Azərbaycan həlledici SAVAŞ ASTANASINDA - GƏLİŞMƏ
Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən, faşizm ideyalarının təbliğatçısı və icraçısı olan Ermənistan növbəti dəfə özünün mahiyyətini çılpaqlığı ilə nümayiş etdirdi. Üçüncü onillikdir ərazilərimizin işğalına son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyən işğalçı sentyabrın 21-də Tovuz istiqamətində növbəti təxribat törətdi. Ermənistan BMT-nin 1981-ci ildə elan etdiyi 21 sentyabr Beynəlxalq Sülh Gününü tanımadığını da isbatladı!
“Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir”. “Yeni Müsavat” bununla əlaqədar Müdafiə Nazirliyinə istinadən məlumat verir. Nazirliyin rəsmi məlumatlında bildirilir ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.
Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən (20 sentyabr-red.) gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Elşən Tovuzun Qaziqulu kəndindəndir. Ailəli olub və 3 oğul övladı var.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
“Yeni Müsavat”ın Tovuza ezam olunmuş əməkdaşlarının məlumatına görə, şəhidimiz insan selinin müşayiəti ilə uğrunda canından keçdiyi doğma rayonunda torpağa tapşırılıb.
“Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” - MN-in məlumatında daha sonra bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi də Ermənistanın xain təxribatı ilə bağlı açıqlama yayıb: “Sentyabrın 21-də Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub. Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir”.
Azərbaycan XİN düşməni və havadarlarını növbəti dəfə xəbərdar edib: “Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır”. XİN-in açıqlamasında daha sonra deyilir: “Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!”
Tovuz cəbhəsində yaşanan gərgin situasiya ilə əlaqədar Azərbaycanın Baş Prokurorluğu da məlumat yayıb. Məlum olub ki, düşmən hücumunu dəf edərkən daha bir hərbçimiz yaralanıb. Açıqlamada bildirilib ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu xəsarət alıb. Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb. Məlumata görə, hadisə Tovuz rayonun Ağdam kəndi ərazisində yerləşən döyüş postunda baş verib. Nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin həlak olan çavuşumuzla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcəkdir”, - deyə, məlumatda qeyd olunub.
“Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur”. Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. O, sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. 21 sentyabrda da iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 21 sentyabr 2020-ci il Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb. “BMT Baş Katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfindəki müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir”-açıqlamada deyilir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, cəbhə xəttindəki intensiv təxribatlar təsadüfi deyil: “Havadarları iyul ayında Ermənistana Tovuzla bağlı tapşırıqlar vermişdilər. O tapşırıq yerinə yetirilməyib deyə, bunlar öz addımlarını davam etdirirlər. Məhz son günlərin statistikasına və gərginliyin istiqamətinə diqqət etsəniz, çox suallara cavab tapa bilərsiniz”.
İşğalçı ölkənin müharibə hazırlıqlarına başlaması ilə bağlı xəbərlər intensivləşib. Ərəb ölkələrindəki muzdlu erməniləri, həmçinin PKK terrorçularını Qarabağa daşıyan düşmən ölkə əsgər çatışmazlığı səbəbindən qadınları da ordudakı təlimlərə cəlb edir və bu prosesdə Paşinyanın arvadı ön sırada yer alıb. Heç şübhəsiz Azərbaycan Ordusu düşməni darmadağın etmək üçün tam hazır vəziyyətdədir. Ancaq düşmənin Azərbaycanla təkbətək döyüşmək cəsarətinə malik olmadığı bəllidir və bunu Prezident İlham Əliyev də bəyan edib. Bu mənada müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun rəhbər heyəti ilə sentyabrın 19-da keçirdiyi xidməti müşavirədə fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verməsi tam normal qarşılandı.
Həftənin ilk günü isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı. Məlumatda deyilir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir".
Bu qərar torpaqların işğaldan azad edilməsini həsrətlə gözləyən, savaşa atılmaq üçün əmr gözləyən vətəndaşlarımız tərəfindən sevinclə qarşılanıb və 21 sentyabrdan etibarən çağırış məntəqələrinin qarşısında insan seli müşahidə olunmaqdadır.
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev bildirib ki, artıq müharibə zəruridir: “Otuz ildir bizim gözləmək mövqeyi tutmağımız utancverici bir haldır. Əlbəttə ki, hər birimiz torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Döyüşərkən bizim əsas fəlsəfəmiz ölmək deyil, öldürmək olmalıdır”.
Milli Qəhrəman Vahid Quliyev isə Modern.az-a deyib ki, müharibəyə çağırış çoxdan olmalı idi: “Torpaqlarımızı yalnız ordumuzla, müharibə yolu ilə geri almaq mümkündür. Bu hadisədə Rusiya amilini də gözdən qaçırmaq olmaz. Bu günə kimi torpaqlarımızın işğal altında olmasının ən böyük səbəbkarı elə o dövlətdir. Əsas sual budur ki, müharibə vəziyyətində Rusiyanın hadisəyə münasibəti necə olacaq? Bu amilləri nəzərə aldıqdan sonra müharibə qərarı vermək mümkündür.
Təəssüf ki, Rusiya və İran, habelə bütün xristian dininə inanan dövlətlərin Ermənistan tərəfində olacağı bəllidir. Elə bunun ucbatından Ermənistan beynəlxalq aləmdə hələ də işğalçı kimi tanınmır, Tovuz hadisələrinə də reaksiya verilmədi. Müharibə yolunu seçməli olduğumuz aydındır, lakin içində olduğumuz vəziyyət nəzərə alınmalıdır. Bizim qarşımızda təkcə Ermənistan olduğu halda narahatçılığa ehtiyac yoxdur. Qardaş və dost ölkə Türkiyənin bizə dəstək olacağından heç bir şübhəmiz yoxdur. Belə olan halda biz torpaqlarımızı işğaldan azad edə bilərik".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ermənilər böyük savaşdan ehtiyat edirlər: “Başa düşürlər ki, onların potensialı və imkanları irimiqyaslı döyüşləri aparmağa imkan vermir. Ancaq Azərbaycan Tovuz təxribatlarına cavab olaraq məsələnin söndürülməsinə çalışmamalı, əksinə, təxribatların əvəzini qat-qat artıq çıxmaq üçün hərəkətə keçməlidir. Hesab edirəm ki, işğal olunmuş əraziləri azad etmək üçün əsl məqam yetişib. Hər halda, bunun üçün daha münasib şəraiti görmürəm. Çünki Rusiya müdaxilə etməyəcək, Türkiyə açıq şəkildə bizim yanımızdadır, ermənilərin də vəziyyəti xoşagələn deyil. Alınan silahlar istifadə olunmalıdır ki, birdəfəlik torpaqları azad edək. Təbii ki, bu, sadə məsələ deyil, itkisiz mümkün deyil. Amma bu, bizim millətin qarşısında duran ali vəzifədir. Artıq məqam yetişib. Bu mənada ölkədəki səfərbərlik vaxtında qəbul olunmuş bir qərardır”.
Bu ərəfədə fəaliyyətsiz ATƏT-in Minsk Qrupunun üzvlərindən biri növbəti dəfə tərəflərə çağırış edib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizə sadiqik”. “Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistana Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda qeyd olunub. “Tərəfləri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində faydalı danışıqları ən qısa müddətdə başlamağa çağırırıq”, - dövlət katibi vurğulayıb.
Danışıqların nə qədər “faydalı” olduğunu yəqin ki, ermənilər yaxşı bilər, çünki bu, onlara “status-kvo”nu saxlamaq, torpaqların hüquqi cəhətdən ilhaqına nail olmaq üçün lazımdır. Azərbaycan Prezidenti isə ötən həftə bəyan etdi ki, danışıqlar getmir!
Habelə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, mənasız danışıqlarda iştirak etmək niyyətində deyil.
Ermənistan növbəti təxribatları ilə bir daha bu qənaəti formalaşdırdı ki, danışıqlar masası arxasında oturmağın mənası qalmayıb...
Deməli, bundan sonra sözü Azərbaycan Ordusu deyəcək. Azərbaycan uğrunda Vətən Müharibəsinin başlaması an məsələsidir!
“Yeni Müsavat”