terrorçu kimi davranmağa imkan verir. Bütün bunlar isə Bakı məsələni sərt şəkildə qoyana qədər davam edəcək - Rusiya strukturları Azərbaycanın suverenliyini məhdudlaşdırmağa yönəlmiş bəzi addımlar atmağa davam etsə, ölkəmiz Üçtərəfli Bəyanatdan çıxmaq hüququnu özündə saxlayır.

    Yalnız belə sərt xəbərdarlıqlar Rusiya tərəfini ayılda bilər. Əks halda, Rusiya hakimiyyətinin ənənəvi həyasızlığı davam edəcək. Rusiya Federasiyası Azərbaycanda özünü tamhüquqlu ağa kimi hiss edir, ən azı özünü belə aparır. Mən hesab edirəm ki, biz xalq tərəfindən rus qoşunlarının Azərbaycandan çıxarılması məsələsinin geniş müzakirəsinə başlamalıyıq. Əminəm ki, bu, Rusiya tərəfinə ciddi siqnal ola bilər. Əks halda, bütün bu təxribatlar davam edəcək.

    Saxlanılanlarla bağlı konkret vəziyyətə, hansısa Muradovun onları hərbi əsirlərlə müqayisə etmək cəhdlərinə gəlincə, bu, bizim qeyri-adekvat münasibətimizin nəticəsidir. İstənilən başqa ölkədə belə bəyanatlardan sonra Muradov oraya buraxılmazdı. O isə təyyarə ilə gəlib meyitləri gətirir, məhbusları aparır və sual yaranır: bütün bunlara Muradovun nə aidiyyəti var?

    Hazırda onun Azərbaycanla bağlı sətiraltı ifadələri yanlış olduğuna görə, hesab edirəm ki, Bakı onun ölkəmizə gəlişinə qadağa qoymalıdır. Bu, ən azı bəzi Rusiya rəsmilərinin ağlını başına gətirəcək, bunu etmək lazımdır. Əks halda, bir aydan sonra daha da təkəbbürlü, iyrənc və qıcıqlandırıcı davranacaqlar. Və bir ildən sonra onlar özlərini ümumiyyətlə, buraların tam ağası hesab edəcəklər. Bu, Rusiyadır - onunla dəqiq və öz metodları ilə davranmaq lazımdır, əks halda heç bir effekt olmayacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR