AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanın qılınc üzərində zəfər günü

  • + A
  • - A
  • 29-08-2020, 20:16

    Qanın qılınc üzərində zəfər günü

    "İmam Hüseynin şəhadəti yalnız bir ölkə və ya bir xalqa
    aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir.”
    Rajendra Prasad
    Hindistanın ilk prezidenti


    Dünya binə olandan indiyədək yer üzünə çoxlu peyğəmbər gəlmişdir. Bunların hamısı da Allahın təkliyini təbliğ etmiş, insanları düzgün yola çağırmışlar. Amma peyğəmbərlərin hər birinin özünəməxsus fərqli cəhətləri də olmuşdur. Sonuncu peyğəmbərimiz Məhəmməd (s) öz missiyasi haqqında belə demişdir: ”Həqiqətən mənim peyğəmbərliyə seçilməyimdə məqsəd - ən gözəl, ən üstün əxlaqları kamala çatdirmaqdan ibarətdir.”

    Ona görə də İslam tarixində Məhərrəm ayının 10-cu günü – Aşura Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin, onun ailə üzvlərinin və 72 tərəfdarının Kərbala çölündə şəhid olması təkcə fədakarlığın deyil, həm də mükəmməl əxlaqın təzahür forması kimi dəyərləndirilir.

    Tarix boyunca inkaredilməz reallıq budur ki, həmişə insanlar iki dəstəyə bölünüblər. Bir dəstə şəhvətə, şəxsi mənfəətə, nəfsani istəklərə uyaraq, şərin və ya şər qüvvəllərin tərəfində durublar. İkinci qrup insanlar isə böyük əxlaq, fəzilət, mərifət və elm daşıyıcıları olduğundan həmişə haqq və həqiqət tərəfdarı olub, bu yolda bir çox məşəqqət və əzab-əziyyətlərə düçar olublar.

    Aşura hadisəsini möhtəşəm edən, əsrlərdən əsrlərə yaşadan haqqın şərə, zülmə qarşı mübarizəsidir. İmam Hüseyn bəşər tarixində ölümü ilə qələbə qazanan çox nadir və təkrarolunmaz şəxsiyyətlərdəndir. Haqq, ədalət, fəzilət və bütün gözəlliklər öz bütövlüyü ilə sözün əsl mənasında, Kərbala şəhidlərinin vücudlarında cəmləşmişdir. Bəlkə də tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Hələ səkkiz əsr əvvəl elm aləminin şahı adlandırılan Xacə Nəsirəddin Tusi (1201– 1274) Aşura ilə bağlı qəribə bir fikir söyləyib: “Əgər məsum imamlardan göstəriş olmasaydı, Aşura gününü bayram edərdim.” Ensiklopedik səciyyə daşıyan yaradıcılığı ilə öz zəmanəsini xeyli qabaqlayan və pedaqoji fikir tarixinə Şərq xalqlarının əxlaq nəzəriyyəçisi kimi daxil olan Xacə Nəsirəddin bu fikrinə dəlil gətirir: “Aşura qanın qılınca qələbə çaldığı gündür.”

    Bəli, Aşura qələbə günüdür. İmam Hüseyn (ə) həyatının son anlarında: “Müsəlman ola bilmirsinzsə, kişi olun!” deyə qadınlara hücum edən düşmənlərə səslənmişdi. Əsrlər sonra şotlandiyalı tarixçi Tomas Kerlayl yazacaqdı: “Kərbəladan aldığımız ən gözəl dərs Hüseyn və onun səhabələrinin sarsılmaz iman sahibləri olduğudur.

    Onlar göstərdilər ki, haqq savaşında sayın əhəmiyyəti yoxdur. Az bir dəstəyə başçılıq edən Hüseynin mənəvi qələbəsi məni ovsunlayır!”

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan məşhur ingilis yazıçısı Çarlz Dikkens isə bir çox müsəlmanlardan fərqli olaraq hadisənin əhəmiyyətini belə qiymətləndirir: "Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Bu onu sübut edir ki, o, yalnız İslam yolunda bu fədakarlığı etmişdir.”

    Aşura hərəkatının ən aparıcı dərslərindən biri - imtina fəlsəfəsidir. İmam Hüseynin Yezidə biyətdən imtinası - Allahdan başqa ibadətə layiq haqq tanrı yoxdur ("Lə ilahə İlləllah") zikrinin əməli halda subutudur.

    İmam Hüseynin qiyamı hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox" deməyi öyrətdi… Əslində "Hüseyn məktəbi" hər bir xalq üçün örnək oldu. Məsələn, İslamla əlaqəsi olmayan Hindistanın görkəmli dövlət xadimi Mahatma Qandi yazırdı: ”Məzlum ola-ola qələbə çalmağı İmam Hüseyndən öyrəndim... Hindistanı xilas etmək istəyirsinizsə, İmam Hüseynin yolunu tutun.”Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri Cəvahirləl Nehru isə deyirdi: “İmam Hüseyn bütün dinlər və icmalar üçün həqiqət yolunun nümunəsidir.”

    Amerikanın informasiya və analitik təhlil protalı kimi tanınan "The Huffington Post" saytında İmam Hüseynin şəhadəti ilə bağlı dərc olunan bir yazıda deyilir: “İmam Hüseyn (ə) həmən o kişi idi ki, İŞİD-in ilk təsisçi və ideoloji sələfi ilə döyüşdü.”

    Həqiqi və əbədi qələbə amalı haqq olanındır. Haqdan, həqiqətdən kənarda olanlar isə həmişə məğlubdur. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə Kərbəla məktəbinin dərslərindən biridir. Yezid kimi kimi zalimə baş əyməyi özünə sığışdırmayan İmam Hüseynin: “Mən yaxşı dəyərlərin yayılmasını və pisin qarşısının alınmasını tələb edirəm. Və izzətlə ölməyi zillətlə yaşamağa tərcih edirəm” fikri bu gün də dünya xalqlarına istismarın, məzlumluğun, zillətin, köləliyin qəbul edilməz olduğunu bəyan edir.Bəs bəşəriyyətin tarixində əbədiləşən və nəhəng yer tutan Kərbala hadisəsinə müasir və müstəqil Azərbaycanımızda münasibət necədir?

    Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “İmam Həsən” məscidinin axundu Hacı Eldayaq Hüseynovun fikrincə, insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi ilə bağlı keçirilən mərasimlərdə yalnız bədbinlik əhval-ruhiyyəsi deyil, Vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin çatdırılması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlər, 20 Yanvar, Qarabağ və

    Xocalı şəhidləri yad edilməlidir. İmam Hüseyn məktəbi əslində bir insanlıq məktəbidir. Əlamətdar haldır ki, Azərbaycan xalqı əsrlərdən bəri Kərbəla məktəbini yaşadan az xalqlardan biridir. İmam Hüseyn məktəbi millətimizin mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, musiqisinə, hətta mətbəxinə belə daxil olub. Kərbəla şəhidləri öz qanları bahasına mükəmməl bir örnək dərsi olduğu kimi, Qarabağ və Aprel şəhidləri, eləcə də ötən ay Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən həlak olmuş general Polad Həşimov başda bütün hərbilərimiz, Vətən sevgisiylə silaha sarılaraq igidlik, mərdlik nümayiş etdirən qəhrəman şəhidlərimiz Mübariz İbrahimov, Fərid Əhmədov və digər cəsur oğlullarımız Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.

    Kərbəla hadisəsinin əsas mahiyyəti ədalətin zülmə qarşı mübarizə aparması və şəhidliyə, İslama verilən dəyərdir. Məhz ona görə də on dörd əsrdir ki, Hicri -qəməri təqvimində ilk ay olan Məhərrəm ayı İslam aləmində böyük şövqlə qarşılanır. Aşura boyda hadisəni yalnız matəmdən ibarət kimi göstərənlər unudurlar ki, İslam iman, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin əsasını Rəbbimizin bəyəndiyi işlər uğrunda mübarizə təşkil edir.

    Nurəddin ƏDİLOĞLU


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR