AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Bayrağı Günü – Qürur və Şərəf Simvolu

  • + A
  • - A
  • 9-11-2024, 13:01

    Dövlət Bayrağı Günü – Qürur və Şərəf Simvolu

    Məşhur Məmmədov,
    Millət vəkili

    Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün, xalqımızın milli suverenliyini, azadlığını və dövlətçilik ənənələrini simvolizə edən müqəddəs bayrağımıza olan hörmətin təcəssümüdür.
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
    Azərbaycanın üçrəngli bayrağı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmişdir. Mavi rəng – türk mənşəyimizi, qırmızı rəng – müasirlik və demokratik dəyərlərə bağlılığımızı, yaşıl rəng isə – İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bayraqdakı səkkizguşəli ulduz və aypara isə xalqımızın tarixi və mədəni irsinə olan dərin hörməti əks etdirir.
    Bayraq Günündən danışarkən, Bayraqdarımız - Ümummilli Lideri Heydər Əliyevin tarixi qərarını bir daha diqqətə çatdırmaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
    Ümummilli Lideri Heydər Əliyev çıxışlarından birində dediyi kimi:
    “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”.
    1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Azərbaycan Respublikasının dövlət bayrağı yenidən öz tarixi mövqeyinə qayıtdı. Bu bayraq yalnız bir simvol deyil, həm də hər bir azərbaycanlının qəlbində vətənə olan sevgi və sadiqliyin ifadəsidir.
    Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
    Dövlət Bayrağı Günü, xalqımızın birlik və həmrəyliyini daha da gücləndirir. Bu gün hər bir azərbaycanlı bayrağın ətrafında toplaşaraq, onun altındakı vəhdətimizi bir daha nümayiş etdirir. Xüsusilə Vətən Müharibəsində qazanılan tarixi zəfərdən sonra bayrağımız azad edilən torpaqlarda dalğalanır, bu da xalqımızın əzmini və fədakarlığını əbədi yaşadır.

    Dövlət Bayrağı Günü, sadəcə bir bayram deyil, həm də milli qürur və şərəf günüdür. Bayrağımızın altında müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı qeyd etmək hər birimizin borcudur. Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın, müstəqilliyimiz və birliyimiz əbədi olsun!
    Sözlərimi Ulu Öndər Heydər Əliyevin hər zaman fəxrlə xatırladığımız sözləri ilə sonlandırmaq istəyirəm:
    “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR