Soyuq depolar və ət kəsim mərkəzləri koronavirusun yayılması üçün əlverişli mühit yaradır. “HaberGlobal”ın məlumatına görə bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.
Honkonq Universitetinin Biostatistik və Epidemiologiya bölməsinin rəhbəri Benjamin Koulinq virusun dondurulduqda belə ölmədiyini bildirib. Onun sözlərinə görə, bu hal infeksiyanın donmuş qidalar vasitəsi ilə yayıla bilməsinin mümkünlüyünü göstərir.
Bununla belə, mütəxəssis bu yolla koronavirusa yoluxma ehtimalının az olduğunu bildirib.
“Qidanın donu açıldıqdan sonra kiminsə əlinə dəyməli və həmin adam da əlini burnuna və ağzına aparmalıdır ki, yoluxma baş versin. Düşünürəm ki, bu yolla yoluxma ehtimalı azdır, ancaq mümkündür”, - deyə o, əlavə edib.
Yeri gəlmişkən qeyd edək ki, Braziliya və Ekvadordan Çinə idxal edilən bəzi dondurulmuş qida məhsullarında COVID-19 təsbit edilib. Bununla əlaqədar olaraq Pekin bəzi məhsulların ölkəyə idxalını dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.