Məhşur “Nastoyaşee vremya” kanalında yayımlanan “Veçer” verilişində zəhərləndiyi bildirilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının vəziyyəti müzakirə olunub. Canlı yayıma qoşulan Bakının baş toksikoloqu, Avropa Toksikoloqlarının və Toksikologiya Mərkəzlərinin Assosiasiyasının üzvü İsmayıl Əfəndiyev Navalnının “Noviçok”dan zəhərlənməsi ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, İsmayıl Əfəndiyev siyasətçinin zəhərlənməsinə dair detallara aydınlıq gətirib.
“İlk öncə bilmək lazımdır ki, burada söhbət tək bir maddədən deyil, hərbi toksikoloji maddələr sinifinə daxil olan bir neçə maddələrdən gedir. Onlardan biri A234 maddəsidir. Skripal ailəsinin də bu maddə ilə zəhərləndiyi ehtimal olunur. Navalnının zəhərləndiyi maddə də bu sinfə aid ola bilər”,- deyə Əfəndiyev bildirib.
Mütəxəssis qeyd edib ki, hadisənin öncədən planlanmış ssenari üzrə baş verdiyi ehtimal olunur. “Biz ehtimal edə bilərik ki, Navalnını zəhərləyənlər hər şeyin təyyarədə böyük yüksəklikdə və məhdud məkanda baş verməsini istəyiblər. Noviçok maddələri kimisə qorxutmaq üçün hazırlanmayıb. Bunlar hərbi toksik maddələrdir. A234 maddəsinin ölümcül dozası 1-2 milliqramdır. Bunun nə demək olduğunu başa salmaq üçün deyə bilərik ki, bir yağış damcısı 30 milliqramdır. Bu maddələr ancaq hərbi məqsədlə istifadə olunur, məhz öldürmək üçün”.
Xatırladaq ki, Almaniya hökuməti A.Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlamasında rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyini bildirib. Belə ki, Navalnının orqanizmində zəhər izlərinin olması müxalifətçinin yerləşdirildiyi “Şarite” klinikasının həkimlərinin istəyi ilə Bundesverin (Almaniya Silahlı Qüvvələri) xüsusi laboratoriyası tərəfindən aparılan testlərlə təsdiqlənib.
Qeyd olunub ki, Aleksey Navalnı Rusiyada kimyəvi hücumun qurbanı olub.
İ. Əfəndiyevin çıxışını 15-ci dəqiqədən izləyə bilərsiniz:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.