Məmurlar, məlunlar və Qarabağ dərdimiz...
Dədə Qorqud demişkən, “bu gəlimli gedimli, son ucu ölümlü dünya”da bu gün
məmur özbaşınalığına, haqsızlığına yer üzünün kiçikli-böyüklü, dostlu-düşmənli
hər bir məmləkətində rast gəlmək olar. Amma bizim Azərbaycanda ölməz Cəlil
Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindəki kəndxuda
Xudayar bəyin özbaşına idarə üsulundan gen-bol bəhrələnən bəzi müasir
məmurların əlində VƏZİFƏ gözgörəsi insan ömrünü gödəldən, qamçılayan və
qayçılayan vasitələrə çevrilir.
Son bir neçə ildə ölkəmizdə, hətta dövlət başçısının çıxışlarında korrupsiya, rüşvət
sözlərinin az qala məmur termini ilə paralel çəkildiyinin dəfələrlə şahidi olmuşuq:
“Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən
böyük yaramızdır.", “Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq!
Heç kimdə şübhə olmasın!", “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal
araşdırılacaq”, "Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız
mübarizə aparılmalıdır", “Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan
meydanı maksimum dərəcədə daraltmalıyıq.“, “Azərbaycanda şəffaflıq, dürüstlük
hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır.” Prezident İlham Əliyevin bu
fikirləri eşidəndə istər-istəməz özünə sual verirsən: Məmurların pis əməllərinin
qarşısını almaq təkcə ölkə başçısına aid olan işidirmi?
Rüşvətdən imtina etmənin və ya rüsvətxorluğa qarşı mübarizə aparmağın yumşaq
şəkildə desək, asan məsələ olmadığını çoxumuz hələ ötən əsrdən bilirik. Amma
indi başqa zamandır. Axı qlobal problemlərlə baş-başa qaldığımız bu əsrdə anamız
Azərbaycanın bağrının başında iki böyük yaradan biri Qarabağ itkisidir, digəri
rüşvətdən də yüz dəfə qorxunc, dövlətçiliyimiz üçün təhlükəli olan korrupsiya
“xəstəliyi!.. Birinci ən yaralı yerimiz əsirlkdə, faşist xislətli yağıların əlindədir.
Digər yaralı yerimiz isə dövlət başçısının dəfələrlə xalqın xidmətçisi olmağı tələb
etdiyi “doğma” məmurların “sərəncamındadır.” Etiraf edək ki, Qarabağın
azadlığı sülh yolu ilə, birbaşa və dolayısı ilə təkcə Azərbaycandan asılı olmasa da,
korrupsiya və rüşvətin ləğvi birbaşa yalnız bizim özümüzədən asılıdır. Hələki
hər iki yaramız sağalmaq bilmir ki, bilmir...
Fəqət birmənalı şəkildə qeyd etmək olar ki, rüşvət və korrupsiya Azərbaycana
Qarabağın işğalı qədər, hətta ondan böyük maddi və mənəvi zərərlər vurub. Çünki
Vətənə xəyanətin başqa adı varsa, o da vəzifə səlahiyyətlərindən sui-istifadə
edən məmurların rüşvət və korrupsiya ilə məşğul olmalarıdır.Hər bir Azərbaycan vətəndaşı Qarabağın işğaldan azad azad olunacağı gün
kimi, rüşvətin və korrupsiyanın ləğv olunacağı günü İNTİZARLA gözləyir. Amma
və lakin...
Bu gün dövlət tərəfindən görülən geniş miqyaslı tədbirlərə baxmayaraq, ölkədə
rüşvətxorluq və korrupsiya hallarının mövcudluğu cəmiyyətdə, ictimai rəydə açıq
hiss olunur. Hesablama Palatasının, Auditorlar Palatasının, Maliyyə Nazirliyinin
yoxlama apardıqları bütün büdcə təşkilatlarında külli miqdarda dövlət vəsaitinin
təyinat üzrə xərclənməməsi və yaxud mənimsənilməsi faktlarının aşkarlanması adi
hala çevrilib. Bu cür mənfi halları ölkənin nəzarət orqanları aşkar edib müvafiq
tədbir görsələr də, görülmüş tədbirlərdən müsbət nəticə çıxaran məmurların sayı
demək olar ki, çox azdır. Çox məmurlar hələ də yalnış yolda olduqlarının fərqində
deyil, nəfsləri, tamahları gözlərini elə kor edib ki, qarşıdakı uçurumu görmürlər.
Biz bu yazıda “MTN işi”, “Rabitə işi” “Beynəlxalq bank işi” və bu il DTX tərəfindən
aparılan əməliyyatlar zaman bir-birinin ardınca həbs olunun icra başçılarının,
Mədəniyyət Nazirliyində yüksək post tutmuş məmurların, eləcə də Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli
şəxsləri tərəfindən yol verilən qanunsuz əməlləri sadalamaq fikrindən uzağıq.
Lakin qeyd etməliyik ki, sadə xalqın taleyinə məmur laqeydliyi, rüşvətxorluq və
korrupsiya halları təkcə ölkədə həlli vacib sosial problemlərin həllinə mane
olmur. Həm də öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutub xalqın
sərvətini, mal-mülkünü utanıb-çəkinmədən mənimsəyən korrupsioner, rüşvətxor,
bir sözlə, məlun məmurlar sadə insanların, ziyalıların vətənpərvərlik duyğularını
sarsıdırlar, dövlətin mənafeyinə və imicinə zərbə vururlar. O yerdə ki, rüşvət var,
orda haqdan, ədalətdən qanunun aliliyindən söhbət gedə bilməz. “Rüşvətxor
bazarda piştaxta arxasında əyləşib pul qazanmır, o dövlətin maraqlarını satır.” Bu
fikri Heydər Əliyev öz hakimiyyəti dönəmində məhz rüşvətxor məmurları nəzərdə
tutaraq demişdi.
Belələri ayrı-ayrılıqda öz mənfəətini güdür, heç kim cəmiyyətin xeyrinə çalışmır,
ona etibar olunan vəzifədən özünəxidmət vasitəsi kimi bəhrələnirlər. Onu da
qeyd edək ki, rüşvət və korrupsiya, dövlət büdcəsini talamaq sırf məmur əxlaqının
qıtlığı ilə bağlı olan cinayət əməlidir. Pandemiyanın müharibə kimi qəbul olunduğu
bir zamanda korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində
həbs olunanlar məmurlar ilk növbədə əxlaq qıtlığının qurbanı oldular. Həm də bir
daha şahid olduq ki, atalar boşuna deməyib ki, “Alma məzlumun ahın çıxar ahəstə
ahəstə!”
Əslində Qarabağ kimi Vətən torpağı düşmən işğalı altındana qaldığı bir zamanda
hər hansı bir məmurun dövlət büdcəsini mənimsəmə, korrupsiya və rüşvətxorluq əməllərini “Vətənə xəyanət” maddəsi ilə eyniləşdirmək lazımdır.
Harınlığın dərəcəsinə baxın ki, ölkə başçısının təşəbbüsü ilə məcburi köçkünlər
tikilən binalarda mənzil bölgüsündə belə ədalətsizliyə yol verilib, araşdırıb
görüblər ki, bir binada yaşayanların heç 20 faizi məcburi köçkün deyil...
Çox əfsus ki, bu gün dövlət məmurlarının əməllərini görüb susan ziyalılarımız da
da çoxdur. Xüsusilə, adının qarşısında xalq şairi, xalq yazıçısı, xalq rəssamı, xalq
artisti kimi fəxri adları daşıyan ziyalıların susması “qızıl” sayıla bilməz! Təsadüfi
deyil ki, ölkə başçısı vəzifəyə yeni təyin etdiyi icra başçılarına korrupsiya ilə
mübarizə sahəsində ictimai nəzarət amillərinin gücləndirilməsinin vacibliyini
tövsiyə edir. Görünən budur ki, ölkə başısının qarşısına qoyduğu məqsəd bu
bəlanın sonuna çatmaqdır və bu mübarizədə geriyə addımın olmadığı nümayiş
etdirilir. Çünki rüşvət də bu gün dünyanı cənginə almış koronavirusdan geri
qalmayan bir xəstəlik, epidemiya növüdür.
Təbii ki, insanların həqiqət axtarışları, “Aşıq gördüyünü cağırar” məşhur el məsəli
qəlblərində Allah xofu olmayani milli məmurlarımızda qıcıq doğurur. Amma
Prezident İlham Əliyevin: “Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də
işimi yüngülləşdirir” fikri həm də jurnalistlərin qarşısına ölkədə rüşvətxorluğa
qarşı mübarizədə mühüm vəzifələr qoyur.
Burada rus şairi Blokun “Şairə (lap elə jurnalistə də -N.M.) yazdığı hər şeyı
bağışlamaq olar, təkcə yaşadığı zamanın ruhunu təhrif etməkdən savayı” kəlamını
xatırlatmaq istərdim. 10 milyonluq Azərbaycan xalqını firavan yaşatmağa qadir
olan güclü, qüdrətli müstəqil dövlətimizi ruhunu zəiflədən rüşvətin,
korrupsiyanın körükləməsinə son qoymağın zamanı yetişib. Ədalətli, müdrik
dövlət xadimi Həzrət Əli əleyihissəlamın sözüdür: “Ən böyük düzgünlük və
mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.”
Ona görə də bu gün Azərbaycan cəmiyyəti korrupsiya və rüşvətxorluqla
mübarizə məsələsində çox həssas olmalı, vətəndaş aktivliyini artırmalı, ictimai
nəzarəti daha da gücləndirməlidir.
Nurəddin ƏDİLOĞLU.
02.09.2020