“Vətən Müharibəsindən sonra doğma yurdlarına qayıtmaq üçün komitəyə müraciətlərin sayı artıb”.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, məcburi köçkünlər müraciətlərində daimi məskunlaşmaqla yanaşı, Qarabağın yenidən canlandırılması, orada bərpa və quruculuq işlərində fəal iştirak etmək niyyətində olduqlarını bildirirlər.
“Müxtəlif beynəlxalq xarici təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib.
Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti - 90 faizdən artığı doğma torpaqlarına qayıtmaq niyyətindədir.
Dövlət başçısının qərarı ilə məcburi köçkün və qaçqınlar arasında hərtərəfli, genişmiqyaslı sorğu keçiriləcək. Bununla bağlı tapşırıqlar verilib. Dövlət Komitəsi olaraq həmin sorğunun anketinə daxil olacaq suallar üzərində işləyəcəyik. Müxtəlif təkliflər hazırlanır.
Bu, böyük sosioloji tədqiqatın predmetidir. Burada əsas məqsəd məcburi köçkünlərin niyyətini öyrənmək, digər tərəfdən isə hər bir rayon, kənd, qəsəbə üzrə sosial-iqtisadi profili yaratmaqdır. Dövlət Komitəsində məcburi köçkünlərə dair vahid elektron baza mövcuddur”, - deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.