Məşhur Məmmədov
Milli Məclisin deputatı
Bu gün Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.
18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.
Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.
2000-ci ildə ölkəyə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.
Son dövrlər mən həmkarlarımla bir çox sərhəd rayonlarında olarkən şahidi oldum ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin etibarlı mühafizəsində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan qurum səviyyəsinə yüksəlmişdir.
Dövlət sərhədimizin Azərbaycan sərhədçiləri tərəfindən qorunması xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün əsas təminatlardan biridir.
Büdcə müzakirələri zamanı məlumat alırıq ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrük rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır!
Başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev olmaqla sərhədlərimizin keşiyində duran bütün əsgər, çavuş, zabit və gizirlərimizi qürur hissi ilə təbrik edirəm!