AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XİN: “Ermənistanın işğal etdiyi ərazilərdə 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib”

  • + A
  • - A
  • 9-09-2020, 20:20


    Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 28 May 2020-ci il tarixində qəbul etdiyi 74/275 saylı qətnaməyə uyğun olaraq 9 sentyabr tarixi Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilib.

    Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi Açıqlama yayımlayıb.

    Açıqlamada deyilir:

    “Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir.

    Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib.

    Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlılar, o cümlədən məktəblilər, tələbələr və müəllimlər Ermənistandakı doğma torpaqlarından və Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındılar. On minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün düşmüş oğlan və qızlar, bu vəziyyətdən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirməyə davam edirlər.

    Təmas xətti boyunca yaşayan bir çox məktəblilər, rəsmi atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən heç bir fərq qoyulmadan atəşə məruz qalmaq təhlükəsi altında davamlı olaraq dərslərində iştirak edirlər. Belə ki, yalnız 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan gördü, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb də məhv edildi.

    9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini vurğulayırıq. Eyni zamanda, bu əlamətdar günün məqsədinin həyata keçirilməsi kontekstində, bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulmasının son dərəcə vacibliyini vurğulayırıq.

    Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsinin (822, 853, 874 və 884) tələblərini yerinə yetirməli, on minlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirməsinə imkan yaratmalıdır. Azərbaycan bu xüsusda beynəlxalq birliyin dəstəyinə və həmrəyliyinə güvənir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR