Ordumuzun "Dağlarda yas" əməliyyatı...
Ölkəmdə müharibə gedir. Ordumuz Qarabağda işğal altında olan ərazilərimizin azad olunması uğrunda rəşadətlə döyüşür.
Böyük uğurlarımız var. Qısa müddətdə 3 rayon mərkəzimiz, 4 rayonumuzun xeyli sayda qəsəbə və kəndləri işğaldan azad olunub. Təxmini hesablamalara görə, bu, işğal altında olan ərazilərimizin 17 faizindən artığı deməkdir... Hərbi-strateji baxımdan isə bu, işğaldakı ərazilərin yarısının nəzarət altına alınmasıdır...
Azərbaycan əhalisi üçün bu müharibənin önəmini, vacibliyini ifadə etmək üçün söz acizdir. Sözün birbaşa mənasında, aciz və gücsüz...
Bir millətin 30 ildir gözlədiyi Qələbə xəbərləri bir-birinin ardınca axır. Hər gün işğaldan azad edilən bölgələrimizin adlarını eşidirik.
Yeni-yeni adlar...
Ali Baş Komandan sosial şəbəkə hesablarından və televiziya kanallarından bizə MÜBARƏK xəbərlər verir. Yox, bu millətin az qala yüz ildir təşnə olduğu Sevinci, Arzunu birbaşa ovcumuzun içinə qoyur; hər sözü, hər çıxışı ilə bu millətin illərdir əyilən qəddini düzəldir, Qürurunu qaytarır, Vüqarını hördükcə hörür...
Azərbaycanda baş verənlərin bir adı Müharibədirsə, o biri adı Möcüzədir. Həqiqətən, Möcüzə kimi olayların içərisindəyik – bizi Böyük Qələbəyə aparan şanlı prosesin iştirakçıları və şahidləriyik. Təxminən bir ay öncə heç kəsin ağlına gəlməzdi ki, Qarabağın azadlığı bizə bu qədər – bir udum hava, nəfəs qədər yaxın ola bilər. Ordumuzun rəşadətini gözümüzlə görüb qulaqlarımızla duya bilərik...
Həqiqətən, möcüzədir bu: Müzəffər Ordumuz bir vaxtlar bizə yuxu kimi, nağıl kimi inanılmaz, əlçatmaz görünən Laçına, Qubadlı və Kəlbəcərə doğru müvəffəqiyyətlə irəliləyir.
Qələbə xəbərlərini duymaq artıq bu ölkədə an məsələsidir. İndi bu sətirləri yaza-yaza Ali Baş Komandanımızın xalqa müraciətini – işğal altında olan rayonlarımızdan daha birinin azad edildiyi xəbərini gözləyirəm.
Üçrəngli bayrağımızın Laçında, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Xocalıda, Xankəndidə dalğalanması üçün səbirsizlənirik. Ordumuzun növbəti zəfərləri üçün dua edirik...
Amma... Qəlbimizin ən yaralı yerində bir ağrı, bir sızıltı var.
O ağrının, o sızıltının adı Şuşadır...
Şuşanın bu toplum üçün önəmi, eyni zamanda digər bölgələrimizdən fərqi nədir?..
Niyə bu ölkədə Ali Baş Komandandan tutmuş ən körpə uşağımızadək hamı, hər kəs deyir ki, Qələbəmizin tamamı üçün Şuşa işğaldan azad olunmalıdır?! Niyə yekdilliklə bu fikirdəyik ki, Şuşasız olmaz?!
Bizimçün nə deməkdir Şuşa?
Bakı Azərbaycan üçün, dövlətimiz üçün, varlığımız üçün hansı önəm kəsb edirsə, Şuşa da ruhumuz üçün odur!
Şuşa – Bütövlükdə Qarabağdır, Azərbaycanın Bütövləşməsidir!
Bunu ermənilər də gözəl anlayır. Onlar bilirlər ki, Şuşa azərbaycanlılar üçün sadəcə coğrafi məkan, yer, ərazi deyil. Ürəkdir Şuşa, Könüldür, Ruhdur, İlahi Eşqdir...
1992-ci ildə də bilirdilər ki, Şuşanı almasalar, Qarabağı Azərbaycandan qopara bilməzlər.
Azərbaycan Ürəyindən vurulmalıydı ki, ağır yaralansın, uduzsun, uduzdurulsun...
Ona görə Şuşanın işğalına xüsusi hazırlaşmışdılar.
Bunu dilə gətirmək çox ağrılıdır, həddən ziyadə dözülməzdir. İnsanı param-parça edir, dəlib deşir. Amma onlar Şuşa əməliyyatına “Dağlarda toy” adı vermişdilər. Azərbaycanın şərəfinə, namusuna-irzinə toxunmağın “şərti adı” idi bu...
1992-ci il mayın 7-də də İranın paytaxtında Ermənistan və Azərbaycan rəhbərləri arasında sülhlə bağlı razılaşma imzalanandan cəmi 1 gün sonra erməni silahlı birləşmələri Şuşaya hücum etdilər. “Dağlarda toy” etmək üçün. Şərəfimizə-ləyaqətimizə toy tutmaq üçün...
Şuşanın işğalının təfərrüatını yazmaq çox çətindir. Günahkar axtarmaq – özü də Şuşaya qovuşmağımıza sayılı günlərin qaldığı bu ərəfədə - bəlkə də heç lazım deyil.
Ancaq 28 ildir bizi yatıb-oturmağa qoymayan sualları dilə gətirməliyik:
Təbii coğrafi relyefinə görə alınmaz qala olan Şuşanı düşmən necə və niyə bu qədər asanlıqla və rahatlıqla ala bilərdi?
Hardaydı o vaxtkı Azərbaycanın hərbi və siyasi rəhbərliyi, ordu, könüllülər?..
“Bütün Azərbaycanı ala bilərlər, amma Şuşaya girə bilməzlər” deyən fədailər... hardaydılar?
Tanrı hardaydı?..
Qəhrəman əsgərlərimiz sonadək döyüşdülər, əlbəttə. Ölüm-dirim savaşı oldu. Sonadək döyüşdük. Xocalını işğal edən “erməni qəhrəmanlarını” Şuşa qalasına Ermənistan bayrağını sancmaq üçün gətirən 422 saylı tankı vurdu əsgərlərimiz. Düşmən bayrağını gətirən döyüşçüləri gəbərtdilər.
Şuşanı müdafiə edəcək qədər hərbi gücümüz yox idi Şuşada. Hansısa səbəbdən – o səbəblər hələ də bəlli deyil - Şuşanın mühasirəsindən az öncə Azərbaycanın hərbi komandanlığı buradakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər qismini isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin bir hissəsi özbaşına döyüş mövqelərini tərk etmişdilər. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar.
Ermənilərin mühasirəsini yarmaq, ya da hücumların qarşısını almaq üçün hərbi texnikamız çatışmırdı.
Şuşa uğrunda qəhrəmanlıqla döyüşən Azərbaycan əsgərləri kömək gözləyirdilər. Köməksə gəlmədi...
On bir min erməni əsgərinə qarşı rəşadətlə döyüşən igidlərimiz Şuşanı xilas edə bilmədi...
Şuşa işğal edildi...
May ayının 8-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət, may ayının 9-da şəhərin boş olduğuna əmin olandan sonra Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar...
O dəhşətli gündən – 8 mayın üzərindən illər keçib...
Şuşanı itirəndən sonra itkilərdən danışmaq – özü də indi danışmaq bəlkə də mənasız görünür. Amma reallıq budur ki, 10 saatdan artıq davam edən qeyri-bərabər döyüşlərdə 1860 nəfər azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu, 24 min nəfər – mülki əhali öz evindən yurd-yuvasından didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günədək məlumat yoxdur...
Azərbaycanlılar məhz Şuşanın işğalıyla böyük mənəvi, psixoloji sarsıntı yaşadılar...
O sarsıntı – kontuziya ilə müqayisə oluna biləcək dəhşətli sarsıntı hələ də ruhumuzda, canımızdadır...
O sarsıntının Şuşanın azad olunmasıyla keçəcəyini, yaralarımızın sağalacağını, ağrılarımızın tarixə keçəcəyini hər kəs bilir...
Ona görə belə çox istəyirik Şuşanın Azadlığını...
Sağalmaq üçün...
İşğalı beynimizdən, canımızdan, ruhumuzdan çıxarıb, tarixin qaranlıq səhifəsinə atmaq üçün...
Bir də bütövləşmək üçün, tamlıq üçün, mənəviyyat üçün, rahat yaşamaq, qürurlu yaşamaq, ləyaqətlə ölmək üçün...