Birmənalı şəkildə qeyd etmək olar ki, rüşvət və korrupsiya Azərbaycana Qarabağın işğalı qədər, hətta ondan böyük maddi və mənəvi zərərlər vurur. VƏTƏNƏ XƏYANƏTİN başqa adı varsa, o da RÜŞVƏT və KORRUPSİYADIR.
Kəsildikcə pöhrə verən tamah “ağacı”
Dünya sivilizasiyanın yaranmasından da qədim olan korrupsiyaya qarşı mübarizə bu günədək davam etməkdədir. Dövlətin və siyasətin idarə olunmasından bəhs edən qədim hind traktatında acgöz və hiyləgər məmurlar barədə belə yazılmışdı: “Göydə quşların uçduğu səmti bilmək daha asandır, nəinki hiyləgər məmurların fəndlərini”.
...Çin filosofu və mütəfəkkiri Konfutsi təlimlərində mənəvi zənginliyi dövlət idarəçiliyinin əsası hesab edirdi. Konfutsi deyirdi ki, hökmdar əvvəlcə xalqı varlandırmalı, sonra tərbiyə etməlidir. Eramızdan əvvəl III əsrdə bu Çində korrupsiyaya qarşı artıq ilk qanunlar qəbul edilmişdi. Rüşvəti əngəlləmək məqsədi ilə məmur maaşlarına əlavə olaraq "yang-lien" adlı əlavə ödəmə edilirdi.
Göründüyü kimi qanunun aliliyi prinsipini zəiflədən tamahkar məmurların əməlləri siyasi quruluşundan və iqtisadi inkişaf səviyyəsindən, eləcə də dövründən asılı olmayaraq, bütün ölkələr üçün xasdır. Heç bir dövlət özünü rüşvət və korrupsiya bəlasından sığortalanmış hesab edə bilməz, söhbət yalnız onun miqyasından – azlığından və çoxluğundan gedə bilər.
2700-2800 il bundan əvvəl qədim İranda məmurların xüsusilə də hakimlərin rüşvətxorluq hallarının qarşısını almaq məqsədi ilə ciddi cəza tədbirlərini nəzərdə tutan qərarlar qəbul edilmişdi.
Qədim Misirdə də rüşvətxorluq kimi problemlər mövcud idi. Firon XII Ptolomey öz taxtından qovularkən külli miqdarda rüşvət verərək Roma dövlətinin dəstəyini qazanmışdı. Eramızdan əvvəl 57-ci ildə Roma Senatı Firon XII Ptolomeyi taxtına qaytarmaq məqsədi ilə Misirə hərbi yürüş etmək haqda qərar qəbul edir. Beləliklə, firon rüşvət vasitəsi ilə taxt-tacına yenidən sahib olur.
Yuli Sezarın vəfatından sonra Senata məmurlar tanışlıq və rüşvət vasitəsi ilə işə qəbul edilirdilər.Buna baxmayaraq Roma senatı dəfələrlə rüşvət və korrupsiya ilə bağlı qanunlar qəbul edib. Artıq o dövrdə bu sosial bəlanın məhvedici təsiri bəlli idi. Əslində Roma imperiyasının süqutunun əsas səbəblərindən biri orda korrupsiyanın son həddə çatması idi.
Tamah “ağac”ından dar ağacına gedən yollar...
Rusiya dövlətinin qədim dövrlərində, hətta I Pyotr kimi imperator korrupsiyanın qarşısını almaqda çətinlik çəkmişdi. Rüşvət və korrupsiya faktı ilə bağlı ölümə məhkum olunan məmurların sayı-hesabı yox idi. Xalqın gözü qarşısında edamlar yüksək vəzifəli məmurları çirkin əməllərdən çəkindirə bilmirdi. Məmur özbaşınalığı o həddə çatmışdı ki, hətta imperatriçə üçün Çində alınmış brilyantları Sibirin general –qubernatoru knyaz Qaqarin mənimsəmişdi. O buna görə də tutulmuş və I Pyotrun əmri ilə dar ağacından asılmışdı. Qaqarin o zaman məşhur məmur Nekrasov tərəfindən ifşa edilmişdi, lakin onun özü də bir neçə ildən sonra korrupsiyada ittiham edilərək, edam olunmuşdu. Amma belə tədbirlər də korrupsiyaya son qoymamışdı. Bu bəlaya qarşı mübarizədə Pyotr da uduzmuşdu.
I Pyotrun vəfatından sonra qızı I Yelizaveta bu problemə atası qədər böyük əhəmiyyət vermir, hətta korrupsiya ilə bağlı ölüm cəzalarını ləğv etdirir. II Yekaterina dövründə isə yenə I Pyotrun prinsipləri qüvvəyə minir. Tarixçi, şair Karamzin korrupsiyaya qarşı dövlət tərəfindən mübarizəni belə təsvir edirdi: “Məxfi dəftərxana Preobrajenskidə səhər-axşam işləyirdi. Edamlar, işgəncələr dövlətin yenilənməsinə xidmət edirdi.”
Bəzən ən sərt tədbirlər belə korrupsiyanın, rüşvətxorluğun qarşısını ala bilməyib. XVII əsrdə 14-cü Lüdovik rüştvəxorluğa qarşı mübarizədə sərt üsullardan istfadə edib. Fransızların ən çox sevdikləri kral Lüdovik Parisin yaxınlığında kiçik Versal kəndinə köçüb orda yaşayırmış. Günlərin bir günü ölkənin maliyyə naziri kralı təzə tikdirdiyi evinə dəvət edir. Kral nazirin cah-cəlalını görüb məclisi dərhal tərk edir və dövlətin xəzinəsindən pul oğurladığına görə həmin naziri edam etdirir. Rüşvətin qarşısını almaq üçün 14-cü Lüdovik verdiyi fərman görə zınginlik işində yaşayan məmurlardan yüksək vergi tutulurdu. Cah-cəlal, ölçüsüz bərbəzək, dəbdəbə məmurların yalnız öz mənfəətini güdüyünü, cəmiyyətin xeyrinə çalışmadığını bəlli edirdi.
Osmanlı dövründə xüsusilə, 16-cı əsrin sonlarına qədər məmur rüşvətxorluğuna qarşı sərt siyasət həyata keçirilib. Təsadüfi deyil ki, bir çox mütəxəssislər Osmanlı imperiyasının zəifləməsini XVII əsrdən başlayaraq rüşvətxorluğun geniş vüsət alması ilə əlaqələndirir.
XX və XXI əsrdə çiçəklənən 3 təhlükəli “R”
3 təhlükəli “R” - rüşvət, reketçilik və reyderçilikdi. Rüşvətlə reketçilik əməlləri çoxumuza tanışdır. Biznes aləmində hər hansı güc və səlahiyyət sahibi tərəfindən vətəndaşın, şirkət sahibi və ya mülküyyətçinin iradəsini nəzərə almadan faktiki olaraq ona məxsuas əmlakı ələ keçirilməsi isə reyderçilikdir. Reyder - qəsbetmə mexanizmidir (ingiliscə “raider ” basqın edib ələ keçirmək deməkdir). XX əsrin əvvəllərində ABŞ-da Rokfeller ailəsi bu qəsbetmə mexanizmindən yararlanaraq nəinki milyader olmuş, hətta onlar və onlara yaxın adamlar müxtəlif vaxtlarda
ABŞ-da prezident, vitse – prezident, dövlət katibi, ticarət naziri, müdafiə naziri və bir neçə ştartın qubernatoru olmuş, MKİ - də, Senatda və ABŞ Konqresinin Nümayəndələr Palatasında nüfuzlu vəzifələr tutmuşlar...
Beləliklə, əsrlər, qərinələr ötsə də, korrupsiya cəmiyyətdə sağalmaz xəstəlik kimi acı nəticələrini göstərməkdədir. Təəssüf ki, korrupsiya Azərbaycanda da bir çox məmurların adi həyat tərzinə çevrilib. Təbii ki, tamahkarlıq əməllərinin çoxluğu sırf əxlaqın qıtlığına dəlalət edir.
Birmənalı şəkildə qeyd etmək olar ki, rüşvət və korrupsiya Azərbaycana Qarabağın işğalı qədər, hətta ondan böyük maddi və mənəvi zərərlər vurur. Bəli, VƏTƏNƏ XƏYANƏTİN başqa adı da RÜŞVƏT və KORRUPSİYADIR. Elə Azərbaycanın görkəmli sənətkarı, meyxana ustası rəhmətlik Nizami Rəmzinin 90-cı illərdə söylədiyi:
“Qeyrətı, namusu pula satanlar,
Vətənə xaindir, düşmənlərə yar...”
poetik fikrinin mayasında da bu gerçək dururdu. Azərbaycanda sadə xalqın taleyinə məmur laqeydliyi təkcə sosial problemlərin həllinə mane olmur. Həm də öz şəxsi maraqlarını xalqın maraqlarından üstün tutan korrupsioner məmurlar sadə insanların vətənpərvərlik duyğularını, dövlətə inamını sarsıdır.
Əli ibn Əbu Talib müdrik kəlamlarında buyurduğu kimi bu gün: “Hər qətrə suda qüssə, hər tikə çörəkdə kədər, qəm yatır...”
Nurəddin ƏDİLOĞLU
13.05.2020.