Xocalının “Böyüməyən uşaqlar”ı Bosniya və Hersoqovinada...
Fevralın 22-də Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Xocalı soyqırımının dəhşətlərindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçiriləcək. Kitabın müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.
AZTB.info xəbər verir ki, təqdimat Sarayevo Beynəlxalq Universitetində baş tutacaq. Tədbirdə ayrı-ayrı ölkələrin Sarayevodakı diplomatik nümayəndəlikləri, elm adamları, ictimai xadimlər iştirak edəcəklər. Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı, Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadədir. Nümayəndə heyətinə həmçinin, kitabın müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, İctimai televiziyanın əməkdaşı Bəxtiyar Səlimov, Xocalıda hər iki valideynini itirmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova da daxildir.
1000 nüsxə tirajla çap olunan kitab boşnak dilinə tərcümə olunub. Tədbir Azərbaycanın Bosniya- Hersoqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Kitab bundan qabaq türk, ingilis, alman, ukrayna, rus dillərinə tərcümə edilib. Daha sonra gürcü və başqa dillərə tərcümə olunacağı gözlənilir.
Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs olunur. Nəşrin son səhifələrində Xocalı soyqırımının nəinki xalqımıza, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu əks etdirən ağ-qara şəkillər yer alıb. “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.
“Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir...
Xatırladaq ki, bu il “Xocalıya Ədalət” kampaniyasının 10 ili tamam olur. Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.