Heydər Əliyevin müdrik fikirləri
Bu gün Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasından 96 il ötür.
Bu gün münasibətilə Heydər Əliyev haqqında silsilə yazılarına davam edir. Bu dəfə isə oxucularımıza Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərini çatdırırıq.
Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük.
* * *
Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.
* * *
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir.
* * *
Mən bu gün bir azərbaycanlı kimi, özündə həm millimənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik.
* * *
Bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik.
* * *
Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur.
* * *
Biz müstəqillik əldə edəndən sonra İslam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu.
* * *
Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik.
* * *
Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq.
* * *
Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.
* * *
Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik.
* * *
Başqa dinlərdə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda, Qafqazda da öz əksini tapıbdır.
* * *
Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk.
* * *
Biz Azərbaycanın milli-mənəvi dəyərlərini ümumbəşəri dəyərlərlə zənginləşdirən və onların vəhdətindən doğan elm, ədəbiyyat, incəsənət əsərlərini, onları yaradanları həmişə yüksək qiymətləndirmişik.
* * *
Hər bir insan üçün vətənə, torpağa sədaqət ən ülvi xüsusiyyətdir.
* * *
Novruz təbiətin oyanması, ürəklərdə saf niyyətlərin, xoş arzuların yaşadığı bir gündür.
* * *
İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət gətirsinlər.
* * *
Bulaq, su həmişə insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətiribdir. Su verən, bulaq yaradan, çay açan hər bir insane həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır.
* * *
Musiqi ayrı-ayrı dillərdə danışan, müxtəlif inkişaf yolları keçmiş, bir-birindən fərqlənən mənəvi və maddi dəyərlərə malik xalqların ən gözəl qarşılıqlı anlaşma və ünsiyyət vasitəsidir.
* * *
Ölkəmiz keçmişdəki kimi, xüsusən də bu gün bəşəri dəyərləri xüsusilə bərqərar edərək, onları öz milli ənənələri ilə, milli-mənəvi dəyərləri ilə birləşdirir.
* * *
Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var.
* * *
Vicdan azadlığı toxunulmazdır.
* * *
Bizim Azərbaycanda kişi sözü çox tutumlu sözdür... Sözün əsl mənasında “kişi” o deməkdir ki, bu adam sözü bütöv adamdır, sözünün sahibidir, kişilərə xas hər cür ləyaqətə, keyfiyyətlərə malikdir, sözü ilə əməli birdir.
* * *
Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cəmiyyətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur.
* * *
Həyatın mənası - mənəviyyatdır.
* * *
Yaşayış nə qədər çətin olsa da, gərək insan mənəviyyatı yüksək olsun. Mənəviyyatın yüksəkliyi də insanın millət kimi mənliyindədir, məziyyətindədir, vətənpərvərliyindədir. Ona görə də gərək insan öz tarixini, millətinin kökünü, öz millətinin keçmişdə yaratdığı abidələri bilsin. Ona görə bilsin ki, öz milləti, xalqı ilə daim fəxr etsin, vətənpərvər olsun, xalqına, millətinə, torpağına, dövlətinə sədaqətli olsun.
* * *
Mənəviyyat insana xas olan xüsusiyyətlərin hamısından yüksəkdir. Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursansa-ol, əgər mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur.
* * *
Mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir. Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu, çətindir, ağırdır. Eyni zamanda hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil.
* * *
İnsan üçün dünyada mənəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yolundan çıxmısan. Əgər sənin mənəvi haqqın varsa, sən tabeliyində olan adama desən ki, düz yola get, əyrilik, rüşvətxorluq etmə, dövlətin malını dağıtma, əxlaqsızlıq etmə. Bunun üçün mənəvi haqqın olmalıdır.
* * *
Bizim gələcəyimiz milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlərlə, Avropa dəyərləri ilə sintezi vasitəsilə inkişaf edə bilər.
* * *
Novruz bütün bayramlardan ona görə seçilir ki, o, xalqın içindən gələn bayramdır. Hər bir insanın qəlbindən gələn, hər bir azərbaycanlının qəlbini sevindirən bayramdır.
* * *
Biz nə qədər çox yaşayırıqsa, Novruz bayramının Azərbaycan xalqı üçün, hər bir azərbaycanlı üçün nə qədər gərəkli və nə qədər sevimli olduğunu bir o qədər də hiss edirik.
* * *
Hər bir vicdanlı Azərbaycan vətəndaşının, azərbaycanlının borcu, vəzifəsi ondan ibarətdir ki, bizim gələcək nəslimiz daha da bilikli olsun, daha da sağlam olsun, dünya təcrübəsini daha da mənimsəmiş olsun.
* * *
Bir kimsəsiz uşağı, yaxud atılmış uşağı götürmək, bağrına basmaq, saxlamaq, böyütmək həddən ziyadə qiymətli bir isdir.
* * *
Bizim məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.
* * *
Bizim millətimizdə, xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yüksək keyfiyyət hesab olunubdur.
* * *
Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.
* * *
Azərbaycan milli-mənəvi dəyərlərinə qarsı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin.
* * *
Millətə, dövlətə, dövlətçiliyə sədaqət çox geniş məfhumdur. Bəziləri bunun əksini ancaq dövlətə, sadəcə, birbaşa xəyanət kimi anlayırlar. Təbiidir ki, xəyanət ən təhlükəlidir. Ancaq eyni zamanda vətəninə, millətinə sədaqət hər bir şəxsin yüksək mənəviyyata malik olmasındadır.
* * *
İnsan həyatda gərək elə yaşasın ki, o, həmişə öz mənəviyyatı ilə fəxr etsin. Hər bir şeyi itirmək olar. Amma uşaq da, böyük də, hər bir insan gərək mənəviyyatını, iradəsini itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.
* * *
Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir. Həyatın mənası ondan ibarətdir ki, dünyaya gələn, böyüyən, ərsəyə çatan hər bir uşaq, həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin.
* * *
İnsanı hörmətə qaldıran onun zəhmətkeşliyidir, mənəvi təmizliyidir, millətə, dövlətə, xalqa sədaqətidir, onun xeyirxahlığıdır. Amma bunlarla hərabər, mütləq onun təvazökarlığıdır. Gərək heç vaxt təvazökarlığı unutmayasan.
* * *
Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz. Vətənə sədaqət andına xəyanət etmək olmaz. Xalqa sədaqət andına xəyanət etmək olmaz.
* * *
Avropa ilə Asiyanın qovuşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır.
* * *
Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin, çünki bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Dil hər bir millətin milliliyinin əsasıdır...
Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin.
* * *
Xalqımız öz böyük şəxsiyyətləri vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamış, zənginləşdirmiş və bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir.
* * *
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.