Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bir daha göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti həmişə xalqın, vətəndaşın yanındadır. Prezidentin operativ reaksiyası xalqa göstərilən diqqətin daha bir bariz nümunəsidir. Belə bir zamanda ölkə başçısının işlərin gedişini birbaşa nəzarətdə saxlaması, vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyətinin öyrənilməsi, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işlərinin aparılması, eyni zamanda dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi vətəndaşlarımız tərəfindən çox böyük razılıqla qarşılanır.
Bildiyimiz kimi Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıldı. Bütün bunlar isə bu kateqoriyadan olan insanlara nə qədər böyük qayğı, hörmət və ehtiram göstərildiyini sübut edir.
Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər də bunun bariz nümunəsidir. Bütün bu addımlar ölkə başçısının xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.