Xudayar Yusifzadənin büstünü yaradan heykəltəraş: “Səsi ilə qəhrəmanlığını birləşdirmək istədim” - MÜSAHİBƏ
“Keçdi xəyalımdan, öz gözəl yurdum,
Dumanlar başında, dastana döndü,
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar, vətən yaxşıdır,
Vahid sorma, vətən nədən yaxşıdır...”
Bu misralar artıq sadəcə “Vətən yaxşıdır” mahnısının misraları deyil. Bu sözlər Azərbaycanın tarixi qələbəsini qanı ilə yazan 2783 şəhidin avazıdır... Xüsusilə də şəhid Xudayar Yusifzadənin.
Öz hünəri ilə tarix yazması bir yana, öz səsi, şirin ifası ilə milyonlarla insanın ürəyinə yol tapan Xudayar Yusifzadənin hazırlanan büstü hər kəsi növbəti dəfə təsriləndirib.
22 yaşlı Vətən müharibəsi şəhidinin büstünü hazırlayan isə 26 yaşlı gənc və istedadlı heykəltəraş Jalə Əliyevadır.
Oxu.Az heykəltəraş Jalə Əliyeva ilə müsahibəni təqdim edir:
- Jalə xanım, hazırladığınız büst sosial şəbəkələrdə sürətlə paylaşılır.
- Bəli, bu qədər diqqət çəkəcəyini düşünməmişdim. Ürəyimdən gəldi deyə hazırladım.
- Bütün şəhidlərimiz əzizdir, hər birinin ruhu şad olsun. Necə oldu ki, Xudayar Yusifzadənin büstünü hazırlamaq qərarına gəldiniz?
- Əslində şəhidlərimizin hər birinin büstü hazırlanmalıdır. Bu bizim onlar qarşısında borcumuzdur. Mən özüm yeni-yeni büst hazırlamağa başlamışam. Bu, ilk əl işim deyil, sözün düzü. Xudayar Yusifzadənin ön cəbhədə ifa etdiyi “Vətən yaxşıdır” mahnısını eşitdim. Onun səsi bütün qəlbləri fəth etdi. Hərbçi olmazdan öncə xanəndə kimi də tanınırdı. Bildiyim qədər musiqi təhsili olub, xanəndəlik sinfini bitirib.
Həm istedadlı olması, həm də cəsurluğu, igidliyi, şəhidlik zirvəsinə ucalması çox təsirlidir. Onun bu istedadlarını bir kompozisiyada birləşdirmək istədim. Düşündüm ki, musiqi ilə hərbi sahəni birləşdirim. Nəticədə belə bir büst ərsəyə gəldi.
- Büstün hazırlanmasına nə qədər vaxt getdi?
- Xudayarın büstünü təxminən, 3-4 saat ərzində hazırladım.
- Bayaq dediniz ki, bu, ilk əl işiniz deyil. Bəs ilk hazırladığınız büst kimin olub?
- İlk hazırladığım büst şəhid Cəbrayıl Dövlətzadənin olub. O mənim xatirəmdə general-mayor Polad Həşimovun qisasını alan igid əsgərlərimizdən biridir. Onun qəhrəmanlığı məni çox cəlb etmişdi. Büst çox kiçik ölçüdədir. Onun hazırlanmasına isə təxminən 3-4 gün vaxt sərf etdim. Bu büstləri bir seriya kimi hazırlayıram.
- 26 yaşınız olmasına baxmayaraq, kifayət qədər gözəl əl işləriniz var. Bu sahənin təhsilini alırsız?
- Bəli, Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsiyəm. Öz üzərimdə çalışıram. Daha yaxşı işlərə imza atacağıma inanıram.
- Gözlənilən növbəti büst kimə məxsus olacaq?
- Növbəti büst deyil, deyərdim ki, büstlər olacaq. Çalışacam, bu istiqamətdə layihələrimi davam etdirim. Məndən olsa istərdim ki, bütün şəhidlərimizin büstünü hazırlayım. Lakin bu vaxt və digər bir çox səbəblərdən mümkün olmaz.
Sözün düzü hələ qərar verməmişəm kimin büstünü hazırlayacam. Amma yəqin ki, növbəti dəfə də əl işim hazır olanda bununla bağlı paylaşım edəcəyəm.
- Bu büstlərlə bağlı hər hansı sərgi planınız varmı?
- Xeyr, demək olar ki, bu işləri planlı şəkildə etməmişəm. Sadəcə ürəyimdən gəldiyi üçün işləmişəm, hazırlamışam. Amma gələcəkdə nə olar, necə olar onu birlikdə görərik. Hələ ki, ürəyimdən gəldiyi kimi işləyirəm.
Xatırladaq ki, Vətən müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edərək, oktyabrın 22-də Ağbənd qəsəbəsində şəhid olub.
19 illik ömrünə bir dastana sığmayacaq qədər böyük qəhrəmanlıq sığdıran Cəbrayıl Dövlətzadə isə Qarabağ savaşında erməni generalı və polkovnikini öldürərək Vətən müharibəsi tarixinə general Polad Həşimovun qisasını alan qəhrəman kimi düşüb.