AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət toysuz, musiqiçilər çörəksiz qalıb – Karantinin ziyan vurduğu təbəqənin nümayəndələri danışır

  • + A
  • - A
  • 11-06-2020, 12:02

    Millət toysuz, musiqiçilər çörəksiz qalıb – Karantinin ziyan vurduğu təbəqənin nümayəndələri danışır

    Koronavirusun yayılması səbəbi ilə mart ayının 15-dən etibarən ölkədə toy və digər şənlik mərasimlərinin keçirilməsi qadağan edilib.

    Karantin rejimi yumşaldılmağa başlasa da, bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylarla bağlı qadağalar qalmaqdadır. Bu durum isə musiqiçiləri narahat edir, onlar müxtəlif müraciətlər yayaraq toy mərasimlərinin bərpasını istəyirlər. Musiqiçilər toy sezonunun açılacağına ümid edərkən, ölkədə həftə sonu qadağası tətbiq edilməyə başladı.

    Bəs, sənət adamları toy mövsümünün açılmaması ilə bağlı nə düşünür? Onlar necə maddi gəlir əldə edirlər?

    Hurriyyet.org bildirir ki, musavat.com mövzu ilə bağlı musiqiçilərin, müğənnilərin fikrini öyrənib.
    Millət toysuz, musiqiçilər çörəksiz qalıb – Karantinin ziyan vurduğu təbəqənin nümayəndələri danışır

    Tanınmış qarmon ifaçısı Şəmsi Ağamalıyev bildirib ki, maddi ehtiyaclarını övladları ödəyir: “Nə vaxtdır bir yerdə işləmirəm. Allah cəmi balaları saxlasın. Uşaqlar qulluğumda dururlar. Uzun illər VÖEN-im olsa da, işim-gücüm yoxdur. Dedilər ki, VÖEN-in var, sənə dövlətin verdiyi 190 manat düşmür. Qanun belədir. Mən də qanunu sevən adamam. Qanun necədirsə, əməl etmək lazımdır. İş yoxdur, hələ ki, dözürük. İnşallah tezliklə hər şey düzələr”.

    Şəmsi Ağamalıyev bildirdi ki, onun dolanışığı əsasən toy və digər el şənliklərindəndir: “Uzun illərdir bu sənətdəyəm. Allah xalqımızı var eləsin, bizi toylara, başqa tədbirlərə dəvət edirlər, ordan ruzimizi qazanırıq. İndi 3 aya yaxındı toy və digər şənliklərə qadağa qoyulub. Bu da ilk növbədə biz musiqiçilərin maddi vəziyyətinə mənfi təsir göstərir. Şəxsən mənim başqa yerdən dolanışığım yoxdu, toylardan əldə edirəm qazancımı. Toy da olmayanda maddi vəziyyətim pisləşir”. İfaçı bildirdi ki, elnən gələn toy-bayramdı: “Əgər dövlət belə məsləhət görürsə, biz nə deyə bilərik. Yəqin bir təhlükə var ki, qadağa davam edir. İnşallah, yaxın vaxtlarda bu qadağa götürülər, yenə toylar başlayar, biz də ailəmizi dolandırarıq”.
    Millət toysuz, musiqiçilər çörəksiz qalıb – Karantinin ziyan vurduğu təbəqənin nümayəndələri danışır

    Müğənni İzzət Bağırov isə deyib ki, toyların olmaması maddi çətinlik yaşatsa da, insanların sağlamlığı üçündür: “Bütün tətbiq edilən qaydalar, qoyulan qadağalar bizim sağlamlığımız üçündür. Dövlət bizi düşünür və koronavirusa yoluxma sayını azaltmağa çalışır. Biz də vətəndaş olaraq bu qadağalara əməl etməliyik. Biz musiqiçilərin, müğənnilərin gəlir yeri toydur. Toylarla bağlı qadağa təbii ki, maddi çətinliklər yaradıb. Mart ayının 15-dən toylar, tədbirlər yoxdur. Açıqlama verildi ki, iyun ayında da toylar olmayacaq. Koronavirusun sürətlə yayılması onu göstərir ki, qadağalar iyul ayında da davam edəcək. Avqust ayında Məhərrəmlik başlayır, oktyabrda bitir. Həqiqətən gəliri el şənliklərindən olan musiqiçilərin, müğənnilərin vəziyyəti ağırdır. Toyların olmaması minlərlə insana, ailəyə ziyandır. Bir şadlıq evində olan toydan 2000 ailəyə çörək gedir. Müğənnilərdən əvvəl toyların olmaması adi insanlara ziyandır, onlar evlərinə çörək apara bilmir”.
    Millət toysuz, musiqiçilər çörəksiz qalıb – Karantinin ziyan vurduğu təbəqənin nümayəndələri danışır

    Qarmon ifaçısı Orxan Mirzəyev “Allahın izni ilə toyların başlamasını gözləyirik. Əlimizdən başqa heç nə gəlmir. Musiqiçi dostlarımla tez-tez danışırıq. Onların vəziyyəti lap pisdir, çörək pulu tapa bilmirlər. Toylarla bağlı qadağa təbii ki, bizi üzür. Hər şeyin normala qayıtmasını arzulayırıq” -, deyə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR